8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sırağa gün başlayıb ötən gün qalmaqalla bitən Şərq tərəfdaşlığı yubiley sammiti nəticəsiz tamamlandı. 6 post-sovet ölkəsinin – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belorusun Avropa İttifaqı ilə inteqrasiyasını hədəfləyən sammitə rəsmi Bakının etirazları öz damğasını vurdu. Məlumata görə, sammitin yekun bəyannaməsinə tərəfdaş dövlətlərin torpaq bütünlüyü prinsipinin salınmaması Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olub və daha sonra digər respubliklar da öz iradlarını bildirərək, sənədi imzalamaqdan imtina ediblər. Səbəb nə qədər əsaslı olsa da, sammitin bu cür tamamlanması Azərbaycanın məşhur kinosu "O olmasın, bu olsun” filmindəki bəy hamamı səhnəsini xatırladır. Məşədi İbadın hamam pulunu vermək istəməyən adamları suyun ürəkaçan olmadığını bəhanə gətirdib dava-qalmaqal saldıqları kimi, keçmiş sovet respublikalarının liderləri də ən müxtəlif bəhanələrlə sammitin yekun bəyannaməsini imzalamaqdan imtina ediblər. Nəticədə sənədi Aİ-nın xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini təkbaşına imzalamaq məcburiyyətində qalıb.
Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Aİ ilə Starteji tərəfdaşlıq sazişi bağlaması da gözlənilirdi. Sammitdən verilən məlumuta görə, bu sənədə də imza atılmayıb və ölkə başçısı dünən Bakıya qayıdıb. İttifaqın "Şərq tərəfdaşlığı” təşəbbüsünün yubiley toplantısında yekun bəyannamənin imzalanmaması və bunun torpaq bütünlüyü prinsipinin sənəddə əksini tapmaması ilə əsaslandırılması Azərbaycan ictimaiyyətində bəzi yanlış qənaətlərin ortaya çıxmasına da yol açır. İctimaiyyətin əksər kəsimi dünən sammitdə imzalanmayan sənədin Azərbaycanla Aİ arasında bağlanması nəzərdə tutulan Strateji tərəfdaşlıq sazişi olduğunu güman edirlər. Toplantı barədə məlumatları analiz edəndə isə rədd edilən sənədin hansısa tərəfdaş dövlətlə fərdi qaydada imzalanması nəzərdə tutulan saziş yox, bütün subyektlərin birgə hazırlayacağı bəyannamə olduğu aydınlaşır.
İctimaiyyətimizdə bu yanlış qənaətlərin formalaşması, təbii ki, səbəbsiz deyildi. Xatırlayırsınızsa, sammitdə Azərbaycanla imzalanması gözlənilən Strateji tərəfdaşlıq sazişinin tam mətni yayınlanmadığından bir sıra siyasi xadimlər bu gizliliyin səbəbini anlamaqda çətinlik çəkir və sənəddə Azərbaycanın milli maraqlarına zidd müddəaların yer alacağından ehtiyatlanırdılar. Cəmiyyətimizi ən çox çəkindirən amil isə təfsilatı açıqlanmayan müqavilə mətnində torpaq bütünlüyümüzlə və suverenlik haqlarımızla bağlı müddəaların yer almaması ehtimalı idi. Sammit bəyannaməsinə eyni məntiqlə qarşı çıxılması, "üsyan bayrağı”nın məhz bizim tərəfimizdən qaldırılması və ölkə başçısının heç bir sənədə qol çəkmədən geri qayıtması kimi amillər də bu yanlış qənaətləri bəsləyirdi.
Əslində isə sammitdə Starteji tərəfdaşlıq sazişinin imzalanmayacağı ehtimalı əvvəlcədən də istisna edilməməli idi. Ən azı o səbəbdən ki, Azərbaycan hakimiyyətinin həmin toplantıya yarımçıq islahatlarla getməsi bu ehtimalı gücləndirir və imzalanacağı gözlənilən sazişin möhtəvasının niyə açıqlanmadığı müəmmasına aydınlıq gətirirdi.
Bununla belə, onu da istisna etmək olmaz ki, Strateji tərəfdaşlıq sazişi önümüzdəki bir il ərzində imzalana bilər. Çünki, tərəflər arasındakı münasibətləri tənzimləyən və Azərbaycan qarşısında müəyyən öhdəliklər qoymağı planlaşdıran həmin sənədin ehtiva etdiyi prinsiplər ötən il ölkə rəsmilərimizlə ittifaq yetkililəri arasında imzalanan bir başqa protokolda öz əksini tapıb.
"Tərəfdaşlıq prioritetləri” adlanan həmin protokol 2018-2020-ci illəri əhatə edir və ictimaiyyətimizin böyük ümidlə baxdığı Strateji tərəfdaşlıq sazişini məhz bu müddət ərzində ratifikasiya ediləcəyini göstərir. Əks təqdirdə, 2020-ci ildən sonra ölkəmiz Avropa İttifaqı ilə daha effektli əməkdaşlıq imkanlarını itirə, bu da öz növbəsində iqtisadi inkişafımız üçün hava-su kimi vacib olan xarici investisiyaların cəlbini çətinləşdirə bilər. Zira ciddi xarici sərmayələr öz təhlükəsizlikləri üçün hüquqi baza tələb edir, bu da Aİ ilə bağlanacaq etibarlı müqavilələrdən keçir.
Önümüzdəki bir il ərzində imzalanması nəzərdə tutulan Strateji tərəfdaşlıq sazişinə bəslənən ümidlərə və qorxulara gəlincə, zənnimizcə, bunların heç birinin real əsasları yoxdur.
Belə ki, ictimaiyyətimizi ən çox narahat edən məsələ, önümüzdəki bir il ərzində imzalanacağı ehtimal olunan həmin sənəddə yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın torpaq bütünlüyü, suverenliyi və sərhəd toxunulmazlığı prinsipinin yer almayacağı şübhələridir. Həqiqətən də ötən ilə qədər Avropa İttifaqı ilə bağlanan bir sıra sənədlərdə bu xüsusların yer almaması sözügedən şübhələrin yaranmasının əsas səbəbidir. Məlumatlara görə, "Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçmiş sovet ölkələri ilə bağlanan müştərək müqavilələrdə ümumi şəkildə tərəflərin torpaq bütünlüyü və suverenliyi məsələsi aydın şəkildə qeyd olunsa da, Azərbaycanın təkbaşına imza atdığı münfərid sənədlərdə nədənsə bu xüsus unudulurdu. Ermənistan, Gürcüstan, Ukrayna və Moldova ilə imzalanan müqavilələrdə isə suverenlik və torpaq bütövlüyü prinsipləri xüsusilə vurğulanırdı.
Amma rəsmi məlumatlardan o da aydınlaşır ki, Azərbaycana qarşı bu ayrıseçkilik ötən ilə qədər belə idi. 2018-ci ilin iyulun 11-də Brüsseldə paraflanan "Tərəfdaşlıq prioritetləri” adlı sənəddə isə bu çatışmazlıq aradan qaldırılıb və sənədin I bəndində "tərəflərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqlik” prinsipləri açıq şəkildə ifadə olunub. Hətta Azərbaycanın bir dövlət kimi ən təbii haqqı sayılan suverenlik hüquqlarının tərəfdaşlıq prioriteti kimi tanınması rəsmi Bakı tərəfindən böyük diplomatik uğur kimi (?!) qiymətləndirilib. Əslində isə Avropa İttifaqı gələcəkdə rəsmi Bakıya Qərblə inteqrasiyadan yayınmaq bəhanəsi verməmək üçün digər tərəfdaşlara çox görmədiyi haqqımızı tanımışdı. Dünənki sammitin məhz eyni bəhanə ilə iflic vəziyyətə salınması Aİ-nin bu əndişələrinin əsassız olmadığından xəbər verir.
Hansı səbəbdən olursa olsun, ötən il bağladığımız "Tərəfdaşlıq prioritetləri” adlı protokola rəsmi Bakının həssaslıqla yanaşdığı prinsiplərin salınması göstərir ki, bugünkü əndişələrimiz heç də real deyil. Zira imzalanması nəzərdə tutulan Strateji tərəfdaşlıq sazişinin məhz həmin sənədə əsaslanacağı qətiyyən şübhə doğurmur. Bunu Prezident İlham Əliyevin sammitin birinci günü Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü zamanı liderlərin səsləndirdiyi fikirlər də təsdiqləyir. Rəsmi xəbərlərə əsasən, görüşdə "Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin "Tərəfdaşlıq sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb: "Söhbət zamanı Azərbaycanın istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxın əməkdaşlığı xüsusi qeyd olunub” (https://ona.az/az/siyaset/prezident-ilham-eliyev-brusselde-avropa-ittifaqi-surasinin-prezidenti-donald-tusk-ile-gorusub-11097 ).
O ki qaldı Azərbaycan siyasilərinin imzalanacağı gözlənilən Strateji əməkdaşlıq sazişinə böyük ümidlər bağlamasına, zənnimizcə, bu gözləntilərin də ciddi əsası yoxdur. Belə ki, möhtəməl sazişin siyasi xarakterindən çox, iqtisadi və geopolitik əhəmiyyəti ilə seçiləcəyi indidən bəllidir. Ölkə rəhbəri İlham Əliyevin dünən Donald Tusk tərəfindən təşkil olunan şam yeməyində çıxışında səsləndirdiyi bəzi fikirlərdən də bu, aydın sezilirdi. Azərtac-ın məlumatında deyilir:
"Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.
Dövlətimizin başçısı, həmçinin bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər”.
Aİ ilə imzalanacağı gözlənilən Strateji tərəfdaşlıq sazişinin əsasını təşkil edən "Tərəfdaşlıq prioritetləri”nin tam mətni açıqlanmasa da, onun barəsində verilən rəsmi şərhlərdə sənədin rəsmi Bakı qarşısında daxili siyasi öhdəliklər qoymadığı gizlədilmirdi. Sənəd barədə ötən il yayımlanan rəsmi açıqlamada deyilirdi:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi oldu.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini parafladılar.
Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb...
Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir.
Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, "Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.
Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb”.
Göründüyü kimi, barəsində xəsisliklə məlumat yayılan "Tərəfdaşlıq prioritetləri”ndə ölkə daxilində aparılacaq hər hansı demokratikləşmə islahatları nəzərdə tutulmur. Avropa İttifaqı sadəcə Azərbaycanı iqtisadi və kommunikasiya telləri ilə özünə bağlayaraq Rusiyanın təsir dairəsindən çıxarmağa və daha sonra institutativ islahatlara getmək məcburiyyətində qoymağa çalışır.
Bəs, Rusiyanın bu addıma münasibəti necə ola bilər?
Azərbaycanın assosiativ saziş imzalanmamasını əsas gətirən rəsmilərimiz Rusiya ilə bizim mövqeyimizin çarpışmadığı qənaətindədirlər. Amma bu qənaətin nə qədər əsaslı olduğu mübahisəyə açıqdır. Nədən ki, bağlanması nəzərdə tutulan Starteji tərəfdaşlıq sazişi faktiki olaraq ölkəmizin iqtisadi və geosiyasi baxımdan Qərbə inteqrasiyasını hədəfləməklə yanaşı, həm də Avropanın enerji təchizatını şaxələndirməyi nəzərdə tutur. Hər iki hədəf isə Rusiyanın Avropanı özündən asılı vəziyyətə salmağa çalışan enerji strategiyasına və imperial maraqlarına ziddir. Bu da Kremlin məsələlərə laqeyd qalmayacağı, Azərbaycanı müxtəlif təzyiqlərlə geri çəkilməyə məcbur edə biləcəyi ehtimalını gücləndirir.