Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir

2025-ci il avqustun 21-də Prezident cənab İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri Azərbaycan tarixində növbəti mühüm mərhələ kimi yadda qaldı. Dövlət başçısının çıxışı həm tarixi ədalətin bərpasının, həm də Böyük Qayıdış proqramının real nəticələrinin təcəssümü idi. 32 ildən sonra doğma torpaqlarına qayıdan kəlbəcərlilərlə görüşündə  Prezident qeyd etdi ki, bu gün yalnız bir şəhərin deyil, bütün Azərbaycanın həyatında dönüş nöqtəsidir.

      Ölkə rəhbəri çıxışında Kəlbəcərin işğalının ağır nəticələrinə toxunaraq bildirdi ki, 1993-cü ildə baş verən faciə Azərbaycan üçün strateji baxımdan böyük itkilərə yol açmışdı. Ermənistanın işğal siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı didərgin düşmüş, bölgədə böyük dağıntılar törədilmişdi. Lakin xalqımızın iradəsi, güclü dövlət və ordunun formalaşdırılması nəticəsində 2020-ci ildə əldə edilən qələbə ilə bu ədalətsizlik aradan qaldırıldı. Prezident vurğuladı ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi və Kəlbəcər də daxil olmaqla işğal altındakı torpaqlar azad edildi.

Çıxışında Prezident cənab İlham Əliyev həmçinin Azərbaycanın müstəqil siyasət yürüdərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdiyini xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, Kəlbəcərin bir güllə atılmadan azad olunması Azərbaycanın siyasi-diplomatik üstünlüyünün nəticəsidir. Bununla yanaşı,  Prezident  2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarının da ölkənin suverenliyini tam bərpa etdiyini vurğuladı. Bu hadisələrin Azərbaycan tarixində  8 Noyabr  Zəfəri qədər əhəmiyyət daşıdığını qeyd edən Prezident bildirdi ki, xalqımız heç vaxt öz torpaqlarından imtina etmədi və bu mübarizənin nəticəsi olaraq qalib gəldi.

      Prezident cənab  İlham Əliyevin Kəlbəcərdəki çıxışında gələcəyə dair planlar da geniş yer aldı. Dövlət başçısı bildirdi ki, Kəlbəcərdə  dörd yaşayış kompleksinin tikintisi nəzərdə tutulub və on minlərlə insan mərhələli şəkildə doğma yurda qayıdacaq. Artıq işıqlı evlər, məktəblər, yollar, elektrik, qaz və su infrastrukturu yaradılıb. Səfər çərçivəsində yeni yaşayış komplekslərinin, kiçik su elektrik stansiyalarının, parkın və digər obyektlərin təməli qoyuldu. Həmçinin, “Balland-Kəlbəcər balı” mağazasının açılması bölgənin sosial-iqtisadi inkişafına töhfə verən addımlardan biri oldu. Prezident qeyd etdi ki, Azərbaycanın bütün azad edilmiş torpaqları kimi Kəlbəcərdə də həyat yenidən bərqərar olacaq, insanlar burada rahat və firavan şəraitdə yaşayacaqlar.

       Prezidentin sözlərinə görə, Azərbaycan xalqı bu gün həm qalib, həm də qurucu xalqdır. Ermənistanın törətdiyi dağıntılar fonunda Azərbaycan bu torpaqlarda yeni həyat qurur, müasir şəhərlər və kəndlər inşa edir. Dövlət başçısı kəlbəcərlilərə müraciət edərək onları rahat yaşamağa, torpaqlarını qorumağa və inkişaf etdirməyə çağırdı. O bildirdi ki, Azərbaycan xalqı düşməndən qisasını döyüş meydanında alıb, lakin bu gün əsas məqsəd quruculuq və sülhün təmin edilməsidir.

       Prezident cənab İlham Əliyev həmçinin Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan heç bir ölkənin ərazisini zəbt etməyib, yalnız öz torpaqlarında müharibə aparıb və ərazi bütövlüyünü bərpa edib. Bu isə ölkəmizi dünya birliyi qarşısında ləyaqətli dövlət kimi təqdim edir. Azərbaycanın həyata keçirdiyi layihələr – yeni yollar, dəmir yolları, elektrik stansiyaları və digər infrastruktur obyektləri təkcə bölgənin deyil, bütövlükdə regionun gələcək inkişafına mühüm töhfə verir.    

Prezident cənab İlham Əliyevin Kəlbəcərdəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız regionda deyil, bütün dünyada qalib və ləyaqətli dövlət kimi tanınır.  Azərbaycanın əldə etdiyi tarixi qələbələr, həyata keçirilən nəhəng infrastruktur layihələri və Böyük Qayıdış Proqramı ölkəmizin gələcək inkişafının möhkəm zəminini təşkil edir.  Bu səfər isə həm kəlbəcərlilər, həm də bütün Azərbaycan xalqı üçün unudulmaz bir hadisə kimi tarixə yazıldı.


Musa Rzayev

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti