Cənab Tramp Nobel Sülh mükafatına layiqdir

 Prezident cənab İlham Əliyevin Vaşinqtona səfəri zamanı gerçəkləşən ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli  Vaşinqton Zirvəsi ölkəmizin tarixində  böyük tarixi qələbə kimi düşməklə yanaşı, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın gələcək inkişafı baxımından müstəsna imkanlar yaradacaq.

      Prezident cənab  İlham Əliyevin Ağ Evdə mətbuat üçün bəyanatında deyildiyi kimi, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və iki ölkənin strateji tərəfdaşlığı başlayır. “Bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir”. Prezident cənab  İlham Əliyev bildirib ki, strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir. “Buraya qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır.”

     Prezident cənab  İlham Əliyev bildirib ki, 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. “Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq.”

     Dövlət başçısı bildirib ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. “Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu.  Amma o ərəfədə artıq biz müharibə içində idik.  Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik.  Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq.  Prezident cənab  İlham Əliyev bildirib ki, biz Baş nazir Paşinyanla razılaşaraq birgə bir təşəbbüs də irəli sürək,  Nobel sülh mükafatının sülh komitəsinə göndərək ki, cənab Tramp bu mükafata layiqdir. “Müharibə içində olan iki ölkənin rəhbərləri kimi bu tarixi imzalanma mərasimində iştirak etmək həqiqətən də real bir nailiyyətdir və heç kəs bu nailiyyətə imza ata bilmirdi. Burada bir çox prezident olub.  1990-cı illərdən fəaliyyət göstərən fərqli prezidentlər olub və faktiki olaraq mənim erməni həmkarım ilə 1992-ci ildən başlayan Minsk prosesinə son qoyduq.  ATƏT-in Minsk qrupu artıq 30 il idi ki, fəaliyyət göstərirdi.  Bəs, indi Prezident Tramp deyilsə, bu sülh mükafatına kim layiqdir? Mən tarixə, çox qəribə qərarlara varmaq istəmirəm. Sülh Komitəsi bəzilərinə, ümumiyyətlə, həyatda bir iş görməyən adamlara bu mükafatı verib. Amma Prezident Tramp cəmi altı ay ərzində möcüzəyə imza atdı və əminəm ki, mənim Ermənistandan olan həmkarım bu təşəbbüsü dəstəkləyəcəkdir. Buradakı auditoriyada əyləşənlərin reaksiyalarına əsasən, məncə, birgə məktub tərtib edə bilərik. Ümidvaram ki, Siz də məni həmin mərasimə dəvət edəcəksiniz və məmnuniyyətlə, həmin mərasimdə iştirak edərəm.”

     Vaşiqntona səfərinin yekunları ilə bağlı mətbuatın suallarını cavablandıran Prezident  cənab İlham Əliyev bildirib ki, səfərin nəticələrini çox yüksək qiymətləndirir. “İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”. 

     Dövlət başçısı ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupunun yaradılmasını xüsusi vurğulayıb və bu sənədin böyük əhəmiyyət daşıdığını bildirib: “Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır”.

     Prezident  cənab  İlham Əliyev bildirib ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər. 

     Prezident Trampla görüşünün ilk olduğunu, ancaq buna baxmayaraq çox səmimi şəkildə keçdiyini bildirən  cənab İlham Əliyev ABŞ prezidentinin Azərbaycanla bağlı olan bilgilərinin onu təəccübləndirdiyini söyləyib. “O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini,   Azərbaycanın   Amerika   Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq.  Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir.  Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”. 

     Prezident cənab  İlham Əliyev  Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirdiyini və bu hadisənin Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələ olduğunu bildirib. “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın.  Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər.”

    “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçirilməsi Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edəcəyini bildirən Prezident cənab İlham Əliyev SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanmasının şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirəcəyini qeyd edib.

    Bütün bunlar təsdiqlləyir ki, Prezident  cənab İlham Əliyevin 7-8 avqust 2025-ci il tarixində gerçəkləşmiş Vaşinqton səfəri Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğacını qoyub.


İxtiyar Nəcəfov

Qaraçuxur bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti