Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin enerji daşıyıcılarının dünya bazarına çıxarılmasına xüsusi önəm verildi. Bu prosesdə İtaliyanın mühüm müsbət rolu indi də qalmaqdadır. Bu gün ölkələrimiz arasında  qarşılıqlı iqtisadi münasibətlər çoxşaxəlidir. Beləki, bu münasibətlər  neft-qaz, enerji, kənd təsərrüfatı, tikinti, hərbi sənaye və digər istiqamətləri əhatə edir. Azərbaycan və İtaliya arasında  bu əməkdaşlığı rəsmiləşdirən müvafiq bəyannamə 10 il əvvəl imzalanıb. Artıq uzun illərdir ki, Azərbaycan İtaliyanın bir nömrəli neft təchizatçısıdır. İtaliyanın Triest limanına çatdırılan Bakı neftinin dəyəri elə illər olub ki, 17-18 milyard dollar təşkil edib.
Prezident İlham Əliyevin sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında da qeyd etdiyi kimi, 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Burada əsas pay neft və qazındır: Azərbaycanın ən böyük qaz ixrac sisteminin – Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Xəttinin çıxış nöqtəsi İtaliyadır.
Azərbaycan həm də İtaliyanın ikinci böyük qaz təchizatçısıdır. İtaliyada bitən Cənub Qaz Dəhlizi və onun son seqmenti olan TAP-la yalnız Roma deyil, daha 7 Avropa İttifaqı ölkəsi də qaz alır. Prezident İlham Əliyevin səfəri zamanı İtaliyanın və dünyanın ən böyük enerji şirkətlərindən olan “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələri müəyyən olunub. İtaliya Azərbaycanla daim dostluq münasibətində olduğunu göstərib.
Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində İtaliya hər zaman ədalətli yanaşma sərgiləyib. Təsadüfi deyil ki, Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub. İtaliyanın bir qrup parlament üzvləri  Azərbaycana səfər edib. İtaliya parlamentariləri Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə tanış olublar.Həmçinin Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. Məhz bu mövqeyə görə erməni diasporu İtaliya əleyhinə ciddi təbliğat aparmağa başlayıblar.Lakin ermənilərin bütün cəhdləri uğursuz qaldı. Bunun bariz nümunəsi Azərbaycan Prezidentinin bilavasitə İtaliya Prezidenti tərəfindən Beynəlxalq Çernobbio Forumuna dəvət olunması, Romada çox yüksək səviyyədə qarşılanmasıdır.
İrəvanın etirazlarına baxmayaraq, bu gün işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərində də İtaliya şirkətləri əsas pay sahiblərindəndir. Hazırda ölkənin üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkətləri tərəfindən həyata keçirilir.
Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin daha da inkişafı hər iki ölkə üçün qarşılıqlı fayda gətirir.
Arzu Miriyev
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti