“Əgər hökumət iyunda 190 manatın verilməsi ilə bağlı qərar verərsə, nazirlik də bunu icra edəcək” - ƏƏSMN

 Pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildi. Xüsusən də işsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlərin iki ay müddətində verilməsi 600 min nəfər vətəndaşı əhatə etdi. Hazırda karantin rejimi qismən yuşaldılmaqla davam etsə də, hələ də fəaliyyətinə icaz verilməyən sahələr var. Belə olduğu təqdirdə həmin sahələrdə çalışan və hazırda işsiz qalan əhalinin 190 manat aylıq ödənişi iyun ayında da alması məsələsi gündəmə gəlir.


İyun ayında 190 manat verilə bilərmi?

"Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, tam olaraq, 190 manatın ödənişi başa çatıb: "Ola bilər ki, bir neçə nəfərdə əlaqə nömrələrini yanlış qeyd etdiklərinə görə və ya işsiz kimi qeydiyyatdan keçdikləri dövrdə qeyd etdikləri telefon nömrəsini hazırda işlətmədiyinə görə banklar onlarla əlaqə saxlaya bilmir. Onu da məşğulluq xidməti mərkəzləri həmin vətəndaşları proaktiv qaydada məlumatlandırırlar, o vəsaitin hansı bank tərəfindən ödənilməsi barədə məlumat verirlər. Onlar da gedib həmin bankdan vəsaitlərini götürürlər. Bu da çox az sayda olan vətəndaşlarla bağlı baş verir”.

190 manat ödənişlə bağlı şikayətlərin araşdırılmasına gəlincə, F.Talıblı bildirdi ki, həmin ərizələr müraciət etdikləri tarixə uyğun olaraq araşdırılır: "Hələ ki indiyə qədər nazirlik tərəfindən birdəfəlik ödəmə verilən vətəndaşlarla bağlı heç bir yanlışlıq olmayıb, vətəndaşlar da cavab məktubları ilə tam razılaşırlar”.

İyun ayında işləməyən vətəndaşlara 190 manatın verilməsinin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazirlik rəsmisi bildirdi ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi qərara uyğun olaraq icra olundu: "O dövrdə bu ödəniş aprel və may ayları ilə bağlı nəzərdə tutulurdu, o zaman əmək bazarı ilə bağlı ciddi qadağalar var idi. Vətəndaşlar yenidən əmək bazarına qayıdıblar. Amma təbii ki, hökumət əgər belə bir qərar verərsə, nazirlik də bunu icra edəcək. Nazirlər Kabineti qərar verir, biz isə icraçı təşkilatıq”.

İqtisadçı ekspert Rəşad Həsənov da "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əmək bazarı bütünlüklə qanuni olsaydı, rəsmi müqavilələr imzalansaydı, bunu tənzimləmək çox asan olacaqdı: "O zaman kimin işləyib, kimin işləmədiyi real vaxt rejimində aidiyyəti qurumların əlində olacaqdı və bu proses çox asan şəkildə idarə oluna bilərdi. İndi isə situasiya çox fərqlidir, hökumət də həmçinin tövsiyə edib, müəyyən dəstək verib, işləməyən müəssisələr belə işçiləri ixtisar etməyiblər və buna görə də müəyyən qədər qarışıqlıq var. Xeyli sahələr var ki, onları müəyyənləşdirmək o qədər də çətin deyil. Turizm sektorunda səyahətin təşkili ilə məşğul olan bütün şirkətlərin fəaliyyəti tam dayanıb və heç bir halda iqtisadiyyatın bərpası ilə bağlı qəbul edilən qərarlar bu prosesə təsir göstərmir. Sərhədlər açılmayana qədər bu müəssisələr işləməyəcək, bunu hər kəs bilir. Bu sektorda çalışan təxminən 10 mindən artıq insan var. Və ya kütləvi tədbirlərin təşkili sahəsində fəaliyyət göstərən sahə dayanıb, toy, yas kimi mərasimlər və onun təşkili ilə məşğul olan sahələrdə iş dayanıb”.

İqtisadçı vurğuladı ki, rayonlararası sərnişindaşıma xidmətində çalışanlar da işsizdirlər: "Ayrı-ayrı sektorlar daxilində fəaliyyət göstərən bu seqmentlər müəyyənləşdirilə bilər, həmin sahibkarlıq subyektlərinə yardım göstərilə bilər. Əmək haqqı fonduna dövlət dəstəyi ilə bağlı vəsaitlər həmin seqmentlər üçün bir qədər də uzadıla bilər. Bundan başqa, 190 manatla bağlı yenidən müraciətlərin qəbulu prosesinə başlanıla bilər. Yeni müraciətlərin qəbulu zamanı müəyyən tələblər qoyulub, seçmə üsulu ilə hansı sahədə fəaliyyət göstərdiyini və indi işin dayandığını nəzərə alaraq müəyyənləşdirə bilərlər”.

R.Həsənov onu da qeyd etdi ki, tikinti sektoru da çox böyük sektordur və əksərən işlər dayanıb: "Bəzi binalarda tikinti işlərinin getdiyini görsək də, Bakıda və Abşeron yarımadasında tikintidə çalışanların çoxu rayondan gələnlər idi. Çoxu karantin dövründə rayonlara qayıdıblar və Bakıya gələ bilmirlər. Bu sahəni də daxil etmək olar. Bu cür qiymətləndirmə yolu ilə 190 manatın verilməsi davam etməlidir. Çünki dövlət tərəfindən edilən bu dəstəyin ümumi fəlsəfəsi pandemiya dövrü ilə bağlıdır. Pandemiya dövrü bitməyibsə, deməli, dövlət də öz dəstəyini davam etdirməlidir”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}