12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Prezidentimiz əvvəlcə Baş naziri və digər qonaqları salamladı və qeyd etdi ki, bizim görüşlərimiz son vaxtlar müntəzəm xarakter alır. İki ay bundan əvvəl Bakıda COP29 konfransında görüşmüşdük. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.
Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm.
Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Hökumətinizin uğurlu iqtisadi siyasəti sayəsində dünya və Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Energetika sahəsindəki əməkdaşlığımız geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək və təbii qazın ixracı artmalıdır və artacaqdır.
Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür.
Bu gün, eyni zamanda, Sizinlə təkbətək söhbət əsnasında Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.
Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar. Vaxt məhdudluğunu nəzərə alaraq digər məsələləri biz geniş formatda bu gün müzakirə edəcəyik. Bir şeyi də deyə bilərəm ki, Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün
xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Sizin hökumətinizə fəaliyyətində yeni uğurlar arzulayırıq.
Səxavət Əliyeva
Suraxanı rayonu, N. Rəfiyev adına 104 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info