13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü tarixi və simvolik əhəmiyyət daşıyır. Bu Zirvə təkcə regionun iqtisadi əməkdaşlığının müzakirə olunduğu beynəlxalq bir platforma deyil, eyni zamanda Azərbaycanın 30 ildən artıq davam edən işğal və mübarizə tarixinin bir simvoluna çevrildi. Prezident сənab İlham Əliyevin bu tədbirdə söylədiyi “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır” fikri ölkənin keçdiyi çətin, lakin qürurverici yolun ifadəsidir. İşğal faktı və xalq iradəsi.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. Bu illər ərzində bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşdü. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı qüvvələrin çıxarılmasını tələb etsə də, onlar uzun illər icra edilmədi.
Lakin bu dövr ərzində nə Azərbaycan dövləti, nə də xalqı bu vəziyyəti qəbul etdi. Diplomatik müstəvidə apardığı prinsipial siyasət, iqtisadi gücün artırılması və ordunun gücləndirilməsi Azərbaycanın işğalla heç vaxt barışmadığının göstəricisi idi. Ən əsası isə xalqın yaddaşında və ruhunda bu ədalətsizliyə qarşı dəyişməz bir mövqe – “Qarabağ Azərbaycandır!” şüarı daim yaşadı. 2020-ci il – Tarixi ədalətin bərpası.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu beynəlxalq hüquqa və ədalətə əsaslanaraq işğala son qoydu. 44 gün ərzində yüz illər boyu tarixi Azərbaycan torpaqları olan Qarabağ azad edildi. Bu zəfər Azərbaycanın dövlət iradəsinin, xalq birliyinin və liderliyinin təntənəsi oldu. Xankəndidə keçirilən Zirvə – tarixi cavab və mesaj.
2025-ci ildə məhz Xankəndi şəhərinin beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın suverenliyinin və siyasi iradəsinin parlaq təzahürüdür. Prezident cənab İlham Əliyev çıxışında bu fikri vurğuladı:
“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Biz danışıqlar prosesində də, müharibə meydanında da bu prinsipə sadiq qaldıq. Heç bir zaman işğalın nəticələrini qəbul etmədik və nəticədə öz torpaqlarımızı azad etdik.”
Bu bəyanat yalnız keçmişə yox, eyni zamanda gələcəyə verilmiş bir mesajdır: Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər hansı bir təhdidə qarşı milli iradə daim güclü olacaq.
Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışı Azərbaycanın uzun illər apardığı prinsipial siyasətin, xalqın birliyinin və dövlətin gücünün dünyaya nümayişi idi. “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır” tezisi sadəcə bir siyasi bəyanat deyil, bir millətin yaddaşı, qüruru və ədalətə olan sarsılmaz inancının ifadəsidir.
Emil Yusifov
Əmircan bələdiyyə sədri
Sozcu.info