PUTİN-ƏRDOĞAN GÖRÜŞÜ ÖNCƏSİ PAŞİNYANA VERİLƏN “QAFQAZ İTİ”… –Rusiya-Türkiyə təmaslarına erməni baxışı - TƏHLİL

PUTİN-ƏRDOĞAN GÖRÜŞÜ ÖNCƏSİ PAŞİNYANA VERİLƏN “QAFQAZ İTİ”…

 

Aram Amatuni

"1in.am”, Ermənistan, 05 mart 2020-ci il

 

Gürcüstanın Baş naziri Georgi Qaxariya ölkəsində səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyana safqanlı Qafqaz çoban itinin balasını bağışladı.

Bu hədiyyəyə, məncə, erməni-gürcü münasibətlərinin xüsusi istilik və əhəmiyyət daşımasının sübutu kimi də baxmaq olar. Bu, əlbəttə, təqdirəlayiq və ruhlandırıcı haldır.

Bu halın 05 mart ərəfəsində, başqa bir görüşün – Türkiyə Prezidenti Ərdoğanın Moskvada Putinlə üzbəüz İdlib ətrafında yaranmış vəziyyəti müzakirə edəcəyi görüşün ərəfəsində baş verməsi daha mühüm əhəmiyyət kəsb edir. Söhbət Rusiya-Türkiyə hərbi münaqişəsindən gedir. Bu, şübhəsiz, yalnız İdliblə bağlı olan bir məsələ deyildir.

Hərbi münaqişə İdlibdə baş verir, lakin onun ətrafında formalaşan Rusiya-Türkiyə gündəliyi, əlbəttə, məsələlərin geniş dairəsini əhatə edir.

Məsələlərin geniş dairəsinin "təməl” zonası, əslində, Qafqazdır. İş ondadır ki, Rusiya və Türkiyə xarici siyasətinin "alma mater”i (lat. "alma mater” sözünün mənası "süd anası” və ya "əmizdirən ana” deməkdir – tərc.), əlbəttə, şərti olaraq, burada yerləşir. Bu ölkələrin xarici siyasətinin həlledici yükü və məntiqi Qafqazdakı durum əsasında formalaşır və ya qavranılır.

Bu mənada, Moskvada keçiriləcək rus-türk görüşü ərəfəsində yüksək səviyyəli Ermənistan-Gürcüstan görüşünün keçirilməsi və safqanlı Qafqaz çoban itinin balası timsalında isti münasibətin nümayiş etdirilməsi həm siyasi, həm də simvolik mənada xüsusu məna daşıyır.

Görünür, Ermənistan və Gürcüstan özlərinin Qafqazdakı mövqelərinin gücünü və əməkdaşlıqda qərarlı olduqlarını vurğulayırlar.

Məsələ ondadır ki, Rusiya və Türkiyənin Qafqazdakı mövqeləri "ənənəvi olaraq” məhz Ermənistan və Gürcüstanın hesabına, çox vaxt da erməni-gürcü qarşıdurmasının stimullaşdırılması və ya təhrik olunması hesabına, onun vasitəsilə müəyyən olunurdu. Bu, ümumiyyətlə, Rusiya ilə Türkiyənin münasibətlərinin aydınlaşdırılmasının "təməl sxemidir”.

İrəvan və Tiflis 05 mart görüşü ərəfəsində, faktiki, göstərir ki,  bu sxem işləyə bilməz və bu səbəblə, əgər Rusiya və Türkiyə münasibətlərini tənzimləmək və münaqişəni bitirmək istəyirlərsə, – Gürcüstan və Ermənistan qəti olaraq buna qarşı çıxmayacaq, – bu istəklərini Ermənistan və Gürcüstan hesabına, o cümlədən erməni-gürcü qarşıdurmasını stimullaşdırmaq hesabına təmin etmək kimi "təhlükəli adətlərindən” əl çəkməlidirlər və başqa sxem və formullar tapmalıdırlar.

Tərcümə Strateq.az-ındır 



Oxşar Xəbərlər

Xəbər lenti