“Azərbaycanın Qələbəsi və Sülh Yolunda Tarixi Çıxış”

 BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident cənab  İlham Əliyevin tarixi çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı ədalət, beynəlxalq hüquq və sülh dəyərlərinin ən ön sıralarında dayanır. Biz uzun illər boyu işğalın ağrılarını yaşamış bir millət kimi, indi qalib dövlət olaraq dünyaya sülh çağırışları edirik. Prezidentimizin bu çıxışı yalnız ölkəmizin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətini çəkən strateji bir baxışın təzahürü oldu.

         Azərbaycanın müstəqillik tarixində ən ağrılı səhifələrdən biri Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və hərbi işğal siyasəti olmuşdur. Ölkəmizin təqribən iyirmi faizi otuz ilə yaxın müddətdə işğal altında saxlanıldı. Bir milyon insan doğma yurdundan didərgin düşərək, qaçqın və məcburi köçkün həyatı yaşadı. Fundamental insan hüquqları kobud şəkildə pozuldu. Prezident  cənab İlham Əliyev öz çıxışında bir daha xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə hələ o vaxt yerinə yetirilsəydi, nə bu qədər dağıntı, nə də bu qədər qan tökülərdi. Təəssüf ki, Ermənistan heç bir sanksiyaya məruz qalmadan qətnamələri tapdaladı.

         1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu isə, əksinə, münaqişənin həllini deyil, status-kvonu qorumağa çalışdı. Bu, beynəlxalq təşkilatların acizliyini bir daha sübut etdi. Azərbaycan yalnız 2020-ci ildə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. Vətən müharibəsi zamanı Ermənistan dinc şəhərlərimizi ballistik raketlərlə hədəfə aldı, kasetli bombalardan istifadə etdi, yüzdən çox mülki insanı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüququn tələblərinə uyğun apardı. Silahlı Qüvvələrimiz mülki əhaliyə toxunmadı, qeyri-hərbi infrastruktur hədəf seçilmədi.

        Nəticədə 44 günlük müharibə  Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı. Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, həm də beynəlxalq hüququn üstünlüyünü təmin etdi. Prezident cənab İlham Əliyevin BMT kürsüsündən dediyi kimi, bu, təkcə Azərbaycanın deyil, beynəlxalq ədalətin də qələbəsidir.

        Qələbədən dərhal sonra dövlətimiz sülh prosesinə başlamaq təşəbbüsü göstərdi. Ermənistanla münasibətlərin qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında qurulması üçün Azərbaycan 5 əsas prinsip irəli sürdü. Sülh müqaviləsinin layihəsi təqdim olundu və danışıqlar 2022-ci ildən başlayaraq 2025-ci ilin yayına qədər davam etdi. Vaşinqton Sammitində – ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə tarixi bir addım atıldı: Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri isə Birgə Bəyanata imza atdılar. ABŞ Prezidenti Donald Tramp bu sənədə şahid kimi imza ataraq prosesə mühüm dəstək verdi.

       Bu, Cənubi Qafqaz tarixində yeni səhifədir. Eyni zamanda, artıq köhnəlmiş və fəaliyyətsiz qurum olan ATƏT-in Minsk qrupu birdəfəlik bağlandı. Bu, Azərbaycanın diplomatik qələbələrindən biridir.

       Vaşinqton Sammitində həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təsis olundu. Bu layihə Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin etməklə regional əlaqələri daha da gücləndirəcək.

      Prezident cənab İlham Əliyevin çıxışında ABŞ ilə yeni Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasından da danışıldı. Bu, Azərbaycan–ABŞ münasibətlərində tamamilə yeni mərhələ deməkdir. Həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində bu əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

      Dövlət başçımız çıxışında ABŞ-ın 907-ci düzəlişin tətbiqini dayandırmasını da tarixi addım kimi qiymətləndirdi. Bu düzəliş illərlə ölkəmizə qarşı ədalətsiz bir məhdudiyyət olmuşdur. Onun ləğvi ikili standartların aradan qaldırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir.

       Bir təhsil işçisi kimi, mənim üçün bu çıxışda ən mühüm mesaj odur ki, biz nəinki müharibədə qalib gəldik, həm də sülhü qazandıq. Ölkəmizin gələcək inkişafı, şagirdlərimizin rahat və təhlükəsiz gələcəyi üçün ən böyük təminat məhz bu qələbədir.

      Bu gün artıq dünya Azərbaycanın sülh təşəbbüslərini tanıyır və dəstəkləyir. Prezidentimizin BMT kürsüsündə səsləndirdiyi çağırış da məhz budur: beynəlxalq hüquqa hörmət, ədalətin üstünlüyü, ikili standartlara son qoyulması. Bu dəyərlər bəşəriyyətin gələcək inkişafı üçün yeganə yoldur.

       Azərbaycan məktəbləri, müəllimləri və şagirdləri olaraq, biz də bu yolda dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməliyik. Çünki güclü dövlət, qalib xalq və ədalətli siyasət – şagirdlərimizin sabahı, xalqımızın gələcəyi deməkdir.


Leyli Rüstəmova

Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Sozcu.nfo



Oxşar Xəbərlər

Xəbər lenti