8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Düşmən ölkədə "məxməri inqilab” cavablardan çox suallar yaradıb; qərbyönlü erməni KİV-i: "Hökumətin təzə proqramı süfrə arxası deyilən tostlar əsasında tərtib olunub və sənədin reallığa heç bir dəxli yoxdur...”
Ötən həftə Ermənistanın bir sıra bölgələrində sosial etirazlar baş verdi. Bu da əsasən müəssisələrin qapadılması nəticəsində yaranan işsizliklə bağlı idi. Müşahidələr göstərir ki, bu problem getdikcə böyüyəcək. Çünki yeni baş nazir Nikol Paşinyanın populist vədlərinə rəğmən, ölkədə 9 ayda gözə dəyəsi iş yerləri açılmayıb. Əksinə, struktur dəyişikliyi adı ilə aparılan ixtisarlar nəticəsində işsizlər ordusunun sırası genişlənib. Demək, yoxsulların sayı da çoxalıb.
Xatırladaq ki, ötən həftə parlamentdə hökumətin yeni proqramının təqdimatı zamanı etdiyi çıxışında N.Paşinyan iqtisadi sıçrayış üçün ölkədə "iqtisadi inqilab”ı başladığını bəyan edib. Sitat: "Ümid edirəm ki, siyasi inqilabda qalib gələn xalq iqtisadi inqilabda da qalib olacaq”. Paşinyan həmçinin əsas hədəflərdən biri kimi ölkədə yoxsulluğu minimuma endirmək olduğunu söyləyib.
Ancaq bir xalqın ayağa durub hakimiyyəti dəyişməsi başqa şeydir, inqilabdan sonra qısa zamanda iqtisadi sıçrayışa, rifaha nail olub yoxsulluğu aradan qaldırmaq - ayrı şey. Ona görə ki, iqtisadiyyata ləng inkişaf tempi xasdır. O da bütün zəruri iqtisadi şərtlər təmin edilırsə. Ermənistan kimi blokada vəziyyətində olan, əsas qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri 30 ildir bağlı qalan, dünya okeanına çıxışdan və sanballı təbii resurslardan məhrum, nəhayət, Rusiyanın vassalı olmağa davam etməyə qərar vermiş bir ölkədə iqtisadi inkişaf real deyil. Söhbət ən yaxşı halda indiki staqnasiyanı (durğunluğu) saxlamaqdan gedə bilər.
*****
Əksər iqtisadçı ekspertlər və siyasi şərhçilər bu səbəbdən stəkanda "fırtına” yaratmağı xoşlayan Nikolun "iqtisadi inqilab”la bağlı nikbinliyini qətiyyən bölüşmürlər. Onların qənaətincə, problemlərin problemi olan Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş olmayınca, işğalçı ölkə kommunikasiya və sərhəd blokadasından çıxmayınca, qonşu Türkiyə və Azərbaycanla əlaqələr düzəlməyincə, Ermənistanda nə sosial-iqtisadi güzəranı yaxşılaşdırmaq, nə də yeni iş yerləri açmaq və nəticə etibarilə ölkədən kütləvi köçü azaltmaq mümkün olacaq.
Hər necə olmasa, Paşinyan əvvəlki hakimiyyətlərin acı təcrübəsini, həmin hakimiyyətlərin əsas hansı səbəbdən devrildiyini özü üçün yəqin eləsə, pis olmaz. Çünki bu, həm də onun və komandasının siyasi gələcəyi üçün vacibdir. Səbəb isə əlbəttə ki, erməni tərəfinin radikal mövqeyi üzündən həlli uzanan Qarabağ ixtilafıdır.
Nikol Paşinyan isə hələ ki daha çox populist təəssüratı bağışlayır, nəinki islahatçı. Amma vaxt gedir. "Qum saatı” işə düşüb. İki ay yarımdan sonra inqilabın 1 ili tamam olacaq və artıq onda vədlərdən yox, görülən işlərdən danışmaq, hesabat vermək lazım gələcək. İnqilab rəhbərlərindən gözləntilər isə həmişə böyük olub. Fiasko olan vədlər Paşinyanı da "dar ağacı”na apara bilər...
Son günlər bir çox yerli aparıcı KİV-lər və erməni analitiklər Ermənistanda davam edən iqtisadi staqnasiya fonunda az sonra yeni hökumətin də əvvəlkilər tək xalqa verilən vədləri unudaraq, yerlibazlığa və qohumbazlığa, korruspiyaya yuvarlanacağını istisna etmirlər.
Yazıçı-jurnalist, "Vesti FM” radiosunun aparıcısı Armen Qasparyan da o sıradadır. Qasparyan tam haqlıdır deyəndə ki, Ermənistanın inkişafı üçün öncə blokada götürülməlidir. "İş ondadır ki, coğrafi baxımdan ölkənin yerini dəyişmək mümkün deyil. Hara hərləsən, yenə Ermənistanın diplomatik münasibətləri olmadığı Türkiyə və müharibə vəziyyətində olduğumuz Azərbaycanla həmsərhəd olacağıq. Hər iki sərhəd bağlı, faydalı qazıntılarımız yox. Ancaq Ermənistanın problemlərini yalnız öncəki prezidentlərin və hökumətlərin ayağına yazmaq lazım deyil. Qohumbazlıq ölkədə həmişə olub. Və mən bunun kardinal şəkildə dəyişəcəyinə əmin deyiləm”, - deyə o narahatlıqla bildirib.
Maraqlıdır ki, yeni hökumətlə bağlı bədbin mövqedə olanlar arasında inqilabı dəstəkləyən şəxslər, siyasi şərhçilər də az deyil. Məsələn, qərbyönlü sayılan armenianreport.com-dakı baş məqalə bu mövzuya həsr olunub və düşmən ölkədə post-inqilab ovqatını anlamağa imkan verir.
"Kim zəmanət verə bilər ki, yeni hakimiyyət də öz vətəndaşlarını unudaraq, korrupsiya şirinliyinə uymayacaq?” Bu barədə adı çəkilən erməni portalında getmiş təhlili yazıda deyilir.
"Manevr üçün, seçim üçün, sənə göstərilən səhvləri düzəltmək üçün həmişə imkan var. Həmçinin hamıdan divar vasitəsilə təcrid olunub yekunda tamamilə səmimi şəkildə ”mən niyə tək qaldım" demək imkanı da var. Əvvəlki hakimiyyət məhz bu yolu seçmişdi. Sərkisyan hakimiyyəti xalqdan və gerçəklikdən çox uzaq idi. Bizim dərin təəssüfümüzə görə, yeni hakimiyyət eyni yolu gedir. Qorx ki, bu halda o da eyni sonluğa - şərəfsizliyə tuş gəlsin", - deyə müəllif qeyd edib.
Məqalədə daha sonra bildirilir: "Həqiqətən də hökumətin proqramı ”Mənim addımım" seçki blokunun devizləri əsasında, xoş məram və süfrə arxası deyilən tostlar əsasında tərtib olunub. Proqramın reallığa heç bir dəxli yoxdur. Bir sürü səbəbdən. Baş səbəb odur ki, orada əksini tapan hədəfləri həyata necə keçirməyin izahı yoxdur. Nəyin, hansı ehtiyatların hesabına bu baş verəcək? Bu ki Serj Sərkisyanı devirmək deyil. Əfsus ki, hökumət hesab elədi ki, iqtisadi planı o heç kimlə müzakirə etməli deyil. Bununla da müttəfiqlərin hakimiyyətə etimadına zərbə vuruldu. Bu, özünü tənqiddən və şübhələrdən kənarda sayanlar üçün səhvə görə çox böyük qiymətdir".
Tənqidi məqalə yeni hökumətə xəbərdarlıqla bitir: "Bəli, onlar (Paşinyan və komandası - ”YM") ədalətli və hələ ki korrupsiyaya bulaşmayanlardır. Bu, sübhəsiz, əvvəlki hakimiyyətlə müqayisədə onların üstünlüyüdür. Ancaq hələ ki. Çünki heç kim dünyaya korrupsioner kimi gəlmir. İnsanı şərait korrupsioner edir. Və həmişə də ilk addım şirnikləndirici və təhlükəlidir".
Bu şərhlərdən göründüyü kimi, Nikol Paşinyan üçün artıq daşları yığmaq, vədləri tutmaq zamanı çatıb. Əks halda nələrin baş verəcəyi elə də qaranlıq deyil..