27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bir neçə gün öncə müstəqil Azərbaycanın tarixində ən möhtəşəm günlərdən biri olan Zəfər günü qeyd edildi. Bəlkə də,dildə çox sadə səslənir Zəfər günü sözü. Amma mahiyyətinə varanda, dərindən düşünəndə bugünün necə möhtəşəm, necə tarixi bir gün olduğu anlaşılır. Artıq 4-cü ildir ki, ölkəmizin hər bir guşəsində, rayonunda, kəndində bu əlamətdar gün müxtəlif formalarda, səviyyələrdə böyük coşğu ilə qeyd olunur.Ölkəmizin demək olar ki, elə bir rayonu yoxdur ki, orada şəhid ocağı, şəhid məzarı olmasın. Qələbəni bizə yaşadan şəhidlərimiz və qazilərimizdir. Hər bir şəhidimizin ruhu şad olsun! Allah qazilərimizə tezliklə şəfa versin! Onlara öz ehtiramımızı bildirmək, onları unutmamaq hər birimizin borcudur!
Ölkəmizin hər şəhər, rayonunda Zəfər günü ilə bağlı muzeylər, parklar, meydanlar salınır. Demək olar hər il 8 noyabr ərəfəsi biz belə əlamətdar hadisələrlə rastlaşırıq. Belə mühüm hadisələrdən biri bir neçə gün öncə - 8 noyabrda Bakı şəhərində yaşandı. Hələ 2020-ci il 3 dekabrda cənab Prezident İlham Əliyev Bakıda Zəfər parkının və Zəfər Memorial abidəsinin yaradılması ilə bağlı göstəriş vermişdi. Və 4 illik çalışmalardan sonra 2024-cü il 8 noyabrda parkın açılışı oldu.Açılışda Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdi. Parkın ümumi ərazisi 10 hektara yaxındır. Parkın girişində hündürlüyü 44 m, eni 22 m.olan və 44 sütün üzərində yerləşən Zəfər tağı ucaldılmışdır.Parka keçid hissədə 8 noyabr-Zəfər gününü əks etdirən memorial abidə qoyulmuşdur ki, bu abidə sarsılmaz birliyimizi əks etdirir. Parkın ərazisində hal-hazırda Zəfər muzeyinin inşası da davam etdirilir. Bu muzeydə müharibəyə gedən yol, bütün şəhidlərimizin adları, onlara aid eksponatlar nümayiş etdiriləcək.Əlbəttə ki, bu möhtəşəm tarixi yaşadanları unutmamaq üçün bu parka da, muzeyə də böyük ehtiyac var. Əminəm ki, bu park hərbir Azərbaycan vətəndaşının sevə-sevə ziyarət edəcəyi, and yerinə çevirəcəyi bir yer olacaq!
Parkın açılışında Ali Baş Komandan İlham Əliyev mühüm məsələləri əks etdirən çıxışı ilə də yadda qalmışdır. O,öz çıxışında bildirmişdir: “44 gün ərzində Azərbaycan əsgəri, zabiti ancaq və ancaq irəli gedirdi . Hər gün, hər saat irəli gedərək 300-dən çox kənd və rayonlarımızı azad edərək düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. 2020-ci il 8 noyabrda Şuşanın azad edilməsi düşmənin belini qırdı və noyabrın 9-dan 10-na keçən gecə düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2023-cü ilin sentyabrında cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara dərs oldu və Qarabağda separatizmin kökü kəsildi”. İlham Əliyev sonda bildirdi ki,” İndi Ermənistanın bəzi havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki Qarabağı, Şərqi Zəngəzuru bunlar viran qoymayıblar, Xocalı soyqırımını onlar törətməyiblər. Yəni bunu unutdurmaq istəyirlər. Amma biz bunu unutmamalıyıq, Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.Bizdən sonrakı nəsillərdə bunu unutmamalıdırlar. Necə ki,biz 30 il ərzində bunu unutmadıq,necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu qələbəni yaxınlaşdırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır”.
Cənab prezidentin təbirincə desək: Bu Qələbə bizimlə əbədi olacaq, Azərbaycan xalqı bundan sonra qalib xalq,Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq. Eşq olsun Azərbaycan xalqına, Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!
Vüsal Babayev
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info