“Azərsu” Prezident Sərəncamlarını həyata keçirə bilmir

“Azərsu” Prezident Sərəncamlarını həyata keçirə bilmir

 


Əhalinin içməli su ilə təminatına xərclənən pullar hara gedir?

 


Avqustun 23-də Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə yeni Sərəncam imzaladı. Sərəncama görə "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamının 1.1. 1-ci hissədə "22” rəqəmləri "28” rəqəmləri ilə, "267” rəqəmləri "271” rəqəmləri ilə əvəz edilir. Qeyd edək ki, Prezidentin 17 mart 2017-ci il tarixli "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamın 1-ci bəndində Əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdı. İndi həmin 22 rayon ifadəsindəki 22 rəqəmi 28 rəqəmi ilə, 267 min ifadəsindəki 267 rəqəmi 271 rəqəmi ilə əvəz olunur. Yəni rayonların sayı 22-dən 28-ə, əhatə dairəsinə düşən əhalinin sayı isə 267 min nəfərdən 271 min nəfərə artırılır. Göründüyü kimi dövlət başçısı vətəndaşların içməli su ilə təminatına yüksək diqqət ayırır və bunun üçün mümkün olan hər şeyi edir. Prezidentin bu diqqətinin müqabilində "Azərsu” ASC-nin bu vəzifənin öhdəsindən layiqincə gəlmədiyini sübut etməyə xüsusi ehtiyac yoxdur. Azərbaycanda hər kəs içdiyi suyun nə vəziyyətdə oldğunu yaxşı bilir. Buna görə də insanlar ailə büdcələrindən kəsərək evlərində kiçik su təmizləyici qurğular quraşdırılmasına qərar verirlər. Bu qurğular isə bir neçə yüz manata başa gəldiyindən əksər vətəndaşlar bu imkandan da istifadə edə bilmir və faktiki olaraq içmək üçün yararsız olan sudan istifadə etmək məcburiyyətində qalırlar. Beləliklə də Prezidentin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı faktiki olaraq icra edilməmiş qalır. Arada isə miyonlarla manat büdcə vəsaiti faktiki olaraq göyə sovrulur. Yalnız Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamı ilə bu məqsədlə 14 milyon manat ayrılıb. Bu günə kimi isə bu məqsədlə ayrılan büdcə vəsaitlərinin və dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından alınan kreditlərin dəqiq məbləği haqqında heç bir  məlumat yoxdur. Dəqiqləşdirilməmiş məlumata görə, bu məqsədlə istifadə olunan sərmayənin miqdarı bir neçə milyard manatdır.

Ancaq ölkənin çox az qismində əhali içməli su ilə təmin olunub. Azərbaycan əhalisinin əksər hissəsinin yaşadığı kənd rayonlarında vəziyyət şəhərlərdəki vəziyyətdən fərqlənmir. Əksər kənd rayonlarında əhali sovet dövründə əkin sahələrinin suvarılması üçün qazılmış subartezian quyularından çıxan sudan istifadə edir. Həmin subartezian quyularının əksər hissəsi bu gün də Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansındadır. Həmin subartezian quyularına texniki xidməti də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələri həyata keçirir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, həmin subartezian quyularından çıxan sudan içməli su kimi istifadə etmək qanunsuzdur. Çünki, həmin sularda insan orqanizmi üçün lazımlı olan mineralların olmaması bir yana, insan orqanizmi üçün təhlükəli olan bakteriyaların miqdarı normadan dəfələrlə artıqdır. Mənbə bildirir ki, Meliorasiya və Su Təsərürfatı ASC-nin rəhbər şəxsləri bununla bağlı dəfələrlə Nazirlər Kabinetinin rəhbərliyi qarşısında yazılı və şifahi şəkildə bu məsələləri qaldırıb, ancaq heç bir tədbir görülməyib.

"Azərsu” ASC-i isə iddialara görə əhalini içməli su ilə təmin etmək adı altında bir neçə milyard manatı göyə sovurub. İndi növbəti belə əməliyyat Ağcabədi rayonunda həyata keçirilir. Ağcabədi rayonunda hazırda kanalizasiya xətlərinin çəkilməsi və içməli su sisteminin yenidən qurulması həyata keçirilir. Çox maraqlıdır ki, "Azərsu” ASC-i bu prosesi yarı gizli şəkildə həyata keçirir. Belə ki, bu layihənin hansı şirkət tərəfindən həyata keçirilməsi haqqında Ağcabədi rayon sakinlərinə ən qısa məlumat da olsa verilmir. Bununla bağlı redaksiyamıza edilən müraciətdə bu məsələyə aydınlıq gətirilməsi xahiş olunur. Müraciət müəllifi bunu görülən işin çox bərbad həyata keçirilməsi ilə izah edir. Bu məsələ ətrafında geniş araşdırma aparmağa qərar vermişik və yaxın saylarımızda həmin araşdırmanı oxucularımıza təqdim edəcəyik.

"Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti