Daha bir yeni qatar xəttə buraxılıb


Bakı Metropoliteni" QSC-də daha bir yeni qatar tərkibi xəttə buraxılıb.

Musavat.com-un quruma istinadən verdiyi xəbərə görə, bununla yeni nəsil qatarların sayı 21-ə, vaqonların sayı isə 105-ə çatdırılıb.

Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin tətbiq etdiyi texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub 4 yeni qatar tərkibi (cəmi 20 vaqon) 2022-ci ilin sonlarında Bakıya gətirilib. Qatar 2019-cu ildə bağlanmış müqaviləyə görə, “Bakı Metropoliteni”nin texniki şərtlərinə uyğun istehsal edilib. Bütün vaqonların dartı mühərrikləri ilə təmin edilməsi yol profilinin mürrəkkəbliyi ilə izah edilir. Mikroiqlim nəzarət sistemində Bakının iqlim şəraitinə hesablanmaqla daha güclü kondisionerlər quraşdırılıb. Sərnişindaşıma üçün vacib ənənəvi üstünlüklərdən biri də,vaqondan-vaqona birbaşa keçidin olması da, salonun sərnişin tutumunu əsaslı şəkildə artırıb. Baş vaqonlar 315, orta vaqonlar isə 329 sərnişin üçün nəzərdə tutulub. Oturacaqların sayı baş vaqonlarda 38, orta vaqonlarda 44-dür. Vaqonlarda sərnişinlər üçün çoxfunksiyalı zonalar, həmçinin baş vaqonlarda əlil arabası üçün yerlər nəzərdə tutulub. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat minib-düşməsini təmin edir. Bu, öz növbəsində qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına, intervaların qorunmasına da qismən müsbət təsir göstərir.

Ötən il gətirilmiş vaqonlarda olduğu kimi, bu vaqonlarda da tutacaqlar sərnişin sıxlığı nəzərə alınmaqla yerləşdirilib. Xüsusən vaqonların giriş zonalarında tavandan xüsusi həndəsi formada asılmış tutacaqlar sıxlıq şəaritində sərnişinlərin rahatlığını optimallaşdırmağa imkan verir.

Yeni qatar da əvvəlkilər kimi, “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edəcək. Hazırda 21 yeni qatardan 3-ü Qırmızı xəttin (“İçərişəhər-Həzi Aslanov”) sərnişinlərinə xidmət göstərir.

2022-ci ilin son iş günündə bu qatarlardan biri sazlama və sınaqlardan sonra xəttə buraxılıb. Daha iki qatar tərkibində sazlama və sınaq işləri davam etdirilir. Tezliklə onlar da eyni qayda ilə xəttə buraxılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti