4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
Azərbaycan və Özbəkistan prezidentlərinin 2025-ci il 2 iyul tarixində Bakıda keçirilən görüşü, iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan qətiyyətli addımlarla yadda qaldı. Dövlət başçıları həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduqlaкını bir daha təsdiqlədilər. Bu, siyasi iradənin konkret iqtisadi layihələrə çevrilməsinin və əməkdaşlığın yeni, daha praqmatik mərhələyə qədəm qoymasının göstəricisidir. İqtisadi əlaqələrin mərkəzində bir müddət əvvəl yaradılmış və nizamnamə kapitalı 500 milyon dollar olan birgə İnvestisiya Fondu dayanır. Artıq fond praktiki olaraq layihələrlə təmin edilib və 10-dan çox layihənin investisiya qərarlarının qəbulu mərhələsində olduğu bildirilmişdir. Lakin bu, yalnız başlanğıcdır. Prezidentlərin bəyan etdiyi kimi, planlar bu rəqəmi bir neçə dəfə üstələyir. Birgə sərmayələr üçün prioritet istiqamətlər kimi energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı müəyyən edilib. Azərbaycan üçün Özbəkistana investisiya qoymaq xüsusi əhəmiyyət kəsb edir. Bunun birinci səbəbi Özbəkistanın dost və qardaş ölkə olmasıdırsa, ikinci və eyni dərəcədə vacib səbəb Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi düşünülmüş islahatlar nəticəsində ölkədə yaradılmış çox əlverişli investisiya mühitidir. Bu mühit təkcə Azərbaycan tərəfindən deyil, aparıcı beynəlxalq maliyyə institutları və bir çox digər ölkələr tərəfindən də etiraf edilir ki, bu da Özbəkistanı investisiyalar üçün olduqca cəlbedici məkana çevirir. Görüş zamanı hər iki ölkənin strateji maraqlarına cavab verən nəqliyyat-logistika sahəsi ətraflı nəzərdən keçirilib. Əsas məqsəd, Mərkəzi Asiya regionunda Xəzər dənizinə, Azərbaycana və daha sonra Qərb istiqamətinə çıxışı təmin edən daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasıdır. Tərəflər təkcə ikitərəfli formatda deyil, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq aparmağa razılaşıblar. Bu əməkdaşlığın mərkəzində hazırda müxtəlif qolları ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan Orta Dəhliz layihəsi durur.Mərkəzi Asiyadan gələn bütün şaxələndirilmiş marşrutlar üzrə yükləri son nəticədə qəbul edəcək Azərbaycanın nəqliyyat infrastrukturunun daha böyük həcmlərə hazır olması zərurəti xüsusi vurğulanıb. Bu, regional hab rolunu gücləndirən Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti kənd təsərrüfatıdır. Azərbaycan, Özbəkistanın xüsusilə pambıqçılıq və ipəkçilik sahəsində göstərdiyi məsləhət yardımlarına və yatırdığı sərmayələrə görə minnətdardır.
Özbəkistan şirkətlərinin bu sahədəki zəngin təcrübəsi Azərbaycan üçün çox dəyərlidir. Görüş zamanı həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin və emal sənayesinin inkişafı üzrə iri layihələr xüsusi olaraq müzakirə edilib. Həmçinin, Özbəkistanın sərmayəsi ilə Xankəndi şəhərində yaradılan tikiş fabriki sənaye istehsalı sahəsində əməkdaşlığın uğurlu nümunəsidir. Bu layihə təkcə iqtisadi deyil, həm də işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi baxımından mühüm sosial əhəmiyyət daşıyır. Nəticə etibarilə, Azərbaycan və Özbəkistan iqtisadi əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün aydın yol xəritəsinə malikdirlər. Birgə İnvestisiya Fondu, Orta Dəhliz üzrə strateji tərəfdaşlıq və kənd təsərrüfatında təcrübə mübadiləsi bu əməkdaşlığın əsas sütunlarını təşkil edir. Bu layihələr təkcə iki ölkənin iqtisadiyyatını gücləndirməyəcək, həm də bütün regionun inkişafına və inteqrasiyasına mühüm töhfə verəcəkdir.
Arzu Aslanova
Zığ Bələdiyyə sədri
Sozcu.info