Şəhidlərimizin xatirəsi əbədidir

2020-ci il sentyabrın 27-də saat 6 radələrindən  başlayaraq  təcavüzkar  Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini,Tərtər,Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləricəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi  dövründə almanların dağıtdığı Stalinqrad şəhərinə bənzəyirdi.Erməni silahlılarının bu vandallıqları Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi.  Sentyabrın 27-də Azərbaycan Ordusu “ Dəmir Yumruq” əməliyyatına başladı.
2020-ci il 27 sentyabr səhəri.... Qarabağ səması atılan top atəşlərinə diksindi. Dinc əhalinin atəşə tutulması, həmçinin Ermənistan silahlı qüvvələrinin ordusunun hücuma keçməsi Azərbaycan ordusunu cavab tədbirləri görməyə vadar etdi.Beynəlxalq hüququ, BMT qətnamələrini nəzərə almayan, sülh danışıqlarını bilərəkdən uzadan, dəfələrlə bu danışıqları pozan azğın düşmən artıq cəzalandırılmalı idi.
Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuzun bütün cəbhəboyu geniş əks-hücumu başladı. Qısa müddətdə rəşadətli ordumuz düşmənin 30 il ərzində hazırladığı möhkəmliyi və keçilməzliyi ilə öyündüyü müdafiə xəttini yardı,dağlarda qurduğu yeraltı istehkamları darmadağın etdi. 
Azərbaycan Ordusunun “ Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər istiqamətində, Murovdağda strateji məntəqələr azad edildi. Artıq Azərbaycan ordusunun qarşısını almaq mümkün deyildi. Arxa cəbhədən, əhalidən böyük mənəvi dəstək alan Azərbaycan əsgəri düşməni hər yerdən qovurdu. Bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan,Qubadlı şəhərləri və ətraf kəndlər düşməndən təmizləndi.Ermənistan ordusu döyüş meydanında canlı qüvvə və texnika baxımından ağır itkilərə məruz qalmış, aciz duruma düşmüşdü.
Şuşa əməliyyatı Azərbaycan əsgərinin möhtəşəm əsəridir. Bu əməliyyat dünya hərb tarixinin döyüş nümunəsinə çevrildi. 
Vətən müharibəsi sentyabrın 27-dən noyabrın 10-dək davam etdi. Düşmənin Qarabağda əlverişli mövqelərəstrateji yüksəkliklərə hakim olmasına, güclü yeraltı- yerüstü istehkamlar qurmasına baxmayaraq, 44 gün ərzində müzəffər Azərbaycan ordusu tərəfindən darmadağın edildi. 
Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. 44 günlük döyüş əməliyyatları dövründə Xalq-Ali Baş Komandan-Ordu birliyi  düşməni lərzəyə salan əzəmətli qüvvəyə çevrilməklə yanaşı bütün dünyanı da heyrətə gətirmişdi. Ali Baş Komandan xalqına arxalanaraq bütün müharibə boyunca qətiyyət nümayiş etdirdi. O, xarici təzyiqlərə sinə gərərək hər məqamda Azərbaycanın haqlı mövqeyini dünyaya bəyan etmişdir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Baba-Zadə Dadaş
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti