Sevincimiz bir, kədərimiz bir

Türkiyədə baş verən, maddi  və  mənəvi  itkilərə  yol açan  zəlzələ  ölkəmizdə də böyük kədərlə  qarşılandı. Səmimi münasibətlər, dərin  dostluq ələqələri olan dost və qardaş  Türkiyədə  baş  verən  təbii  fəlakət  ilə əlaqədar dövlətimizin  başçısı  cənab İlham Əliyev hadisədən dərhal sonra Türkiyə Respublikasının  Prezidenti Rəcəb  Tayyib Ərdoğana zəng  edərək  bu ağır  məqamda  hər  cür  yardım  göstərməyə  hazır   olduğumuzu bildirdi. Həmçinin ölkə başçısı fevralın 8-də Türkiyə Respublikasının  ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində  çox  sayda insanın  həlak  olması ilə əlaqədar başsağlığı verib. 

Əsrin fəlakəti yaşanan Türkiyədə  4-cü  dərəcəli  həyəcan  elan edilib, beynəlxalq  yardımla  bağlı çağırış verilib. Bu ağır məqamda Türkiyəyə  ilk yardım  edən  ölkə  Azərbaycan oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşdü. Ümumilikdə Fövqəladə Hallar  Nazirliyinin  34  nəfəri  həkim və  7 nəfəri  texniki  işçi olmaqla  725  nəfərlik  şəxsi  heyəti  göndərilib.  Azərbaycan xilasedicilərinin axtarış əməliyyatları nəticəsində  dağıntılar  altından 9-u  uşaq  olmaqla 44 nəfər sağ  çıxarılmışdır. Zəlzələnin ağır nəticəsi sayılan insan tələfatının çox olduğu Türkiyədə Azərbaycan xilasediciləri 164 nəfərin cəsədini çıxararaq təhvil veriblər. Zamanla yarışan qəhrəman xilasedicilərimizin dağıntılar altindan çıxartdıqları hər bir  insan  üçün  bəxş  etdikləri  sevinc  hissinin  sözlə   ifadəsi mümkünsüzdür.  Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov fəlakət zonasına səfəri çərçivəsində  azərbaycanlı  xilasedicilərlə görüşüb. Qeyd etmək  lazımdır ki, təbii fəlakətdən  sonra  zəlzələ  bölgəsini  ilk ziyarət  edən xarici  işlər  naziri məhz Ceyhun Bayramov  oldu. Bütün  bunlar  iki  dövlət, bir millət  olduğumuzun, sevincimizin, kədərimizin  eyni  olduğunun  göstəricisidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva fevralın 6-da rəsmi instaqram  səhifəsində  baş vermiş hadisə ilə  bağlı  dərin kədər hissini  bildirən  paylaşım etmişdir. Mehriban Əliyevanın göstərişi ilə Heydər  Əliyev Fondu  faciədən zərər çəkmiş  şəxslər  üçün  36  tonluq  humanitar  yardım  göndərib. Türkiyə  Prezidenti  Heydər Əliyev fondunun əməkdaşları ilə  görüşüb.  Baş vermiş  təbii fəlakət  ilə  bağlı  fondun   Prezidenti  Mehriban  Əliyevanın  başsağlığını çatdıran fondun nümayəndəsi Elvin  Aslanov  bügünlərdə  bütün Azərbaycan  xalqının  qardaş  ölkə üçün  zəruri yardımların  göstərilməsinə  səfərbər  olduğunu  bildirib. Eyni  zamanda  Heydər  Əliyev  Fondunun  nəzdində  fəaliyyət  göstərən  böyük  bir qrup  könüllü  kömək  üçün  artıq  yola  düşüb.

44  günlük  haqq  savaşında  bizə dəstək olan Türkiyəni  bu çətin  günlərdə  ölkəmiz və xalqımız yalnız buraxmadı, buraxmayacaq da. Azərbaycanın bir çox şəhərlərində yardım  məqsədi  ilə  toplama məntəqələri  yaradıldı. İnsanlar  könüllü şəkildə zəlzələ bölgəsinə ehtiyac olan ləvazimat əsasən  geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı  uşaqlar üçün lazım olan əşyalar gətirirlər. Məntəqələrdə izdiham yaşanır, gətirilən əşyalar çeşidlənərək qutulara  yığılıb Türkiyəyə  yola  salınır.

İki ölkə arasında olan dostluq  bağları  zəlzələ fəlakətində  bir daha  konkret şəkildə  nümayiş  olundu. Türkiyə ilə  birlik  göstərən  azərbaycanlılar Türkiyənin  Bakıdakı  səfirliyinə  axın  ediblər, ölkədə  fəaliyyət  göstərən  avtobuslardan  türk bayraqları  asılıb, Heydər Əliyev mərkəzi Türk  bayrağı  rənginə  boyanıb.

Dağıntı və tələfatlara səbəb olan zəlzələ nəticəsində dost ölkədə 7 günlük matəm elan olundu. Bununla əlaqədar dərdimizin və  sevincimizin  bir olduğunun  nümayişi üçün Azərbaycan  mediası da Tükiyə  ilə birlikdə yas  saxladı. Dövlət televiziyası  Aztv  zəlzələ  səbəbi  ilə  proqramında  dəyişiklik  edib, musiqili-əyləncəli  verilişlərin  yayımı dayandırdı.

Tarix boyu böyük çətinliklərin öhdəsindən gələn, dünyada tayı-bənzərinə rast gəlinməyən dostluq münasibətləri olan qardaş ölkəmiz-Türkiyəmizin bu çətinliyin də öhdəsindən şərəflə gələcəyinə hamımız inanırıq.

Əliyeva Günay

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllim

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti