15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
12-01-2025, 15:28
Davosda keçirilən 55-ci Dünya İqtisadi Forumunda iştirak edən İlham Əliyev Çinin CGTN telekanalına müsahibə vermişdir. Müsahibədə XXI əsrin bütün çağırışlarına münasibət bildirən prezident həmçinin Azərbaycanın beynəlxalq mövqeyi, iqtisadi inkişafı, COP 29 sammitinin əhəmiyyəti, Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi və Çinlə strateji tərəfdaşlıq əlaqələri barədə danışmışdır.
Əvvəlcə son illərin ən böyük uğuru olan ərazi bütövlüyünün bərpası məsələsinə diqqət çəkən Prezident İlham Əliyev qeyd etmişdir ki, otuz il ərzində Azərbaycan siyasətinin prioritet məsələsi ərazi bütövlüyünün bərpası olmuşdur. Bu yolda Azərbaycan daim məsələnin beynəlxalq hüquq normaları çərçivəsində icrasına çalışmışdır, lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu məsələyə biganə yanaşmış, BMT Təhlükəsizlik Şurasının qətnamələri, BMT-nin nizamnaməsi kağız üzərində qalmış, işləməmişdir. Bununla da cənab prezident beynəlxalq öhdəliklərə hörmət edilməsinə ehtiyac olduğunu diqqətə çatdırmışdir. Eyni zamanda ədalətin hüquqi müstəvidə bərpasının mümkün olmadığı və ya bərpa olunmadığı məqamlarda Azərbaycanın lazım gələrsə, bu hüququ özünün bərpa edə biləcək gücdə olmasını da diqqətə çatdırmışdır.
Azərbaycan dünya arenasında öz milli maraqlarını təmin etməklə yanaşı dünyanın iqtisadi və siyasi xəritəsində də yerini tutmağa çalışmışdır. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 ildir sədrlik etmək, COP 29 kimi 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etmək, böyük çağırış olmaqla yanaşı böyük məsuliyyət və nailiyyət idi.
Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə zidd olsa da, ikili standartların mövcudluğu səbəbindən Azərbaycan hələ də bu təşkilata üzv deyil. Lakin bunun müsbət və mənfi tərəflərini detallı şərh edən prezident çıxışında qeyd etmişdir ki, ixracının əsas hissəsini qazıntı enerji növləri təşlik edən Azərbaycan onsuz da ölkə əmtəələrini bazarda satır.
Bu gün Azərbaycan iqtisadiyyatı özünü təmin edir. Valyuta ehtiyatlarının xarici borcunu 14 dəfə üstələdiyini, sabit iqtisadiyyatın, sabit xarici sistemin olmasını diqqətə çatdıran ölkə başçısı ölkədə yoxsulluq səviyyəsinin 5 faiz təşkil etdiyini,əhalinin rifah halının yaxşılaşdırılması üçün çoxsaylı sosial layihələrin həyata keçirildiyini də qeyd etmişdir.
Azərbaycan Avropa İttifaqının 10 üzvü, Türkiyə, Özbəkistan, Rusiya eləcə də Çin ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Mərkəzi Asiyada bağlantı layihələrini əsasən Çin tərəfindən maliyyələşməsi, “Bir kəmər, bir yol” təşəbbüsününbütün ölkələr üçün əlavə imkanlar yaradacağını diqqətə çatdıran ölkə başçısı qeyd etmişdir ki, Çin enerji kabeli Azərbaycan və Mərkəzi Asiyanı bir-birinə bağlayır. Bu, yaşıl enerji üçün bir dəhlizdir. Yaşıl enerji potensialı—külək və günəş enerjisi bol ölkə olan Azərbaycan yaşıl texnologiya sahəsində lider olan Çin şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Prezident İlham Əliyev müsahibəsində daha vacib məqamdan, Birləşmiş Ştatlarla ölkəmizin əlaqələrindən danışaraq Prezident Donald Trampın dövründə ABŞ-la münasibətlərinin son dörd ildən fərqli olaraq çox uğurlu olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin Bayden administrasiyasının ədalətsiz və vicdansız yanaşması səbəbindən pisləşdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev ABŞ-la gələcək münasibətlərin daha məhsuldar vəziyyətə qayıda biləcəyinə nikbinliyini ifadə etdi. Bundan başqa, Azərbaycan Prezidenti ABŞ-da hakimiyyət dəyişikliyinin qlobal təhlükəsizliyin yaxşılaşmasına gətirib çıxara biləcəyi fikrini bildirdi, çünki Trampın prezidentliyinin ilk illərində ABŞ yeni müharibələrə başlamadı və bu, son onilliklərdə ölkənin tarixində nadir hadisədir.
Cənab Prezidentin CGTN telekanalına verdiyi müsahibə sıradan bir müsahibədən daha çox beynəlxalq müstəvidə Azərbaycan siyasi mövqeyinin təqdimatıdır da deyə bilərik.
Ülkər Qarayeva
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info