Prezident müdrik qərar verdi

Prezident müdrik qərar verdi

 


 

Qərb əleyhidarlarının arzuları baş tutmadı

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi və bu olaya ABŞ-da verilən reaksiya proseslərin ölkəmiz üçün qətiyyən arzuolunmaz, hətta təhlükəli istiqamətə yön ala biləcəyini göstərdi.

Məlum olduğu kimi Mehman Əliyevin həbsindən sonra ABŞ Konqressində senator Riçard Durbin 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında Azərbaycan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan düzəlişi Senatın müvafiq komitəsinə təqdim etdi. Onun bu təklifi Vaşinqtonun siyasi dairələrində dəstək qazanması proseslərin təhlükəli istiqamətə yön almaqda olduğunu göstərdi. Belə bir zamanda rəsmi dövlət qəzeti "Azərbaycan”da anti-Qərb kursun seçilməsinin zəruriliyinə işarə edən redaksiya məqaləsi dərc olundu. Həmin məqalədə Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra Barak Obama Administrasiyasının iki ölkə arasında yaratdığı fəsadların aradan qalxacağına böyük ümid yaranmasına, ancaq həmin ümidlərin doğurulmadığına diqqət çəkilirdi. Bunun ardınca Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycanın Qərbin terrorla mübarizəsi, mühüm enerji layihələrinin həyata keçirilməsi və digər önəmli məsələlərdə yeri və roluna diqqət çəkilirdi. Belə ki, Azərbaycanın sülhməramlı tağımlarının 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda sülhyaratma missiyasının tərkibində iştirak etməsi, 2002-ci ildən analoji missiyanı Əfqanıstanda həyata keçirməyə başlayan Azərbaycan əsgərlərinin bu gün də həmin ölkədə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirmələri qeyd olunurdu. Bundan başqa Azərbaycan öz hava məkanını açmaqla və mövcud hava nəqliyyatı infrastrukturundan istifadə imkanlarına şərait yaratmaqla, Əfqanıstanda dislokasiya olunmuş NATO hərbi kontingentinin təchizatına mühüm dəstək göstərməsi də vurğulanırdı. Azərbaycanın Qərbin anti-terror əməliyyatlarına verdiyi dəstək qeyd olunduqdan dərhal sonra ölkəmizin  ilk növbədə, Qərblə hərbi-geostrateji müstəvidə əməkdaşlığını, antiterror əməliyyatlarında, sülhyaratma missiyasında iştirakını dayandıra və Əfqanıstanda NATO kontingentinin təchizatı üçün imkan yaratmaqdan imtina edə biləcəyinə açıq işarə edilirdi. Məqalədə daha sonra vurğulanırdı ki, əgər ABŞ-da antiazərbaycan dairələri və lobbi maraqları üstün gələrsə və Rusiyaya qarşı tətbiq edilmiş "Qlobal Maqnikski Aktı” Azərbaycana da şamil olunarsa, rəsmi Bakı Qərblə tərəfdaşlıq siyasətinə yenidən baxa və rəsmi Bakını öz xarici siyasətini yenidən nəzərdən keçirməyə və birtərəfli seçimə üstünlük verməyə məcbur edə bilər. Bunun isə regionda böyük maraqları olan ABŞ və Qərb dövlətləri üçün ciddi itki olacağı qeyd edilirdi.

Məqalədə həmçinin qeyd edilirdi ki, "Bu gün Azərbaycana qarşı yeni kampaniyanı sanksiyalaşdıranlar sadəlövhcəsinə zənn edirlər ki, bu addımla "5-ci kolon”u, öz "dostlarını” müdafiə edə biləcəklər. Uzun illərdir rəsmi Bakı Xədicə İsmayıl, Mehman Əliyev, Emin Milli və digər bu kimi anti-milli ünsürlərin, Qərbin QHT və media şəbəkəsinin özbaşınalığına göz yummağa çalışıb, onların konkret olaraq bəlli missiya yerinə yetirdiyi açıq-aydın görünsə də, buna dözümlü yanaşıb. Ancaq bu şəbəkənin fəaliyyəti dövlətin əsaslarını sarsıtmağa başlayanda preventiv tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib və lazımi addımlar atılıb. Qərbin yeni "demarşı” isə bu addımların daha da dərinləşdirilməsi üçün ciddi əsas yarada bilər”.

Belə görünürdü ki, bəziləri çay gəlməmiş çırmanıb. Bura məqalədən həm də anti-Qərb mövqe tərəfdarlarının əllərinə əlverişli imkan düşməsinin sevinci də hiss olunurdu. Bu məqaləni yazanların da, dərc etdirənlərin də ABŞ başda olmaqla Qərblə əlaqələrin Azərbaycan üçün həyatı əhəmiyyət kəsb etdiyinin fərqində olmadığı açıq hiss olunur. Azərbaycan da daxil olmaqa dünyanın heç bir ölkəsinin əlaqələri ABŞ üçün həyati əhəmiyyətli deyil. Dünyanın 100-dən çox ölkəsində hərbi bazası, qoşun birləşmələri və hərbi infrastrukturları, dünya sularının 96 faizində hərb gəmiləri üzən bir dövlət heç bir dövlətlə əlaqəhəyati əhəmiyyət daşımır. Buraya Rusiya, Almaniya, Çin, Böyük Birtaniya kimi nəhəng dövlətlər də daxildir. Belə bir vəziyyətdə ABŞ-ın Azərbaycansız keçinə bilməyəcəyini düşünmək ancaq özünə vurğunluğun və ta dünyadan xəbərsizliyin əlaməti ola bilər. Prezident İlham Əliyev də bir neçə dəfə qeyd etdiyi kimi ABŞ-ın siyasi və maliyyə dəstəyi olmasaydı Azərbaycan neft layihələrini həyata keçirə bilməzdi. "Azərbaycan” qəzetindəki məqalənin müəllifləri və dərc etdirənlərdən fərqli olaraq beynəlxalq münasibətlər üzrə mütəxəssis olan prezident İlham Əliyev yenə doğru qərar verdi.

Belə ki, Qazaxıstan Respublikasına səfərdən qayıdandan sonra prezident İlham Əliyevə  "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə bağlı Mehman Əliyevin müraciətinə baxılması üçün hüquq-mühafizə orqanlarına tapşırıq verib.

Bakı Apellyasiya Məhkəməsində "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsinin rədd edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb və məhkəmənin qərarı ilə M.Əliyev azadlığa buraxılıb.

Prezident İlham Əliyevin göstərişindən sonra baş tutan bu hadisə Qərbdə məmuniyyətlə qarşılanıb.

Prezident İlham Əliyev isə bir daha müdrik qərarı ilə Azərbaycanı Rusiyanın ağuşuna itələmək istəyənlərin oynunu pozmuş oldu. Prezident İlham Əliyevin balanslı xarici siyasət kursu hazırkı dönəmdə yeganə ən doğru xarici siyasət kursudur və ölkəmizin maraqlarını düşünən hər bir şəxs tərəfindən dəstəklənməlidir.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti