Rusiya Azərbaycan tərəfdaşlığı etibarlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Prezident müsahibədə Rusiya və Azərbaycanın iki etibarlı tərəfdaşlığı haqqında söz açaraq bildirmişdir ki, Rusiya prezidentinin Azərbaycana etdiyi səfər bu dəfə xüsusi əhəmiyyət kəsb edirdi. Bu səfər çərçivəsində nəinki Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik xarakterini təsdiqləndi, həmçinin  ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yolları da müəyyənləşmişdi. 
-Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müsahibəsində Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlıq münasibətlərindən də danışmışdır.
-Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar.
Prezident ölkəmizdə keçirilən, böyük nüfuz qazanan COP29 haqqında xüsusi ilə vurğulamışdır:
-COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi... Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

Prezident müsahibəsini rusiyalılara arzusu ilə bitirmişdir:  
-2025-ci ildə müharibə başa çatsın, insanlar evlərinə qayıtsınlar və sülh şəraitində yaşasınlar. Əlbəttə, bir-birini başa düşməyi öyrənsinlər. Təbii ki, Rusiyaya qarşı belə sanksiya siyasətini nəzərə alaraq, rəhbərliyə öz gücünə, qətiyyətinə inam arzulayıram, Prezidentin komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi diləyirəm. Çünki aydındır ki, bütün bunlar fəsadsız ötüşməyəcək. Rusiya cəmiyyəti hər hansı bir cəmiyyət kimi ağır dövrdə birləşir və biz Rusiyada bu konsolidasiyanı görürük. Arzu edirəm ki, belə də davam etsin.
Nailə Sadıqova
Suraxanı rayonu, Ə.A.Eyvazov adına 275 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti