Cənab Prezidentin mesajlarla dolu Düşənbə səfərindən

 Cari ilin oktyabrın 10- da Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud formatlı iclası keçirildi. İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  həm ikitərəflı, eyni zamanda, bölgə əməkdaşlığına dair, bir sıra məqamlara toxundu. Xüsusilə, mədəniyyət, humanitar sahələr üzrə regional təşəbbüslər irəli sürdü. Cənab Prezident çıxışına Tacikistanın Prezidenti Emomali Rahmana salamlar və təşəkkürünü bildirirək dedi:

      -  Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam.

        Cənab prezident eyni zamanda Azərbaycan və Tacikistan respublikaları arasındakı münasibətlərin dostluq, qardaşlıq və qarşılıqlı dəstək, hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq çıxışına davam etdi:

      -  Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

        Cənab Prezidentin çıxışının ən çox diqqət çəkən məqamlarından biri də, ölkəmizin işğaldan azad olmuş Şərqi Zəngəzur bölgəsinin  laçın şəhərinin MDB-nin bu ilki mədəniyyət paytaxtı olması təşəbbüsünün dəstəklənməsinə öz minnətdarlığını bildirməsi oldu:

         - Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.

         Bildiyimiz kimi bu ilin sentyabrın 28-dən oktyabrın 8- dək Azərbaycanın ən qədim şəhəri olan Gəncə şəhəri  III MDB Oyunlarına ev sahibliyi etmişdi. MDB daxilində belə idman və mədəniyyət tədbirlərinin keçirilməsinin regiondaxili münasibətlərin , əməkdaşlığın inteqrasiyalı şəkildə güclənməsi əhəmiyyətindən bəhs edən Cənab Prezident sözünə davam edərək dedi:

       - Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Prezident cənab İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərindəki mesajlarla dolu çıxışı ölkəmizin  MDB daxilində diplomatik mövqeyini möhkəmləndirmək, eyni zamanda mədəniyyət, idman, humanitar sahədə əməkdaşlıq, dostluq , regional təşəbbüskarlıq mövqeyi seçdiyini,sülh və asayişin tərəfdarı olduğunu bariz şəkildə elan edir.


Dilarə Seyidova

Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin sinifdənxaric və  məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti