Əliyev-Putin görüşü Qarabağa nə vəd edir? - POLİTOLOQLARDAN ŞƏRH

Əliyev-Putin görüşü Qarabağa nə vəd edir? - POLİTOLOQLARDAN ŞƏRH

 

Nəzakət Məmmədova: "Rusiya nə qədərki neoimperiya siyasətini dəyişməyəcək, Qarabağ məsələsinə münasibətdə hansısa irəliləyiş, dəyişiklik gözlənilmir"

"Kremlin təsir dairəsindən çıxmaq üçün iqtisadi, siyasi və hərbi cəhətdən güclü olmalı, ABŞ və Avropa ilə münasibətlərimizi gözardı etməməliyik"

Zaur Məmmədov: "Əgər Rusiya Ermənistana təzyiq göstərərsə, onda rəsmi İrəvan özünü fərqli şəkildə aparacaq"

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında Soçi şəhərində növbəti görüş baş tutacaq. Bu barədə məlumat verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüş 3 oktyabr tarixində "Şərqin şəfəqi və dünya siyasi sistemi" mövzulu Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı çərçivəsində reallaşacaq. Görüşünün gündəliyi hələlik dəqiq məlum olmsa da, şübhəsiz ki, əsas müzakirə mövzusu məhz Dağlıq Qarabağ problemi olacaq. Onu da qeyd edək ki, hər iki ölkənin prezidentləri ilə yanaşı, İordaniya kralı Abdullah, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Filippin prezidenti Rodriqo Duterte də Valday klubunun sessiyasında iştirak edəcək.

"Rusiya Qarabağ müstəvisində Ermənistanın indiki hakimiyyətinin öz postundan getməsi üçün İrəvana hansısa təzyiqlər göstərə bilər"

Beləliklə, bu barədə axar.az-a açıqlama verən politoloq Elçin Mirzəbəylinin fikrincə, Soçi görüşü ərəfəsində yaranan müsbət atmosfer Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından qismən də olsa istifadə etməsinə zəmin yaradacaq. O bildirib ki, bu görüş haqqında Ermənistan və Rusiya mətbuatında fərqli fikirlər səsləndirilir: "Azərbaycan-Rusiya münasibətlərində son dövrlər nəzərə çarpacaq dərəcədə inkişaf gedir. Həmçinin, iqtisadi və siyasi əlaqələrin inkişafına da şahid oluruq. Düşünürəm ki, bütün bunlar münasibətlərin dinamikasından xəbər verən amillərdir. Bütün bu amillər təbii ki, Soçi görüşü ərəfəsində müsbət atmosfer yaradır. Hesab edirəm ki, bu müsbət atmosfer də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından, qismən də olsa, istifadə etməsinə zəmin yaradacaq". Politoloq hesab edir ki, bütün hallarda baş verən prosesləri yaxından izləmək lazımdır: "Yəni məsələnin mahiyyəti ondan ibarətdir ki, istər cəmiyyətdə, istərsə də bütövlükdə siyasi ekspertlər arasında belə bir fikir var ki, Rusiya Qarabağ müstəvisində Ermənistanın indiki hakimiyyətinin öz postundan getməsi üçün İrəvana hansısa təzyiqlər göstərə bilər. Təbii ki, bu da münaqişənin tam həllinə xidmət etməyən faktdır. Münaqişənin tam həllinə nail olmadan da birdəfəlik tənzimlənmə mümkün deyil. Yəni Qarabağ münaqişəsi yarımçıq öz həllini tapa bilməz. Bu baxımdan problemin tam həlli üçün Rusiyanın mövqeyini açıq şəkildə ortaya qoyması vacibdir. Düşünürəm ki, bu görüşdən sonra rəsmi Moskva bu istiqamətdə lazımı addımlar ata bilər".

"Sözügedən görüşdən hansısa real irəliləyişin əldə olunacağı inandırıcı deyil"

Con Boltonun istefası ABŞ-a nə vəd edir? - POLİTOLOQDAN ŞƏRH

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova isə indiyədək bu cür görüşlərin çox olduğunu vurğulamaqla yanaşı, Qarabağ münaqişəsi ilə əlaqədar hər hansı irəliləyişin əldə olunmadığını qeyd etdi: "Buna görə də sözügedən görüşdən hansısa real irəliləyişin əldə olunacağı inandırıcı deyil. Təbii ki, prosesin gedişatı, müəyyən detallar, hansısa planlar müzakirə oluna bilər. Lakin bunun dəyişikliyə səbəb olacağı inandırıcı deyil. Çünki Qarabağ Rusiyanın Cənubi Qafqaz siyasətinin bir parçasıdır. Odur ki, Rusiya nə qədərki Cənubi Qafqaz siyasətini, daha doğrusu neoimperiya siyasətini dəyişməyəcək, bu təfəkkürdən imtina etməyəcək Qarabağ məsələsinə münasibətdə hansısa bir irəliləyiş, dəyişiklik gözlənilmir". Politoloq hesab edir ki, prezidentlərin Soçi görüşü zamanı Rusiya ilə Azərbaycan arasında Kremlin Cənubi Qafqaz siyasəti, həm də ikitərəfli münasibətlər çərçivəsində maraq doğuran bəzi məsələlər də müzakirə oluna bilər: "Düşünürəm ki, görüş zamanı nəqliyyat infrastruktur məsələsi, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi, iqtisadi münasibətlərin inkişafı, təhlükəsizlik məsələləri, ABŞ-Azərbaycan, o cümlədən İran-Azərbaycan münasibətləri də müzakirə mövzusu ola bilər".

"Bir çox məsələlərdə İranın maraqlarını nəzərə alsaqda, Tehran bunun qarşılığında bizə heç nə vermir"

"Azərbaycan Rusiyanın təsir dairəsindən çıxmaq üçün hansı addımlar atmalıdır" sualını cavablandıran Nəzakət Məmmədovanın sözlərinə görə, bunun üçün ölkəmiz ilk növbədə, iqtisadi, siyasi və hərbi cəhətdən güclü olmalıdır: "Çünki nə qədər çox güclü olarıqsa, Rusiyanın bizə təsir imkanları da bir o qədər zəifləyəcək. Yənin əsas güc faktorudur. Bundan başqa, Rusiyadan asılı olmamaq üçün Qərblə - ABŞ və Avropa ilə münasibətlərimizi də gözardı etməməliyik". Azərbaycanın daha çox Avrasiya proyektlərində iştirak etdiyini deyən politoloqun fikrincə, rəsmi Bakının siyasi və iqtisadi fəaliyyəti, xarici siyasəti daha çox avrasiyaçılıq istiqamətində qurulub: "Onu da qeyd edim ki, enerji məsələsində isə Qərblə yaxınlaşmışıq. Yəni bu məsələdə Avropa və ABŞ-ın da siyasətini nəzərə alırıq. Düşünürəm ki, ABŞ-la münasibətlərin bir qədər də irəliləməsinə ehtiyac var. Çünki dünya siyasətinin ən nəhəng gücü olan Amerikanı gözardı etmək olmaz. Odur ki, ABŞ-la münasibətlərdə də müəyyən yaxınlıq olmalıdır. Məsələn, biz İran məsələsində ABŞ-ın yanında olmalı, rəsmi Tehranın maraqlarını həddən artıq nəzərə almamalıyıq. Biz İrana münasibətdə daha çox xeyirxah qonşuluq siyasəti həyata keçiririk, lakin bu, düzgün deyil. Hesab edirəm ki, Azərbaycan İrana qarşı münasibətdə daha sərt olmalıdır. Çünki Tehran Azərbaycanın maraqlarına ciddi ziyan vurduğunu bilə-bilə Ermənistanla sıx əlaqə qurmaqdadır. Bir çox məsələlərdə İranın maraqlarını nəzərə alsaqda, Tehran bunun qarşılığında bizə heç nə vermir. Yəni biz İranın təxribatlarından qorunmaq üçün bu qədər güzəştlərə gedirik. Məncə, İranla siyasətimiz, əlaqələrimiz minimuma endirilməli, ABŞ-la münasibətləri daha da sıxlaşdırmalı, onun Yaxın Şərq siyasətinə dəstək verməliyik".

"Moskvada kifayət qədər güclü erməni lobbisi mövcuddur və həmin qruplar Putinin siyasi qərar qəbul etməsinə ciddi təsir göstərirlər"

Картинки по запросу Zaur Məmmədov

İlham Əliyevlə Vladimir Putin arasında Soçidə baş tutacaq görüşün olduqca aktual və vacid olduğunu vurğulayan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, son zamanlar region ətrafında mühüm hadisələr baş verir: "Belə ki, istər Ermənistan-Azərbaycan cəbhə xəttində, istər Azərbaycanın özündə, eyni zamanda geosiyasi aspektdən müzakirə olunacaq çox məsələlər var. Təbii ki, mövzuların əsas predmeti Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər olacaq. Eyni zamanda, son zamanlar ABŞ-ın da Cənubi Qafqazda fəallaşdığının şahidiyik. Odur ki, Ermənistan və Gürcüstanda baş verən hadisələr mütləq şəkildə Rusiyanı narahat etməyə bilməz. Və bu ab-havada görüş daha da aktual mahiyyət daşıyır. Təbii ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər. Bilirik ki, hələ 2016-cı ilin aprel hadisələrindən sonra Moskva bəzi məsələləri həll etmək barədə düşünməkdədir. Belə ki, Putinlə Serj Sarkisyan arasında bir neçə görüş olmuşdu. Lakin sonda Ermənistanda baş verənlər münaqişə ilə bağlı irəliləyişin əldə olunmasına imkan vermədi. İndi isə Paşinyanla Putin arasında münasibətlər demək olar ki, bərbad vəziyyətdədir. Sadəcə olaraq, Ermənistan Rusiyanın forpostu olmaqda davam edir. Və Rusiyanın geosiyasi maraqları Ermənistanı yanında saxlamağa vadar edir. Onu da yaddan çıxarmaq olmaz ki, Moskvada kifayət qədər güclü erməni lobbisi mövcuddur. Məhz həmin lobbi qrupları Putinin siyasi qərar qəbul etməsinə ciddi təsir göstərirlər. Lakin indiki məqamda mütləq mənada cəbhədə vəziyyətin və status-kvonun dəyişilməsinə ehtiyac var. Rusiya artıq bunu başa düşməlidir. Çünki Azərbaycan uzun illərdir ki, münaqişədən əziyyət çəkir. Bundan başqa, beynəlxalq hüquq imkan verir ki, Azərbaycan münaqişəni digər yollarla həll etsin. Və biz bu illər boyu Minsk Qrupunun həmsədr ölkələrindən konstruktivlik gözləyirdik. Odur ki, əgər həmsədr ölkələr Azərbaycanı yanlarında görmək, hansısa məsələlərdə Azərbaycandan loyallıq gözləyirlərsə, o zaman mövcud status-kvonun dəyişdirilməsi ilə bağlı ciddi şəkildə iş görməlidirlər".

"Cənubi Qafqazdakı silahlı münaqişə az keçmədən Şimali Qafqaza da keçə bilər və bu səbəbdən Kreml sabitlikdə maraqlı olmalıdır"

Bakı Politoloqlar Klubunun rəhbəri bu qənaətdədir ki, əgər Rusiya Ermənistana təzyiq göstərərsə, onda rəsmi İrəvan özünü fərqli şəkildə aparacaq: "Çünki münaqişə tərəflərindən birinə - işğalçıya edilən təzyiq və verilən "məsləhət" ermənilərin hücum taktikasını zəiflədə bilər. Bildiyiniz kimi, son zamanlar cəbhədə vəziyyət gərgindir, Ermənistan başda Paşinyan, Tonoyan və Mnatsakanyan olmaqla, provakasiya ilə məşğuldur. Bütün bunlar isə sonda acı nəticələrə gətirib çıxara bilər. Və bu acı nəticələr təkcə münaqişə tərəfləriylə hüdudlaşmayacaq. Belə ki, Rusiyanın cənubu da Cənubi Qafqazdakı istənilən münaqişəni çox həssaslıqla hiss edəcək. Bununla da Cənubi Qafqazdakı silahlı münaqişə az keçmədən Şimali Qafqaza da keçə bilər. Ona görə də Kreml sabitlikdə maraqlı olmalıdır. Mövcud status-kvo isə hər an sabitsizliyə gətirib çıxara bilər".



Oxşar Xəbərlər

Xəbər lenti