XƏZƏR İQTİSADİ FORUMU:Rusiya və İran türkmən qazının ixracını əngəlləyir

XƏZƏR İQTİSADİ FORUMU:Rusiya və İran türkmən qazının ixracını əngəlləyir

 

Aleksandr Verşinin

"Washington Post”, 12.08.2019

 

Enerji baxımından zəngin Xəzər dənizi ilə həmsərhəd olan beş ölkə, avqustun 12-də, Bazar ertəsi Türkmənistanın ev sahibliyi etdiyi iqtisadi forumda, bölgənin neft sərvətlərini necə bölüşdürmək barədə razılığa gəlmək üçün bir araya gəlib.

Keçən il Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan liderləri öz qaynaqlarının istismarı ilə bağlı on illərlə davam edən qeyri-müəyyənliyə son qoymağa yönəlmiş bir konvensiya imzalayıb.

Saziş hər bir ölkənin ərazi sularının və balıqçılıq zonalarının təyin edilməsi qaydalarını müəyyən edir, lakin zəngin neft və qaz yataqları olan dəniz dibinin bölünməsi məsələsi sonrakı danışıqlara qalır.

Rusiya və İran hələ də keçənilki müqaviləni təsdiqləməyib.

Bazar ertəsi Türkmənistanda keçirilən forumda iştirak edən Rusiyanın baş naziri Dmitri Medvedev təsdiqlənmənin "yaxın gələcəkdə” gözlənildiyini söyləyib.

İran vitse-prezidenti İshaq Cahangiri forumdakı çıxışında heç bir öhdəlik götürməyib.

Cahangiri bildirib ki, qeyri-Xəzəryanı dövlətlər bölgə işlərinə qarışmamalıdır. O, birtərəfli siyasəti və sanksiyalara vurğu ilə ABŞ-ın bölgədə sabitliyi təhdid etdiyini bildirib.

2006-cı ildə vəzifəsinin icrasına başlayandan bəri vahid iqtidara sahib olan, özünü keçmiş sovet respublikasının Arkadağı (Qoruyucusu) kimi təqdim edən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov forumda bildirib ki, Xəzərin enerji zənginliyi bölgənin inkişafına güclü təkan verməlidir.

Türkmənistan və Azərbaycan hələ də dənizin dibindəki ehtiyatları necə bölüşmək barədə razılığa gəlməyib. Bu, Türkmənistan qazını dəniz üzərindən Azərbaycana və daha sonra Qərb bazarlarına aparacaq Transxəzər təbii qaz boru kəmərinin irəliləyişinə mane olub.

"Bu, çox həssas məsələdir, – Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Bəhram Hüseynov bildirib. – Hələ konkret addımlar atılmayıb və müəyyən məsələləri müzakirə etmək tezdir”.

Hüseynov əlavə edib ki, Azərbaycanla Türkmənistan arasındakı dəniz sərhədinin demilitarizasiyası enerji sərvətlərinin bölüşdürülməsi ilə bağlı danışıqları asanlaşdıra bilər.

Qərb enerji mənbələrini diversifikasiya etmək səyləri çərçivəsində perspektivli Transxəzər boru kəmərlərini uzun müddət təşviq edib, Rusiya və İran isə bu planları həyəcanla izləyir.

Xəzərdən daha çox enerji ixracı, öz neft və qazının Avropa bazarlarına satışını genişləndirməyə çalışan Rusiyadan gələn enerji tədarükləri ilə rəqabət aparacaq.

İran Xəzərdən enerji tədarükünün öz ərazisini keçməsinə çalışır, Transxəzər marşrutlarının çox bahalı və təhlükəli olduğunu iddia edir.

"İran istənilən Transxəzər boru kəmərlərinə qarşıdır”. Bunu İran Milli Qaz Şirkətindən Bəhruz Namdari deyib. "Transxəzər boru kəmərinin çəkilməsi ətraf mühitə ciddi ziyan vura bilər”.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti