VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı

Sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib və yeni seçilmiş Milli Məclis üzvləri qarşısında ölkəmizin gündəmini zəbt edən əsas siyasi-iqtisadi məsələlər haqqında çıxış edib. Deputatlar dövlətimizin başçısını alqışlarla qarşılayıblar.

İlham Əliyev mövcud beynəlxalq siyasi şəraitdə Azərbaycanın keçmiş və indiki mövqeyi, eyni zamanda, yürütdüyü siyasətlə bağlı öz fikirlərini Milli Məclisin deputatları ilə bölüşdü. Ölkəmizin bundan sonrakı hədəfləri və vəzifələri haqqında hansı yolu tutmalı olduğunu, öncəliklərin nələrdən ibarət olduğunu aydın bir şəkildə bildirdi.

Prezidentin haqlı olaraq vurğuladığı məsələlərdən biri hərbi gücümüzün daima artırılması və bu sahədə görülən işlər oldu. Son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğulamaq təbii ki, vacib idi.  Dövlətimizin başçısı bu məqsədlə milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsini, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı Qüvvələrin maddi-texniki bazasının daim modernləşdirilməsini və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılmasını dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirdi.

İlham Əliyevin çıxışından sonra ən qocaman deputat Ziyad Səmədzadə VII çağırış Milli Məclisin ilk iclasını açıq elan edib. Ziyad Səmədzadə Azərbaycan Respublikasının müstəqilliyini elan etdikdən sonra günümüzə qədər keçdiyi yollarda daima inkişafa doğru getdiyini, böyük çətinliklərin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.

O, həmçinin ölkə başçısına öz təşəkkürünü də bildirib. Ziyad Səmədzadə Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında iştirakını, dəyərli fikirlərini bölüşməsini və proqram xarakterli tövsiyələrini verməsini parlamentin tarixinə yazılan ən mühüm hadisələrdən biri kimi dəyərləndirib. Ulu Öndərin yolunu uğurla addımlayan Azərbaycanı hər daim tərəqqiyə aparan ölkə başçısına bu yolda uğurlar arzulayıb.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin işi ilə bağlı tövsiyələrini birlikdə yerinə yetirmək üçün var gücümüzü sərf edəcəyik. Spiker deputatları bir daha təbrik edib, işlərində uğurlar arzulayıb.
Bununla da Milli Məclisin Yeddinci çağırışı yekunlaşıb.

Nizami Eminov

Suraxanı rayonu, Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti