Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Baş nazir onu iqtidar eləmiş xalqın qisasından qorxmağa başlayıb - Paşinyan ata evinin yanında post qoydurdu; Ermənistan rəhbərinin ilk məzuniyyəti korlandı...
Ermənistanın baş naziri Nikol Paşinyan ötənilki "məxməri inqilab”dan sonra ilk dəfə məzuniyyətə çıxıb. Ancaq belə görünür, bu məzuniyyəti onun burnundan gətirəcəklər. Çünki ölkədə daxili ictimai-siyasi və sosial vəziyyət olduqca gərgindir. İnqilab və rejim dəyişikliyi erməni əhalinin güzəranını əsla yaxşıya dəyişməyib. Narazı əhalinin hökumət əleyhinə etirazları get-gedə artır.
Özü də bu günə etirazlardan ən böyüyü Paşinyanın ata yurdunda - İcevanda qeydə alınıb: postinqilab dövründə ilk dəfə burada dinc əhalinin qanı tökülüb. Həbslər həyata keçirilib. O da diqqətçəkicidir ki, ata yurdu İcevanda baş verən olaylardan sonra Nikol Paşinyan qohumlarının mühafizəsini gücləndirib. Məlumatı "Jamanak” qəzeti yayıb.
Bildirilir ki, Paşinyan İcevanda yaşayan valideynlərinin evinin qarşısında mümkün təhlükə ilə bağlı polis postu qoydurub. Bildirilir ki, Paşinyan bunu yerli əhalinin ondan valideynləri vasitəsilə qisas alacağından qorxduğu üçün edib. Yada salaq ki, az öncə İcevanda taxta-şalban sexlərinin işçiləri N.Paşinyanın meşədə ağac kəsilməsinin tam dayandırılması qərarına etiraz olaraq aksiya keçiriblər. Bu sexlər yerli əhalinin əsas gəlir mənbəyi sayılır.
*****
Ermənistan rəhbərinin daha bir başağrısı ölkədən kütləvi köçlə bağlıdır. Bu da təbii ki, yenə Ermənistandakı ağır sosial-iqtisadi durum və bunun nəticəsi kimi, total işsizlik problemi ilə birbaşa əlaqəlidir.
"Ermənistan bölgəsində əhalinin sayı sürətlə azalır”. Bu barədə "Hayastani Hanrapetutyun” qəzeti məlumat yayıb (Teleqraf.com). Nəşr qeyd edir ki, 2018-2019-ci illər ərzində bölgələrdən ancaq Lori rayonunda qismən əhalinin sayında artım müşahidə olunub: "Ermənistanın 5 bölgəsində əhalinin təbii artımı zəifləyib, son bir ildə ancaq bir bölgədə - Lori rayonunda cüzi artım müşahidə olunub. Ən qorxuncu isə bölgələrdə ölüm hallarının artımı keçməsidir. Əhalinin sayının azalmasının səbəblərini üzə çıxarmaq üçün baş nazirin göstərişi ilə araşdırmalar aparılır. Araşdırmaların ilkin nəticələrinə görə, əhalinin sayının azalmasının yeganə səbəbi ölüm hallarının artması deyil. Keçən ilin rəsmi məlumatları isə tamam fərqli mənzərəni ortaya çıxardı, ölüm halları artımdan 90 faiz çox idi”.
Bu da hamısı deyil. Ermənistanın işğalçı ordusunda da vəziyyət ağır olaraq qalır. Ordu sistemində hökm sürən başıpozuqluq, nizamnamə pozuntuları, korrupsiya və bütün bunların nəticəsi olaraq əsgər ölümləri davam edir. Elə iki gün öncə işğal altındakı Dağlıq Qarabağda daha bir hərbçi - 19 yaşlı əsgər Volodya Qoloyan "naməlum səbəblərdən” dünyasını dəyişib. Ondan bir neçə gün qabaq isə Ermənistan ordusunda ailənin tək övladı olan əsgər intihar eləmişdi.
Artıq bu kimi olayların səbəbi keçmiş rejimlə, Qarabağ klanı ilə deyil, indiki hökumətin səriştəsiz siyasəti, verdiyi vədləri gerçəkləşdirməməsi ilə əlaqələndirilir. Mövcud hakimiyyətin ayağına yazılır...
"Ermənistanda ”məxməri inqilab" siyasi meydanda çoxdan kök salmış siyasətçilərə qarşı cəmiyyətin kəskin etirazı idi. Ancaq biz siyasi meydanın ölkəni ağır vəziyyətə salanlardan tam təmizlənməsinin axır ki, şahidi olmadıq".
Bu barədə Armenianreport.com-da dünən getmiş baş məqalədə deyilir.
"Biz həmçinin islahatları görmədik, ölkə rəhbərliyinin dəqiq gündəmini, xüsusən də xarici siyasətlə bağlı dəqiq kursunu görmədik. Bunun əvəzində isə nizamsızlıq və tərəddüdlər, isterik bəyanatlar, bir ifratdan başqa ifrata yuvarlanma, Putin Rusiyası ilə nəticəsiz oyunları görürük. Bütün bunlar üstəlik, korrupsiyanın məğlubedilməzliyi fonunda baş verir. Belə olan surətdə cəmiyyətdə siyasətçilərə qarşı ikrah hissinin güclənməsinə təəccüblənməyə dəyərmi? Dəyməz”, - deyə müəllif qeyd edib.
"Biz dəqiq statistikaya malik deyilik, amma aydındır ki, orduda düşmən gülləsindən olan itkilər nizamnamə pozuntuları nəticəsində baş verən ölümlərdən müqayisəyə gəlməz dərəcədə azdır. İnqilab bu kədərli statistikanı da dəyişmədi”.
Bu sözlər isə ordu ilə bağlı 1 in.am portalında getmiş tənqidi məqalədəndir.
"İnqilaba qədər kriminal-oliqraxik sistem həqiqi mənada ordu üçün mühüm önəm daşıyan arxa cəbhəni tam bərbad günə qoymuşdu. Nəticədə dövlət üçün faciəvi hallar, korrupsiya silahlı qüvvələrə də keçmişdi. Aprel müharibəsini bizim ordumuz bütün mənalarda taqətdən düşmüş vəziyyətdə qarşıladı və əgər əsgər və zabitlərin şəxsi şücaəti olmasaydı (əslində müharibəni Moskva dayandırmışdı - ”YM"), bu hərbi toqquşmanın sonunun necə olacağını təsəvvür eləmək çətin deyildi. Məsələ də ondadır ki, orduda geridönməz insan itkilərinə gətirən korrupsiyanın, özbaşınalığın kökünü kəsəcək sistemli islahatlar aparılmadıqca cəmiyyətdə orduya inam olmayacaq. Məğlubedilməz və səriştəsiz komandir, korrupsiya daha dəhşətli və dağıdıcıdır, nəinki təhlükələri proqnozlaşdırıla bilən düşmən" - yazıda təəssüflə bildirilir.../"Yeni Müsavat”/