Ərdoğandan Gürcüstana sərt tələb: “Ahıska türkləri vətənlərinə ləyaqətlə qayıtmalıdır”



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tiflisdə Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə birgə keçirdiyi mətbuat konfransında Ankaranın Ahıska türklərinin Gürcüstana təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını gözlədiyini bəyan edib.

Ərdoğan vurğulayıb ki, bu məsələ Türkiyə üçün humanitar və tarixi baxımdan böyük önəm daşıyır.

Sozcu.info xəbər verir ki, Ahıska türkləri tarixən Gürcüstanın cənubundakı Mesxeti bölgəsində yaşamış, lakin 1944-cü ilin noyabrında Stalin tərəfindən təxminən 120 min nəfər zorla Orta Asiyaya deportasiya olunmuş, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda yerləşdirilmiş və geri qayıtmaq hüququndan məhrum edilmişdir.

Sonrakı onilliklərdə ahıskalıların bir hissəsi Rusiya, Azərbaycan, Türkiyə, ABŞ və digər ölkələrə köç etmişdir. 1980-ci illərin sonunda bəzi ailələr Gürcüstana qayıtmağa başlasa da, bu proses kütləvi xarakter daşımayıb. 2007-ci ildə Gürcüstanda repatriasiya haqqında qanun qəbul edilsə də, gözlənilən miqyasda dönüş baş verməmişdir. Ərdoğanın bəyanatı müşahidəçilər tərəfindən məsələnin beynəlxalq gündəmə yenidən çıxarılması və Tiflisin bu istiqamətdə konkret addımlar atması üçün açıq çağırış kimi qiymətləndirilir.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti