17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Prezident cənab İlham Əliyev artıq adını xalqımızın tarixinə əbədi olaraq həkk etmiş bir qadir dövlət başçısıdır. Onun rəhbərliyi ilə görülən işlərin dəyəri zaman keçdikcə daha aydın görünür. Çünki böyüklüyün əsl ölçüsü bəzən yalnız zamanın prizmasında, bir qədər uzaq məsafədən dərk edilir. İnsan hündürlüyə qalxdıqca ətrafındakı mənzərəni daha bütöv görə bildiyi kimi, tarix də keçmişin hadisələrinə yuxarıdan baxaraq onların əsl mahiyyətini açır. Elə bu səbəbdəndir ki, gələcək nəsillər bu günün işlərini daha da yüksək qiymətləndirəcək, Prezident İlham Əliyevin quruculuq missiyasını, diplomatik bacarığını və xalqına göstərdiyi xidmətləri minnətdarlıqla anacaqlar.
Azərbaycanın qazandığı ən ali dəyər onun müstəqilliyidir. Bu müstəqilliyi qorumaq, möhkəmləndirmək və dünya xalqları ailəsində layiqli yerimizi təmin etmək isə dövlət başçısının ən ali missiyasıdır. Prezident cənab İlham Əliyev bu yolda ölkəmizin beynəlxalq siyasət kursunu müəyyən edərək, onu ardıcıllıqla həyata keçirir. Bu siyasət yalnız region dövlətləri tərəfindən deyil, qlobal güc mərkəzləri tərəfindən də hörmətlə qarşılanır. Azərbaycanın seçdiyi yol aydındır: bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və heç bir tərəfə qarşı yönəlməyən əməkdaşlıq. Bu prinsiplər Azərbaycanı etibarlı tərəfdaş kimi dünyada tanıdıb, ölkəmizi beynəlxalq münasibətlərdə nüfuzlu bir mövqeyə gətirib.
30 sentyabr tarixində bu siyasətin bariz nümunələrindən biri baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarella mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu səfər təkcə iki dövlət başçısının görüşü deyildi – bu, həm də Azərbaycan–İtaliya münasibətlərində yeni bir səhifənin açılması idi.
İtaliya Prezidentinin Bakıya səfəri təsadüfi deyildi. Sercio Mattarella artıq ikinci dəfədir ki, Azərbaycana rəsmi səfər edirdi. Onun ilk gəlişindən yeddi il ötüb. Bu dəfəki görüş isə münasibətlərin dayanıqlı, uzunmüddətli və səmimi xarakter daşıdığını sübut etdi. Cənab Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər dostluqla məhdudlaşmır, onlar əsl strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bunun sübutu kimi iki dövlət arasında imzalanmış mühüm sənədləri qeyd etmək olar. 2015-ci ildə ilk strateji tərəfdaşlıq sazişi imzalandı. Beş il əvvəl isə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edildi. Bu sənədlər yalnız kağız üzərində qalan yazılar deyil, ölkələrimiz arasında əməkdaşlığın real istiqamətlərini müəyyən edən yol xəritələridir.
Bugünkü münasibətlər isə çoxşaxəlidir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Dövlət başçıları mütəmadi görüşür, fikir mübadiləsi aparır, müxtəlif beynəlxalq platformalarda da əməkdaşlıq edirlər. İqtisadi münasibətlər sahəsində isə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Energetika sahəsində birgə layihələr, xüsusən də Azərbaycanın neft və qazının İtaliyaya ixracı yalnız iki ölkə üçün deyil, bütövlükdə Avropa üçün strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi qəbul olunur.
Sentyabrın 30-da verilən bəyanatlar göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri gələcəkdə də daha geniş miqyas alacaq. Bu əməkdaşlıq təkcə iqtisadi və siyasi sferanı deyil, mədəniyyət, təhsil və humanitar sahələri də əhatə edəcək. Bu da xalqlarımızı daha da yaxınlaşdıracaq, qarşılıqlı etimadı möhkəmləndirəcək.
Prezident cənab İlham Əliyevin diplomatiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirən, ölkəmizi tərəfdaşlıq və etimad simvoluna çevirən siyasətdir. Bu siyasətin təməlində isə bir məqsəd dayanır – müstəqil Azərbaycanı daha da güclü, daha da qüdrətli etmək.
Bu gün əldə olunan nəticələr sabahın güclü Azərbaycanın möhkəm bünövrəsini formalaşdırır. Tarix dəfələrlə sübut edib ki, liderin uzaqgörənliyi xalqın gələcəyini müəyyən edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük qürur və inamla gələcəyə addımlayır.
Şəfəq İbişova
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info