8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında igid oğullarımızın II Qarabağ müharibəsində əldə etdiyi qələbə bizim şanlı tariximizdir. Bu qələbə sevincini bizə yaşadanların xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə çatdırmaq isə hər bir kəsin borcudur. Bu sahədə bir sıra işlər görülmüşdür. Bunlardan biri də 8 noyabr 2024-cü il tarixində Bakı şəhərində Zəfər parkının açılışı oldu. Paytaxtımızın ən gözəl yerlərindən birində açılan 10 hektara yaxın ərazidə yerləşən bu parkda Zəfər tağı və Zəfər abidəsi ucaldılmışdır. Gələcəkdə burada Zəfər muzeyinin açılışı da nəzərdə tutulmuşdur.
Şanlı qələbəmizi əks etdirən Zəfər tağı simvolik xarakter daşıyır. Müasir üslubda inşa edilən və əzəməti ilə diqqəti cəlb edən bu tağın hündürlüyü və sütunlarının sayı qələbənin 44 günə əldə edildiyini bildirir.
Parkın açılışında iştirak edən Prezident İlham Əliyev xalqımızı Zəfər bayramı münasibətilə təbrik etdi. Prezident qeyd etdi ki, qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq irəli getdi, döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdi və nəticədə düşmən kapituliyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Bu qələbəni əldə etmək üçün illərlə iş aparılmışdır: güclü ordu yaradılmış, iqtisadi inkişaf təmin edilmişdir. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, birlik - bütün bu amillər bizi Qələbəyə doğru aparmışdır. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini göstərdi. Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir.
Ali Baş Komandan vurğuladı ki, indi Ermənistanın bəzi Qərb havardarları düşmənin 30 il ərzində etdiklərinə: məscidlərimizin, qəbirlərimizin dağıdılmasına, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsinə, dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərə göz yumurlar. Bütün bunları unutdurmağa çalışırlar. Amma biz heç vaxt bunu unutmayacağıq və bizdən sonra gələn nəsillər də bu tarixi bilməlidirlər. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırıdı. Bundan sonra da bütün bu olanlar heç vaxt yadımızdan çıxmamalıdır.
Biz müharibə istəmirik. Bu, haqq-ədalətin bərpası üçün aparılan bir döyüş idi. 44 günlük müharibə ərzində biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi təmin etdik.
Qələbədən sonra biz quruculuq işləri ilə məşğuluq. Amma Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan qüvvələrin Ermənistanı silahlandırmasını görəndə adekvat addın atmağa məcburuq. Azərbaycan Silahlı Qüvvələri hər an düşmən təxribatlarının qarşısını almaq üçün hazır vəziyyətdədir. Eyni zamanda, belə təzyiqlərin qarşısının alınmasında gücümüzün əsas mənbələrindən biri də xalq-iqtidar birliyidir.
Azərbaycanda istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirmək həmişə diqqət mərkəzində olmuşdur. Respublikamızda şəhid adları ilə adlandırılan hər bir məkan bizə bu qələbənin heç də asan əldə edilmədiyini, bu yolda minlərlə igidimizin canlarını fəda etdiyini xatırladır. Yeni açılan Zəfər parkı və orada ucaldılan Zəfər tağı, abidə isə onların apardığı mübarizənin nəticəsiz olmadığını, qanlarının yerdə qalmadığını təsdiqləyən və qalib xalq kimi tarixi qələbənin sevincini yaşadan bir məkana çevriləcəkdir.
Səadət Seyidova
Suraxanı rayonu, S. Abdullayev adına 290 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info