NEFTDƏ BİRİNCİ, QAZDA İKİNCİ... – İtaliya Azərbaycanın qeyri-neft sektoruna yatırımlar qoyacaq


İtaliyanın Prezidenti Sergio Mattarella hazırda Azərbaycanda rəsmi səfərdədir. Dünən dövlət başçıları İlham Əliyev və Mattarella mətbuata bəyanatlar verərək, əlaqələrin gələcək perspektivlərinə dair fikirlərini bölüşüblər. İki ölkə arasında iqtisadi əlaqələr yalnız ticarətlə məhdudlaşmır - enerjidən təhsilə, mədəni əməkdaşlıqdan Avropa İttifaqı istiqamətinə qədər geniş spektri əhatə edir.

Ötən il Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar təşkil edib. Amma rekord göstərici 2022-ci ildə idi, o vaxt 18 milyard 122 milyon dollar olub. Bu sıçrayış, dünyada enerji bazarında qiymətlərin ani yüksəlişi və mavi qazın strateji əhəmiyyəti ilə bağlı idi. 2024-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24%-i məhz İtaliyanın payına düşüb. Cənub Qaz Dəhlizi və TAP kimi enerji layihələri vasitəsilə qaz nəqli, xüsusilə İtaliya bazarına ixrac, ikitərəfli əlaqələrin həcminə birbaşa təsir edir. Belə ki, 2024-cü ildə Azərbaycandan Avropaya qaz ixracı 8,6% artaraq 12,9 milyard kubmetr təşkil edib və layihənin növbəti mərhələsində bu göstərici 20 milyard kubmetrə çatdırılacaq.

Mattarella Azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransındakı çıxışında vurğulayıb: “Bu səfərin bizim ölkələrimiz arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi üçün vacib bir addım olduğunu düşünürəm. Biz çalışacağıq ki, bu münasibətlər böyüsün, inkişaf etsin və daha çox sahələri əhatə etsin - ölkələrimizin və xalqlarımızın rifahına xidmət etmək üçün”.

Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışında bildirib ki, Azərbaycanla İtaliya arasında münasibətlər yalnız enerji sahəsi ilə məhdudlaşmır, müxtəlif istiqamətləri əhatə edir və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdədir. Onun sözlərinə görə, enerji əməkdaşlığı qarşılıqlı etimad və uzunmüddətli strateji tərəfdaşlıq üzərində qurulub.

Prezident qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisi ixracı istiqamətində işləyir. Eyni zamanda, gələcəkdə Mərkəzi Asiyadan elektrik enerjisinin Qafqaz və Avropaya ötürülməsi layihələri də mümkündür. İlham Əliyev həmçinin vurğulayıb ki, İtaliyanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr əməkdaşlığın yeni istiqamətlərini təşkil edir. Onun fikrincə, bu sahədə qarşılıqlı fəaliyyət iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Beləliklə, Mattarellanın Bakıya səfəri, yalnız Azərbaycan-İtaliya münasibətlərinin dərinləşdirilməsi baxımından deyil, hətta Aİ-nin enerji təhlükəsizliyi strategiyasında da mühüm əhəmiyyət daşıyır. İtaliya, Aİ üzvü kimi, Azərbaycanın Avropaya qaz ixracında körpü rolunu oynayır. Bu, Avropanın enerji diversifikasiyası siyasətində kritik komponentdir: Rusiyadan asılılığı azaltmaq məqsədi ilə alternativ marşrutlar və mənbələr axtarılır.

Mattarellanın bəyanatları və Prezident İlham Əliyevin vurğuladığı məsələlər göstərir ki, əlaqələr artıq sadəcə neft və qazla məhdudlaşmır. Təhsil, mədəniyyət, texnologiya və infrastruktur sahələrində əməkdaşlıq planları genişlənir. İtaliyanın Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyuluşları, xüsusən azad edilmiş ərazilərdə reabilitasiya layihələri, gələcək əməkdaşlığın yeni istiqamətlərini formalaşdıracaq.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti