4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
7–8 avqust 2025-ci il tarixlərində Prezident cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi tarixə düşdü. Səfərin nəticələri yalnız iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi ilə məhdudlaşmır, həm də Cənubi Qafqazda sülhün bərqərar olunması, regional iqtisadi inteqrasiya və beynəlxalq enerji əməkdaşlığı baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir.
Azərbaycan və ABŞ arasında imzalanan Anlaşma Memorandumu ilə Strateji İşçi Qrupu yaradıldı. Bu qurumun qarşısında duran əsas vəzifə altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaqdır. Sənədin enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələrdə əməkdaşlığı genişləndirməsi nəzərdə tutulur.
Bu, ilk dəfədir ki, Azərbaycan–ABŞ münasibətləri institusional çərçivəyə salınaraq hər iki tərəfin maraqlarını uzunmüddətli strateji planlar vasitəsilə təmin edəcək.
Azərbaycan–ABŞ münasibətlərində ən həssas məsələlərdən biri, Azadlığa Dəstək Aktına 907-ci düzəliş idi. Erməni lobbi qruplarının təsiri altında 1992-ci ildə qəbul edilən bu hüquqi məhdudiyyət, ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edirdi və illər boyu ikitərəfli münasibətlərə mənfi təsir göstərmişdi. Trampın administrasiyası Azərbaycanın sülh təşəbbüslərinə və regional layihələrinə dəstək verməklə yanaşı tarixə ədalətsiz qərar kimi düşmüş 907-ci düzəlişin tətbiqini tamamilə dayandıran sərəncam imzaladı.
Prezident Donald Trampın düzəlişi məhz Prezident cənab İlham Əliyevlə görüş zamanı ləğv etməsi həm rəmzi, həm də praktiki əhəmiyyət daşıyır. Bu addım, Vaşinqtonun Azərbaycana münasibətində yeni səhifənin açıldığını göstərir.
Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini parafladılar. Eyni zamanda, ATƏT-in Minsk Prosesi və onun əlaqəli strukturlarının fəaliyyətinin dayandırılması barədə birgə müraciət qəbul olundu. Bu, 30 ildən artıq davam edən, lakin sülhə real töhfə verməyən formatın formal olaraq başa çatması deməkdir. Azərbaycan tərəfi, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi irəli sürür.
Vaşinqton görüşlərinin ən mühüm sənədlərindən biri Azərbaycan, Ermənistan və ABŞ prezidentlərinin imzaladığı Birgə Bəyannamə oldu. Burada, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması nəzərdə tutulur. Bu nəqliyyat xətti yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünü də tranzit ölkəyə çevirərək iqtisadi imkanlarını artıracaq.
SOCAR və ExxonMobil arasında imzalanan əməkdaşlıq memorandumu, Azərbaycanın enerji sektorunda yeni perspektivlər açır. Əldə olunan ilkin məlumatlara görə, ölkədə böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. ABŞ-ın enerji nəhəngi ExxonMobil-in texnologiyası və təcrübəsi bu potensialın reallaşdırılmasına töhfə verə bilər.
Bununla yanaşı, tərəflər qaz ixracı, bərpaolunan enerji mənbələri və enerji infrastrukturunun inkişafı istiqamətində də əməkdaşlıq etməyi planlaşdırır.
Prezident cənab İlham Əliyev səfəri “tarixi gün” kimi qiymətləndirərək qeyd edib ki, əldə edilən razılaşmalar təkcə Azərbaycan və ABŞ üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün sülh, təhlükəsizlik və iqtisadi rifahın təminatçısı ola bilər.
Azərbaycanla bağlı dərin və konkret bilgiləri olan Donald Tramp ölkəmizin geosiyasi mövqeyini, enerji potensialını və ABŞ üçün strateji əhəmiyyətini yüksək qiymətləndirirdi. Tramp Azərbaycanın ABŞ-a həmişə dost münasibət göstərdiyini vurğulayaraq, ölkəmizin regional sabitlik və təhlükəsizlikdə rolunu dəstəklədiyini bildirdi.
Prezident cənab İlham Əliyev Trampı “real nəticələrə nail olan lider” kimi xarakterizə edərək qeyd etdi ki, onun altı ay ərzində Asiya, Afrika və Cənubi Qafqazda sülh təşəbbüsləri uğurla həyata keçirilib. İlham Əliyev hətta Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif etdi.
Yusif İbrahimov
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Sozcu.info