İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır

2025-ci ilin iyulunda Azərbaycan tarixində daha bir yaddaqalan gün yaşandı. Prezident сənab İlham Əliyevin Xankəndiyə səfəri və orada etdiyi çıxış təkcə Qarabağın deyil, bütün Azərbaycanın suverenliyi və siyasi iradəsinin qəti simvoluna çevrildi. Bu, uzun illər işğal altında qalmış torpaqlarımızda dövlət bayrağımızın dalğalanması qədər, milli birliyin və dövlətçilik idealının bərqərar olmasının təntənəsidir.

    Prezidentin Xankəndidəki çıxışı sadəcə siyasi bəyanat deyildi. Bu, illərlə həsrət çəkilən torpaqlarda, Azərbaycanın haqq səsinin artıq mübahisə mövzusu olmadığını nümayiş etdirən bir çağırış idi. Prezident cənab İlham Əliyev  öz çıxışında xüsusilə vurğuladı ki, Azərbaycan dövləti ərazi bütövlüyünü tam təmin edib və bu prosesdə həm hərbi, həm diplomatik, həm də sosial-siyasi iradə nümayiş etdirib.

   Prezidentin sözlərində yalnız qələbə ruhu deyil, həm də gələcəyə ümid vardı. Prezident сənab İlham Əliyev Xankəndidə həyatın tam şəkildə bərpa olunacağını, bölgənin yenidənqurma və inkişaf prosesinin sürətlə davam etdiriləcəyini qeyd etdi. Bu, Azərbaycan dövlətinin sabitlik və rifah strategiyasının konkret nəticəsidir.

   Xankəndidə səslənən mesajlardan biri də xalq-dövlət birliyinin nə qədər möhkəm olduğuna dair idi. Prezident сənab  İlham Əliyev qeyd etdi ki, bu zəfərin arxasında təkcə silah gücü deyil, xalqın inamı, ordunun   şücaəti və siyasi rəhbərliyin dəmir iradəsi dayanır. Bu amillər birlikdə Azərbaycanın regiondakı mövqeyini gücləndirib, dünya ictimaiyyətinə bir daha göstərib ki, ərazi bütövlüyü bizim üçün müqəddəsdir və danışıqlar mövzusu ola bilməz.

   Xankəndidə Azərbaycan bayrağının yenidən ucaldılması, Prezidentin səfəri və orada etdiyi çıxış, tarixə “qalib xalqın səsi” kimi düşəcək. Bu çıxış həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın suverenliyinə qarşı yönəlmiş istənilən cəhdə ən güclü cavabdır.

   Nəticə etibarilə, Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışı tariximizin növbəti şanlı səhifəsinə çevrildi. Bu yalnız bir nitq deyil, bütün bir xalqın qüruru, bir dövlətin qətiyyəti və gələcəyin təminatıdır.

 

Könül Əliyeva

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti