Bizim əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər

Azərbaycan və Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətlər hər keçən gün inkişaf etməkdədir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxarıb. 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 17 yanvar tarixində Azərbaycana işgüzar səfər edib. Onu bildirmək lazımdır ki, gərgin keçən parlament seçkilərindən sonra Gürcüstanın hökumət başçısının ilk səfərini məhz Azərbaycana etməsi bu ölkənin xarici siyasətində Azərbaycanın nə dərəcədə önəmli yerə sahib olduğunun göstəricisidir. Prezident İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata birgə bəyanat zamanı hər iki tərəfin səsləndirdiyi fikirlər bir çox məsələdən xəbər verir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim xalqlarımız əsrlər boyu bu regionda dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün Azərbaycan – Gürcüstan münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər.

Ölkələrimizin iştirakı ilə bir sıra strateji layihələr həyata keçirilir. Bunlardan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq bu layihələr daha da aktuallaşır. Bu gün Azərbaycan və Gürcüstan təkcə bu region üçün deyil, bütövlükdə Avrasiya üçün də önəmli ölkələrə çevrilib. İki ölkənin iştirakı ilə nəqliyyat sahəsində yaradılan və bundan sonra da yaradılacaq infrastruktur bir çox ölkə üçün əvəzolunmaz imkanlar açacaq.

 Prezident İlham Əliyevlə Baş nazir İrakli Kobaxidzenin təkbətək görüşündə müzakirə edilən ən başlıca məsələlərdən biri də Orta Dəhliz layihəsi olub. Görünən budur ki, sözügedən dəhliz bağlantılarımızın mühüm aspektini müəyyən edəcək. Dövlətimizin başçısı “Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyətinin bu layihəni də uğurla başa çatdırmaq üçün əminlik yaratdığını dilə gətirib”. “Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayırlar” – deyən Prezident İlham Əliyev hər iki ölkədə nəqliyyat infrastrukturunun genişləndirilməsinin, həmçinin infrastrukturun rəqəmsallaşdırılmasının həm xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmət mahiyyətini qabardıb. Bu yerdə yalnız bir faktı vurğulayaq: Azərbaycanın Zəngəzur dəhlizi ideyası böyük Orta Dəhliz ideyasının mühüm tərkib hissəsi sayılır. Bu gün Ermənistan çalışdığı qədər Zəngəzur dəhlizinə qarşı çıxır. Ancaq cənab Prezidentin dediyi kimi, bu dəhliz açılmalıdır və Ermənistan istəsə də, istəməsə də açılacaq. 

Bu gün Azərbaycan Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Perspektivli istiqamət Azərbaycan və Gürcüstanın  böyük potensiala malik olmasına əsaslanan bərpa olunan enerji sahəsində əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi digər uğurlu layihələr kimi, yaşıl enerji layihəsi də eyni müvəffəqiyyətlə icra ediləcəkdir.

 Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub. Əminliklə qeyd etmək olar ki, Baş nazir İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.


Hacıbala Abdulla

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti