8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında həm təkbətək, həm də heyətlərarası görüş başa çatdı, müzakirələr 6 saata yaxın çəkdi. Əslində liderlərin görüşü bu gün İstanbulda keçirilməli idi.
Ancaq Putin İdlib olaylarından sonra zəif görünməsin və Ərdoğanın ayağına getdiyi görüntüsü yaranmasın deyə İstanbula səfərdən imtina etdi, türkiyəli həmkarını Moskvaya dəvət etdi.
Ərdoğan razılaşdı. Doğrudur, Türkiyənin ana müxalifət partiyası "Sən Putinin ayağına niyə gedirsən” sualı ilə Ərdoğanın mövqelərini zəiflətməyə çalışdı. Ancaq vəziyyətin gərgin olduğu mərhələdə görüş yerinin harda olması Ərdoğan üçün önəmli deyildi. Önəmli olan görüşdən real nəticə əldə etmək idi və Türkiyə Cumhurbaşqanı ən azı müəyyən mərhələyə qədər həmin nəticəni əldə etdi. Eyni zamanda Putin də bugünkü anlaşma ilə mövqeyini qorumağa çalışdı.
Birincisi, prezidentlər ortaq bəyanatda Astana formatının davam edəcəyini bildiriblər. Yəni Rusiya və Türkiyə İranı da yanlarına almaqla dialoqa davam qərarı veriblər.
İkincisi, prezidentlər İdlib ətrafında atəşkəsə nail olublar. İdlib ətrafındakı strateji M-4 yolu ətrafında 6 kilometrlik təhlükəsizlik koridoru yaradılacaq. Martın 15-dən başlayaraq bu yol boyu iki ölkənin ortaq patrulu işə başlayacaq. Bu arada, Rəcəb Tayyib Ərdoğan İdlibin yeni statusunun müəyyənləşdirilməsi vacibliyini dilə gətirib. Ancaq Putinin buna razılıq verib-vermədiyi bəlli deyil.
Üçüncüsü, birgə bəyanatda tərəflər İdlibdəki terrorçu qüvvələrin neytrallaşdırlması vacibliyini qeyd ediblər. Böyük ehtimalla bu bəndin ortaq bəyanata salınmasını Putin təklif edib.
Eyni zamanda bəyanatda mülki insanlara qarşı hərbi əməliyyatların dayandırılması vacibliyi də vurğulanıb. Bu isə Türkiyənin təklifidir. Türkiyə İdlibdən növbəti qaçqın axını istəmir. Bəyanata görə Rusiya Türkiyənin bu həssasiyyətini qəbul edir, ancaq Moskvanın buna riayət edib-etməyəcəyini yaxın günlər göstərəcək.
Razılaşmaya baxmayaraq, Ərdoğan onu da Putinin diqqətinə çatdırıb ki, Əsəd qüvvələri İdlibi bombalasalar, yenə qarşılığını alacaq.
Moskvada əldə edilən nəticə həm Türkiyə, həm də Rusiya üçün vacib idi. Vladimir Putin də anlayır ki, İdlibə və Əsədin təxribatlarına görə strateji tərəfdaş halına gələn Türkiyə ilə münasibətləri korlamaq Rusiyanın maraqlarına ziddir.
Rusiya Krımın ilhaqına görə, onsuz da Qərblə münasibətləri soyuqdur, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir edir, üstəgəl dünyanı bürüyən koronavirus neftin qiymətlərini endirib.
Bu azmış kimi Rusiya İdlibə görə Türkiyə ilə müharibə astanasına gəlsə, ağır vəziyyətini bir az daha mürəkkəbləşdirəcək. Təsadüfi deyil ki, Putin Ərdoğanla görüşdə İdlib ətrafında şəhid olan türkiyəli hərbçilərə görə ilk dəfə başsağlığını bildirdi.
Putin birtərəfli görünməsin deyə, Əsəd qüvvələrinin də böyük itkilər verdiyini xatırlatdı.
Putin onu da nəzərə almaq məcburiyyətindədir ki, Türkiyə ilə münasibətlərini gərginləşdirsə, Ankara Bosfor və Dardanel boğazlarını Rusiyanın hərbi gəmilərinə bağlayacaq. Bu isə Rusiyanın prestijinə daha bir zərbə olacaq.
Türkiyənin pilotsuz uçuç aparatları və qırıcı təyyarələri İdlib ətrafında Əsəd qüvvələrinə dağıdıcı zərbələr vurmaqla onsuz da Rusiyanın prestijinə zərbə vurublar.
Rusiya Suriya, o cümlədən İdlibin hava sahəsini başqa dövlətlərin, o cümlədən Türkiyənin hərbi təyyarələrinin uçuşlarına qapalı zona elan etmişdi. Rusiya guya İdlibin səmasını qoruyurdu.
Ancaq Türkiyənin pilotsuz uçuş aparatları Əsədin onlarla tankını, zirehli texnikasını, o cümlədən minlərlə hərbçisini neytrallaşdırdı.
Türkiyənin hərbi təyyarələri isə Suriyanın və İdlibin hava sahəsini pozmadan Əsəd rejiminin 3 təyyarəsini vurdu. Yəni Türkiyə hamıya göstərdi ki, Suriyanın hava sahəsini pozmadan da Əsəd rejiminin qüvvələrini darmadağın etmək gücündədir.
Bu amil də Rusiyanın prestijinə zərbə idi. Bütün bunları nəzərə alan Vladimir Putin köhnə dostu Ərdoğanla yenidən razılaşmaya üstünlük verdi.
Əsas sual budur: Moskvadakı razılaşmanın ömrü nə qədər olacaq?
Bu sual ona görə aktualdır ki, iki dövlətin lideri son illər ərzində Suriya və İdlib mövzusunda dəfələrlər razılaşma əldə ediblər, atəşkəsə nail olublar, ancaq hər dəfəsində də razlaşma pozulub.
Rusiya gözləyir ki, Türkiyə ordusu İdlibdəki "Heyət Tahrir Əş-Şam” (HTŞ) simasında terrorçuların tamamını neytrallaşdıracaq.
Ancaq bu Türkiyənin imkanı xaricindədir. Avrasiya bölgəsinin, o cümlədən Suriyanın sağ qalan bütün terrorçuları İdlibə yığışıblar.
Onların sayı on minlərlədir. Bu terrorçular o qədər güclüdürlər ki, İdlibdə Türkiyənin dəstək verən Suriya Azadlıq Ordusunun döyüşçülərini Türkiyə sərhəddinə tərəf sıxışdırıblar.
Terrorçuların təslim olacağını gözləmək də əbəsdir. Onlar Əsəd qüvvələrinə təslim olmaqdansa sona qədər savaşmağa üstünlük verirlər. Bu terrorçular isə yaxınlıqdakı Rusiya hərbi bazasına yenidən raket atarlarsa, Rusiya təyyarələri və Əsəd qüvvələri İdlibi bombardman edəcək, bu zaman mülki əhalidən ölənlər olacaq və Türkiyə yenə buna səssiz qalmayacaq.
Yəni, Ərdoğan-Putun razılaşmasının taleyi "Heyət Tahrir Əş-Şamın” (HTŞ) özünü necə aparacağındadır. Onlar atəşkəsə riayət etməsələr bölgə yenə qarışacaq və İdliblə bağlı Moskva razılaşması özündən əvvəlkilər kimi nəticəsiz qalacaq.
"Heyət Tahrir Əş-Şam”ın İdlibdə varlığını sürdürmələri Rusiya və Türkiyə üçün problem olaraq qallacaq. Hansısa terrorçu təşkilatın uzun müddət 4 milyon əhalisi olan şəhərə hakim olması uzun sürə bilməz.
Ərdoğan bu problemin həlli üçün nəsə xüsusi plan hazırlamalıdır. Variantlardan biri budur ki, "Heyət Tahrir Əş-Şam”ın (HTŞ) özünü buraxır, bir hissəsi Azad Suriya Ordusuun sıralarına qatılır, digərləri müxtəlif yollarla şəhəri tərkə məcbur edilirlər.
Sadəcə, həmin terrorçular İdlibi ancaq Türkiyə üzərindən tərk edə bilərlər. Bunun reallaşması mürəkkəbdir.