17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü
2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə əlamətdar gün kimi daxil oldu. Həmin gün Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatla 44 günlük Vətən müharibəsinə son qoyuldu. Bu sənəd Ermənistanın faktiki kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası anlamına gəlirdi. Hərbi sahədə qazanılmış qələbə siyasi müstəvidə də təsdiqini tapdı. Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş ərazilər mərhələli şəkildə azad edildi. Xüsusilə Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən əsas hadisə oldu. Bu uğurlar Ermənistanı geri çəkilməyə və şərtsiz şəkildə bəyanatı imzalamağa məcbur etdi.
Noyabrın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.
Əvvəlcə bəyanatın üç ölkənin başçısı tərəfindən videokonfrans vasitəsilə imzalanması nəzərdə tutulub. Amma sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina edib. O, ölkəsinin kapitulyasiya aktına gizlincə imza atıb. Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmirdi. Belə ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən üç il Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Hələ bu azmış kimi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulurdu, ərazilərimiz minalanırdı, müxtəlif təxribatlar törədilirdi.
İmzalanmış bəyanata əsasən, Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz şəkildə tərk etməli oldu. Bununla da Azərbaycan həm hərbi, həm də diplomatik vasitələrlə öz ərazi bütövlüyünü bərpa etdi. BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədlər daxilində Azərbaycanın suverenliyi təmin olundu. Bu tarixi hadisə təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyini dəyişdi. Münaqişənin hərbi fazası başa çatdı və Cənubi Qafqazda yeni reallıqlar yarandı.
Emil Yusifov
Əmircan bələdiyyəsinin sədri
Sozcu.info