17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
25 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında geniş çıxış etmişdir. Bu çıxış həm Azərbaycanın dünya ictimaiyyətinə verdiyi siyasi mesajların aydın ifadəsi, həm də ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun təsdiqi kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyevin çıxışı ilə Azərbaycan bir daha sübut etdi ki, regionun lider dövləti olmaqla yanaşı, həm də qlobal sülhvə təhlükəsizli proseslərinin fəal iştirakçısıdır.
Prezident cənab İlham Əliyev çıxışının mühüm hissəsini Qarabağ məsələsinə həsr edərək bildirdi ki, Azərbaycan uzun illər boyu beynəlxalq hüququn pozulması, ərazilərinin işğal altında saxlanılması ilə üz-üzə qalmışdı. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Bu, həm də beynəlxalq hüququn ədalətli şəkildə bərpa olunması deməkdir. Dövlət başçısı vurğuladı ki, bu gün Qarabağda geniş quruculuq və bərpa işləri aparılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Azərbaycan regionda dayanıqlı sülhün təmin olunmasını qarşısına məqsəd qoymuşdur. Prezident cənab İlham Əliyev Ermənistanla normallaşma məsələsinə də toxundu. O qeyd etdi ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bu müqavilə yalnız qarşılıqlı ərazi bütövlüyü və dövlətlərin suverenliyinin tanınması əsasında mümkündür. Ermənistanın destruktiv siyasətindən əl çəkəcəyi təqdirdə regionda uzunmüddətli sülh və sabitlik təmin oluna bilər. Bu isə təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün faydalı olacaqdır. Prezident çıxışında xüsusi olaraq beynəlxalq hüququn aliliyinə diqqət çəkdi. Azərbaycanın uzun illər işğal altında qalmasına baxmayaraq, BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmaması beynəlxalq sistemdə ciddi boşluqları üzə çıxardı. Dövlət başçısı vurğuladı ki, beynəlxalq təşkilatlar selektiv mövqedən çıxış etməməli, ədaləti bütün hallarda bərpa etməlidirlər. BMT-nin səmərəli fəaliyyət göstərə bilməsi üçün islahatların aparılmasının vacibliyi qeyd olundu.Azərbaycan son illərdə enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşa çevrilmişdir. Prezident cənab İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan artıq Avropanın enerji təminatında strateji rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq əməkdaşlıqda mühüm iştirakını təsdiqləyir.
Azərbaycan yalnız neft-qaz ölkəsi deyil, həm də “yaşıl enerji” konsepsiyasının daşıyıcısı kimi çıxış edir. Bu istiqamətdə Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransı mühüm tarixi hadisədir.
Çıxışda iqlim dəyişiklikləri məsələsinə də geniş yer ayrıldı. Prezident vurğuladı ki, ekoloji problemlər artıq qlobal təhlükəsizliyə birbaşa təsir göstərir. Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirdiyi təşəbbüslərlə dünya miqyasında ekoloji şüurun artırılmasına töhfə verir. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”nın yaradılması bu istiqamətdə atılmış praktik addımlar sırasındadır.
Prezident cənab İlham Əliyev beynəlxalq terrorizm, kütləvi miqrasiya, humanitar böhranlar və regional münaqişələrin həlli məsələlərinə də diqqət yönəltdi. O bildirdi ki, dövlətlər bu çağırışlarla mübarizədə birgə fəaliyyət göstərməlidirlər. Azərbaycan humanitar təhlükəsizlik məsələlərində də aktiv mövqedədir və bir çox beynəlxalq humanitar layihələrə dəstək verir.
Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndiyini nümayiş etdirdi. Azərbaycan bu gün regional sabitliyin qarantı olmaqla yanaşı, həm də qlobal miqyasda sülh, enerji təhlükəsizliyi və dayanıqlı inkişafın fəal təşəbbüskarlarından biri kimi çıxış edir. Bu çıxış həm dünya ictimaiyyəti üçün mühüm mesaj, həm də Azərbaycanın artan nüfuzunun bariz göstəricisi oldu.
Nailə Sadıqova
Suraxanı rayonu , 275 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info