4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
Prezident cənab İlham Əliyevin Ağ Evdəki tarixi səfəri Azərbaycan diplomatiyası və beynəlxalq münasibətlər tarixində mühüm hadisə kimi yadda qalacaq. Ağ Evə daxil olan anlardan etibarən rəsmi qarşılanma mərasimi, əl sıxmalar, təbəssümlər və siyasi mesajlarla zəngin atmosfer diqqət çəkirdi. ABŞ Prezidenti Donald Trump tərəfindən göstərilən xüsusi münasibət, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident cənab İlham Əliyev bu görüşü “ABŞ–Azərbaycan münasibətlərində yeni səhifə” kimi dəyərləndirdi və bunu tarixi hadisə adlandırdı.
Görüş zamanı regionun gələcəyinə təsir edəcək mühüm sənədlər imzalandı. Azərbaycan və Ermənistan liderləri, ABŞ Prezidentinin vasitəçiliyi ilə sülh bəyannaməsinə imza ataraq uzun illər davam edən qarşıdurmaya son qoymaq istiqamətində mühüm addım atdılar. Sənəddə düşmənçiliyə son qoymaq, sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və qarşılıqlı etimad mühitinin yaradılması kimi maddələr yer aldı.
Səfərin ən diqqətçəkən məqamlarından biri “Trump Route for International Peace and Prosperity” adlı yeni tranzit koridorunun elan edilməsi oldu. Bu yol Azərbaycanı Naxçıvanla birləşdirəcək və regionun geoiqtisadi inkişafına təkan verəcək. ABŞ şirkətlərinin də bu layihədə iştirak edəcəyi bildirildi ki, bu da həm iqtisadi, həm də siyasi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.
Bundan əlavə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq memorandumu imzalandı. Bu sənəd enerji, ticarət, süni intellekt, təhlükəsizlik və müdafiə sahələrində əlaqələrin genişləndirilməsini nəzərdə tutur. İmzalanan memorandum iki ölkənin gələcəkdə “Strateji İşçi Qrup” vasitəsilə daha böyük əməkdaşlıq çərçivəsinə keçidini təmin edəcək.
ABŞ Prezidenti Donald Trump tərəfindən Prezident cənab İlham Əliyevə Ağ Evin simvolik “açarı”nın təqdim olunması isə dostluğun, qarşılıqlı etimadın və təhlükəsiz gələcəyin rəmzi kimi yadda qaldı. Bu jest sadəcə protokol hərəkəti deyil, həm də siyasi münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi idi.
Prezident cənab İlham Əliyev səfərin yekunlarını yüksək qiymətləndirərək bildirdi ki, bu görüş yalnız iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə regionun gələcəyinə yeni istiqamət verir. Ağ Evdə atılan bu addımlar Cənubi Qafqazda sülhün, inkişafın və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
Pakizə Maqsudova
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info