18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 avqust 2025-ci il tarixində Türkmənistana rəsmi səfər etmişdir. Səfər çərçivəsində keçirilən görüşlər həm ikitərəfli münasibətlərin inkişafında, həm də regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident cənab İlham Əliyev Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüş keçirmişdir. Görüşdə dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə söykəndiyi vurğulanmış, xalqlarımız arasında tarixi və mədəni yaxınlığın əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı qeyd olunmuşdur. Berdiməhəmmədov Azərbaycan Prezidentinə səfərə görə təşəkkür etmiş, Əliyev isə Türkmənistana səfərindən məmnunluğunu ifadə etmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafına, həmçinin regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə vermişdir. Səfərin nəticələri Azərbaycan–Türkmənistan əlaqələrinin gələcək inkişafına yeni impuls qazandırmışdır.
Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən yüksəksəviyyəli görüş isə regional əməkdaşlığın yeni müstəviyə yüksəldiyini təsdiqləyir. Bu görüşdə enerji, nəqliyyat, ticarət, mədəniyyət və digər sahələrdə üçtərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunmuş, bir sıra sənədlər imzalanmışdır. Hər üç ölkəni bir araya gətirən əsas amil tarixi bağlarımız, eyni söykökə, dil və dinə, dəyərlərə sahib olmağımızdır. Bu amillər digər sferalarda daha tez anlaşmağımıza əsas verir. Liderlər Xəzər dənizi hövzəsində və Orta Asiyada sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulamışlar.
Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2007-ci ildə yaradılmış Hökumətlərarası birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub.
Azərbaycan ilə Türkmənistan arasında iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi əsas müzakirə mövzularından biri olmuşdur. İki ölkə arasında yeni layihələrin reallaşdırılması, xüsusilə də logistika və enerji marşrutlarının inkişaf etdirilməsi ön plana çəkilmişdir. Bununla yanaşı, xalçaçılıq, atçılıq, təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinmişdir.
Bu səfər Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İkitərəfli və üçtərəfli formatda keçirilən danışıqlar regionda əməkdaşlıq üçün yeni imkanlar açır, xalqlarımızı birləşdirən tarixi dostluğun möhkəmlənməsinə xidmət edir.
Arzu Aslanova
Zığ bələdiyyə sədri
Sozcu.info