Qarabağda Dövlət Bayrağının Ucaldılması və Suverenliyin Bərpası


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı

20 sentyabr ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən tarixlə əlaqədardır. Həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Prezident cənab  İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.  Bu əlamətdar tarix şanlı ordumuzun növbəti qəhrəmanlıq salnaməsi ilə səciyyəvidir və bu günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları  və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək  ərazilərimizdən çıxarılması  ilə    bağlıdır. 

       23 saat  43 dəqiqə davam edən tədbirlərin müddəti az olsa da tarixi və hərbi qüdrəti çox böyük oldu. Vətən müharibəsindəki Zəfərin davamı olaraq  2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı  birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini  tam    bərpa    etdi.

       Döyüşlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin  birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların  tətbiqi ilə sıradan çıxarıldı.  Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi.  Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının  həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

       Antiterror tədbirləri nəticəsində Azərbaycanın  bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.  Prezident  cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.  Həmin tarixdə Azərbaycan lideri cənab  İlham Əliyev Xankəndidə çıxış edərək bildirdi ki,  bu gün tarixi bir gündür: "Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik,  onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı  Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki,  biz bu Qələbəyə layiqik.  Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.  Qarabağ bizimdir, Qarabaq    Azərbaycandır!"

      Bəli, hər birimiz Vətənimizlə fəxr edirik.  Doğma torpaqlarımızı qanı və canı bahasına bizə geri verən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik.  Onların xatirəsi qəlbimizdə daim yaşayır. Ordumuzla fəxr edirik. Suverenliyimizin bərpası milli qürurumuzun əbədi təntənəsi və dövlətimizin gələcək nəsillərə ən qiymətli mirasıdır.  Vətənimizi qorumaq isə hər birimizin ən mühüm vəzifəsidir.


Südabə Abdullayeva

Suraxanı rayonu, 279  nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti