“QOHUM ŞİRKƏTLƏR”, XƏRCLƏNƏN MİLYARDLAR, BƏRBAD İNFRASTRUKTUR… – “Azərsu” haqda ARAŞDIRMA

“QOHUM ŞİRKƏTLƏR”, XƏRCLƏNƏN MİLYARDLAR, BƏRBAD İNFRASTRUKTUR…

 

Azərbaycanın kommunal sektorunda inhisarçı mövqeyə malik dövlət şirkətlərinin maliyyə fəaliyyəti uzun illərdir şəffaflıq və hesabatlılıq kimi meyarlara uyğun olmaması ilə seçilir.Dövlət tərəfindən külli miqdarda vəsait ayrılsa da, bu şirkətlərin təqdim etdikləri xidmətlərin keyfiyyətində ciddi bir dəyişikliyin olduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Qaynarinfo-nun verdiyi məlumata görə, belə qurumlardan biri ölkənin içməli su və kanalizasiya təchizatının tək inhisarçısı "Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Ölkəyə neft gəlirlərinin axını başlandığı illərdən adıçəkilən ASC-yə birbaşa dövlət büdcəsindən, həmçinin dövlət zəmanətli xarici kreditlər hesabına milyardlarla vəsait çatıb. Qarşılığında faktiki olaraq bu gün Azərbaycanda nə aldığı içməli suyun keyfiyyətindən, nə də davamiyyətindən tam razı qalan kimsəni tapmaq müşkül məsələdir.

"Azərsu”ASC-yə 2011-ci ildən bəri Qorxmaz Hüseynov rəhbərlik edir. Bir neçə il öncə araşdırmaçı jurnalistlərin aşkarladığı faktlardan aydın oldu ki, Q.Hüseynov "Azərsu”nun həyata keçirdiyi layihələr çərçivəsində yaxın qohumlarına külli miqdarda dəyəri olan işləri həvalə edir. Hansı ki, həmin qohumların rəhbərlik etdiyi icraçı şirkətlərin demək olar ki, hamısı məhz Q.Hüseynov ASC prezidenti təyin olunduqdan az sonra – 2011-2012-ci illərdə yaradılıb. O da məlum olub ki, bu şirkətlərə sifarişlər heç bir tender prosesi keçirilmədən həvalə edilib. Q.Hüseynov bu zaman Nazirlər Kabinetinin 22 avqust, 2011-ci il tarixli "Azərsu”ya "müvafiq sahədə təcrübəsi olan” şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamaq səlahiyyəti verən sərəncamına əsaslanıb. Göründüyü kimi, sərəncamda söhbət bir neçə ay əvvəl yaradılan deyil, məhz müvafiq sahədə təcrübəsi olan şirkətlərdən gedir. Q.Hüseynov bu sərəncamdan uzun müddət geninə-boluna yararlana bilib. Belə ki, 2018-ci ilədək tenderlərin rəsmi reyestrində bu qurumun alqı-satqılarına dair hər hansı məlumata rast gəlinmir. Yəni ASC öz sifarişlərini faktiki olaraq heç bir tender keçirmədən yerləşdirib. Halbuki "Satınalmalar haqqında” qanuna əsasən 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalı, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. 2015-ci ilədək "Azərsu”nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, Q.Hüseynov ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Həmin şirkətlərin bir çoxunun Q.Hüseynovun yaxın qohumlarına məxsus olması ilə bağlı məlumatlar var. Məsələn, "Azərsu”nun seçdiyi şirkətlərdən biri "Sənaye Tikinti-M” MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. "Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Q.Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bundan əlavə, mətbuatın yazdığına görə, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində bəzi xidmətlər Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə olunub.

"Qohum şirkətlər”lə iş birliyi 2019-da da davam edir

"Azərsu”nun 2019-cu il dəki alqı-satqılarına diqqət yetirdikdə, maraqlı bir faktla qarşılaşdıq. Belə ki, ASC bu il "Hidro Park” MMC ilə 4 alqı-satqı müqaviləsi imzalayıb. Sayğac qutularının alınması üçün MMC ilə 193 min 276.92 manatlıq, son tamamlama materiallarının alınması üçün 298 min 478.53 manatlıq, dolğu mallarının alınması üçün 273 min 836.7 manatlıq, elektrik mal-materillarının alınması üçün isə 389 min 378.76 manatlıq müqavilə bağlanıb.

Hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlardan aydın olur ki, bu MMC Q.Hüseynovun qohumlarının "Azərsu”dan bəhrələnən MMC-ləri kimi 2011-ci ilin mayında yaradılıb. Son vaxtlar MMC-nin hüquqi təmsilçisi, hazırkı rəhbəri olan İsgəndərov Emruz Xeyrulla oğlunun Türkiyədə fəaliyyəti yasaqlanan FETÖ təşkilatı ilə bağlılığına dair məlumatlar yayılmaqdadır. Bundan əlavə, 2017-ci ilin aprelində Dövlət Gömrük Komitəsinin yaydığı məlumatdan aydın olur ki, "Hidro Park” MMC ölkəyə gətirdiyi malların qiymətini dəfələrlə azaldıb. Belə ki, aprelin ilk ongünlüyündə şirkət idxal etdiyi 39882 dollarlıq malı 5720 dollarlıq saxta invoysla rəsmiləşdirməyə çalışıb. Yəni malın real qiymətini 7 dəfəyə yaxın azaltmaqla vergi və rüsumlardan yayınmaq istəyib. Təsəvvür etmək çətin deyil ki, DGK-ya malı real dəyərindən 7 dəfəyə yaxın aşağı qiymətə sırımağa çalışan şirkət "Azərsu”ya satdığı malların qiymətini nə qədər şişirdə bilər.

Maliyyə Nazirliyi və Hesablama Palatasının hesabatlarından aydın olur ki…

Nazirlər Kabinetinin 2019-cu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov maraqlı bir məsələyə toxunub. Nazir bildirib ki, cari ildə nəzərdə tutulan 5 milyard 980 milyon dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 6 ayda cəmi 37 faizi icra olunub.

S.Şərifovun sözlərinə görə, bunun bəzi obyektiv səbəbləri var: "Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir”.

Maliyyə naziri qeyd edib ki, bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir: "Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna – noyabr-dekabr aylarına təsadüf etməsin”.

Beləliklə, S.Şərifov infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün ayrılmış kreditlərin mühüm bir hissəsinin xərclənmədiyini, yəni nəzərdə tutulan işlərin icra olunmadığını deyir. Azərbaycanda infrastruktur layihələri üçün ən çox xarici kredit cəlb edən dövlət qurumları sırasında öndə gedənlərdən biri "Azərsu” ASC-dir. Uzun illər boyu bu qurumun müxtəlif xarici maliyyə institutlarından dövlət zəmanəti ilə aldığı kreditlərin məbləği milyardlarla manatla ölçülür.

Hesablama Palatasının 2018-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, bağlanmış müqavilələr üzrə bu ilin 1 yanvarına "Azərsu”nun cəlb olunmuş kreditlərinin həcmi 1 milyard 267,9 milyon dollar, faktiki xərclənmiş borcu isə 2018-ci ilin 1 yanvarı ilə müqayisədə 15,3 faiz artaraq 912 milyon dollar təşkil edib. Palata bildirir ki, dövlət zəmanətli borc öhdəliklərinin həcminin kifayət qədər irihəcmli olması, xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin ilbəil artımı və bu tendensiyanın davam etməsi dövlət büdcəsi üçün ağır yükə keçmə ehtimalını artırır ki, bu da borca xidmət xərclərinin artımı ilə yanaşı, büdcənin digər mənbələri hesabına həyata keçirilməsilə müşahidə edilir: "Eyni zamanda icraçı təşkilatlar tərəfindən ödənilməli olan borc öhdəliklərinin 60-70 faizi, bəzi hallarda isə 100 faizinin ödənilməməsi, müvafiq illər üzrə bu göstəricinin artımla müşahidə edilməsi, ödənilməyən borc öhdəliklərinin dövlət büdcəsindən və Təminat Fondundan qaytarılması növbəti illərdə dövlət üzərinə düşən borc yükünün artımla müşahidə olunması ehtimalını yüksəltmişdir”.

"Azərsu”nun aldığı xarici kreditlərin dövlət büdcəsindən qaytarıldığı dolayısı ilə onun maliyyə hesabatında da əksini tapır. Belə ki, hesabata görə, 2016-cı ilin noyabrından 2018-ci ilin dekabrınadək "Azərsu” ASC Maliyyə Nazirliyindən 5 dəfəyə ümumi məbləği 99 milyon manatdan yuxarı olan faizsiz və uzunmüddətli ödəniş müddəti müəyyənləşdirilmiş kreditlər alıb. Bu kreditlərin hansı məqsədlə alındığı açıqlanmasa da, onların əksəriyyətinin dollarla və ilin sonuncu rübündə götürülməsi vəsaitlərin ASC-nin xarici təşkilatlardan aldığı kreditlər üzrə borclarının qaytarılmasına yönəldildiyi qənaətinə gəlməyə imkan verir.

"Azərsu”da 2018-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Q.Hüseynov bildirib ki, 2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında mühüm layihələr icra olunub. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yenilənib.

Qorxmaz Hüseynovun gülüş doğuran statistikası

qorxaz azersuuu

Hesabat dövründə 1162 km magistral və şəbəkə su xətləri, 335 km kanalizasiya kollektoru və xətləri, 8 su anbarı inşa edilib, 26 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 48 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 97 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib. Q.Hüseynovun Bakı şəhərində fasiləsiz içməli su ilə təminat səviyyəsi barədə açıqladığı rəqəmlər, sadəcə, gülüş doğurur. Çünki faktiki olaraq paytaxtda əhalinin sıx məskunlaşdığı ərazilərin böyük bir qismində su ciddi fasilələrlə, gündə 4-5 saat verilir.

2016-cı ildə prezident fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə su və kanalizasiya sistemində idarəetmənin keyfiyyətinin və səmərəliliyin artırılması, itkilərin azaldılması kimi hədəflər müəyyənləşdirilib. Bu hədəflərin hər biri üzrə hansı real nəticələrin əldə olunduğuna dair obyektiv monitorinq nəticələri, təəssüf ki, mövcud deyil. Lakin reallıq göstərir ki, hər iki sahədə ciddi irəliləyişin əldə edildyini söyləmək mümkün deyil. Halbuki 2016-cı ilin dekabrından – Strateji Xəritə təsdiqlənəndən bəri "Azərsu” həm dövlət büdcəsi, həm də daxili və xarici kreditlər üzrə külli miqdarda vəsait əldə edib.

Qurumun 2018-ci il üzrə konsolidasiya olunmuş maliyyə hesabatından aydın olur ki, "Azərsu”nun qeyri-maliyyə aktivləri, dövlət büdcəsindən maliyyələşdirilmiş və dövlət zəmanəti ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilmiş investisiyalar formasında dövlətdən aldığı investisiyaların həcmi 2017-ci ilin sonuna 3 milyard 874 milyon 410 min manat, 2018-ci ilin sonuna isə 4 milyard 190 milyon 156 min manat təşkil edib. Ötən il ərzində ASC 152 milyon 672 min manat beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən dövlət kreditləri, 90 milyon 778 min manat Maliyyə Nazirliyi tərəfindən ayrılan kreditlər əldə edib.

Bundan əlavə, dövlət "Azərsu”ya başqa yollarla da dəstək verməkdədir. Belə ki, 2016-cı ilin iyulunda ASC dövlətə məxsus Beynəlxalq Bankdan simvolik olaraq 1 faizlə 239 milyon 720 min manatlıq kredit götürüb – həm də dövlət zəmanəti ilə. Və bu qədər vəsait elə 2016-cı ilin sonunadək son qəpiyinədək xərclənib. Ötən ilin sonuna kredit üzrə ödənilməmiş faiz məbləği 73 min manat təşkil edib.

Və qurum su və kanalizasiya haqqının azlığından şikayətlənir

Hesabata əsasən infrastruktur layihələrində əhəmiyyətli cari investisiyalar nəticəsində "Azərsu”nun cari öhdəlikləri cari aktivlərindən 31 dekabr 2017-ci il tarixinə 370 milyon158 min manat, 31 dekabr 2018-ci il tarixinə isə 300 milyon 448 min manat çox olub. ASC 2018-ci ili 480 milyon 201 min manat (2017-ci ili 508 milyon 350 min manat) məbləğində xalis zərərlə başa vurub. Bunun əsas səbəbi olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərin su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olması göstərilir: "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 fevral 2019-cu il tarixli 03/02-05-98-102 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 19 fevral 2019-cu il tarixli İN-X/O-2234/2019 nömrəli məktublarına əsasən 2018-ci il üzrə Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.30 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1.75 dəfə səviyyəsində üstələmişdir”.

Göründüyü kimi, "Azərsu” üzləşdiyi zərərin əsas səbəbi kimi su və kanalizasiya xidməti tariflərinin maya dəyərindən aşağı olmasını önə çəkir. Hansı ki, uzun illərdir müstəqil ekspertlər və beynəlxalq təşkilatlar Azərbaycanda yalnız su təchizatı deyil, digər kommunal sahələrdə də maya dəyərinin şişirdilməsini əsas problemlərdən biri kimi qiymətləndirirlər.

Qorxmaz Hüseynov isə 5 min manatdan çox əməkhaqqı alır…

qorxmaz asersu2

Bu qədər zərərin qarşılığında ASC rəhbərliyi Azərbaycan reallığı üçün çox yüksək olan əməkhaqqı ilə təmin olunub. ASC-nin hesabatına görə, "Azərsu” sədri və 5 müavininin daxil olduğu "Baş rəhbərliy”ə 2017-ci ildə əmək haqqı və mükafatlar formasında 269 min manat, 2018-ci ildə isə 362 min manat ödəniş edilib. Bu, orta hesabla götürdükdə hər adama 2017-ci ildə ayda 3700 manatdan, 2018-ci ildə isə 5 min manatdan yuxarı ödəniş olunduğu deməkdir. Bu, ödənilən vəsaitləri bərabər bölərkən alınan məbləğdir, aydın məsələdir ki, Q.Hüseynov ASC sədri olaraq müavinlərdən daha yüksək əmək haqqı və mükafat alır.

Son olaraq qeyd edək ki, 2018-ci ildə "Azərsu” ASC-nin büdcəyə ödənişi 27,5 milyon manat, büdcədən bu quruma ayrılan vəsait isə bundan 17 dəfəyə qədər çox, yəni 431,3 milyon manat olub.

ASC rəhbərliyi su və kanalizasiya sisteminin yenidənqurulması üçün master plan hazırlayıb. Plan heç bir formada ictimaiyyətə açıqlanmasa da, Q.Hüseynovun onunla bağlı verdiyi açıqlamalarda nəzərdə tutulan işlərin həyata keçirilməsinə milyardlarla manat investisiyanın tələb olunduğu qeyd edilib. Əgər bu milyardlar da indiyədək ASC-nin xərclədiyi milyardlar kimi "effektiv” xərclənməkdə davam edəcəksə, nəinki planda nəzərdə tutulan 2035-ci ilədək, heç 2050-ci ilədək də Azərbaycan əhalisi keyfiyyətli içməli su və kanalizasiya xidməti əldə edə bilməyəcək…



Oxşar Xəbərlər

Xəbər lenti