8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Suadad əl-Səlhi
"Middle East Eye”, 22.05.2020
Təxminən bir ay əvvəl İrana bağlı bütün İraq qüvvələrinə qısa bir xəbər gəlib: İslam Respublikası İraq siyasətini iraqlıların öhdəsinə buraxır.
Namədə deyilirdi: "İranlılar siyasi proseslə əlaqəli hər hansı bir təfərrüata qarışmayacaqlar. Yeni baş nazir seçimi daxili məsələdir və İraq liderləri müstəqil qərar çıxarmalıdırlar”.
Mesaj yeni deyil və martın sonunda İraqa səfər edən İranın Yaxın Şərqdəki sahə əməliyyatlarının rəhbəri, Qasim Süleymaninin varisi general İsmayıl Qaaninin başqa bir bildirişinin təsdiqi idi.
Martın 30-da Qaani Bağdada gələndə, İraq qapanmışdı, koronavirusla mübarizə aparır və kifayət qədər siyasi partiyanın dəstəyini ala və ölkəni yarım illik uğursuz siyasi cığırdan çıxara biləcək baş nazir axtarırdı.
"Qüds” Qüvvələrinin komandanı ertəsi gün bir sıra şiə siyasi bloklarının lideri ilə görüşüb, o cümlədən "əl-Hikmə” lideri Ammar əl-Həkim, Nuri əl-Maliki, "Hüquqi Dövlətin”in başçısı Hadi əl-Amiri, "əl-Fəth” blokunun rəhbəri və "Xalq Səfərbərlik” Təşkilatının (PMA) sədri və milli təhlükəsizlik üzrə müşavir Falih əl-Fəyyazla.
Təəccüblü olsa da, Qaani İraqın İran dəstəkli silahlı birləşmələrinin heç bir lideri ilə görüşməyib.
Bu danışıqlara qatılan bir şiə liderinin dediyinə görə, "iclas siyasi məzmunlu idi, heç bir hərbi və ya təhlükəsizlik təfərrüatlarına toxunulmadı”.
Ancaq Qaaninin dörd liderə verdiyi mesaj buydu: "İranlılar baş nazir vəzifəsi üçün konkret ad çəkməyəcəklər. Bununla bərabər, İrana düşmən olan və ya İraqda İranın müttəfiqlərinə düşmənçilik edən baş naziri dəstəkləməyəcəklər”.
Qaani Bağdadda lazım olduğundan artıq qalmayıb və ertəsi gün nüfuzlu şiə ruhanisi Müqtəda əs-Sədrlə görüşmək üçün Nəcəfə gedib. Lakin Sədrlə görüşmək əvəzinə, o, Ayətullah Sistaninin böyük oğlu Seyyid Məhəmməd Rza Sistani ilə görüşüb.
Sədrlə görüşün ləğv səbəbi məlum deyil. Sistaninin oğlu ilə təmas isə 2 saatdan çox davam edib. Qaani İranın ali lideri Xamnəinin ismarışını Sistaniyə və onun təklifini müzakirə etməyə hazır olduqlarını çatdırıb.
Sistaninin tələbləri aydın idi: İran və İraq arasında istənilən siyasi, təhlükəsizlik və ya iqtisadi razılaşmalar rəsmi hökumət kanalları vasitəsi ilə əldə edilməlidir.
Dövlətə meydan oxuyan hər hansı bir İraq qüvvəsinə dəstəyin dayandırılmasının vacibliyini söyləyən Sistani bildirib ki, İran İnqilab Keşikçiləri və "Ettalaat”ın hökumət kanalları xaricində ölkədə hər hansı bir siyasi və ya hərbi güclə işləməsinə icazə verilməməlidir.
Sistaniyə yaxın bir mənbə müzakirələrin çox hissəsinin "Seyyid Sistaninin qəzəbinə səbəb olan İraqdakı İran təcrübələri”nə həsr olunduğunu təsdiqləyib.
İlk sınaq
Ötən ilin noyabr ayında etiraz aksiyalarından sonra istefa verən Adil Əbdülmehdinin yerini tutacaq baş nazirin seçimi İranın səmimiyyətinin ilk sınağı idi.
Xüsusilə, fevral ayında İnqilab Keşikçiləri ilə bəzi İraq şiə qüvvələri arasında yeni hökumətin qurulması və Əbdülmehdinin müvəqqəti rəhbərliyini qorumanı dayandırmaq barədə razılaşma əldə edilib. Ancaq o vaxtdan bəri işlər dəyişib.
Şiə partiyaları Sədrin baş nazirliyə namizədi Məhəmməd Tofiq Ələvinin vəzifəyə seçilməməsindən sonra çaşqınlıq içində idi. 8 həftə başqa bir namizədə dair razılaşmaya sərf edilib.
İraq prezidenti Bərham Salih Nəcəfin keçmiş valisi və "əl-Nasir” blokunun liderlərindən biri olan Adnan əl-Zurfiyə hökuməti formalaşdırmağı tapşırıb. Amerikalılara yaxınlığı, iranlılara və müttəfiqlərinə düşmənçiliyi ilə tanınan Zurfinin namizədliyi "əl-Fəth” liderlərini və İranın dəstəklədiyi silahlı fraksiyaları təhrik edib.
Lakin İranın müdaxilədən imtinası halında kəşfiyyat xidmətinin rəisi Mustafa əl-Kaziminin namizədliyi irəli sürülüb. O, İran və ABŞ da daxil olmaqla, yerli və beynəlxalq güclərlə yaxşı əlaqələrə malikdir.
İraqa səfər edən Qaani heç bir namizədi dəstəkləməyə çalışmayıb. "Biz öyrəndik ki, Ali Rəhbər İranın İraq işlərinə aid olan bütün məsələlərə, strateji məsələlərdən başqa, hər hansı bir müdaxiləyə son qoyulması barədə qərar verib”. Bunu anonim bir şiə siyasi blokunun rəhbəri deyib. "İran rəsmilərindən heç biri yeni hökumətin qurulması və ya təklif olunan nazirlər və ya nazirlik kvotaları ilə əlaqədar hər hansı bir təfərrüatı müzakirə etməyib”.
Müttəfiqlər arasında münaqişə
İranın geri çəkilməsi, növbəti baş nazirin təyinatında ciddi iştirak etməməsi və Kaziminin ABŞ-la yaxın münasibətlərinə göz yumması İranın dəstəklədiyi silahlı birləşmələri qəzəbləndirib və öz aralarında fikir ayrılığına səbəb olub.
"Kətaib Hizbullah” Kazimini ABŞ-la sui-qəsd şərikliyində günahlandırır. "Sarəllah Briqadaları”, "əl-Xorasani Briqadaları” və "əl-Nücəba” Hərəkatı da onu qəbul etməkdən imtina edib. "Əsayib Əhli əl-Haqq” və "Cund əl-İmam Briqadaları” isə qərarı təsdiqləyiblər.
"Bədr” təşkilatı və "Seyyid əş-Şühəda Briqadaları” da daxil olmaqla, başqa fraksiyalar Kazimini dəstəkləyib.
Kazimini iqtidara gətirmək üçün parlament səsverməsindən qabaq bir sıra "Fəth” liderləri, ümumiyyətlə, hökumət quruluşunda nazirlik kvotalarını almama bəhanəsi ilə səsverməni əngəlləmək üçün səfərbər olmağa başlayıblar.
Bununla birlikdə, İranın İraqdakı keçmiş səfiri Həsən Danayinin başçılığı ilə İran nümayəndə heyəti səsvermə iclasından 3 gün əvvəl Bağdada gəlib. Heyət "Fəth” və "əl-Həkim” liderləri ilə görüşüb və onları Kazimiyə səs vermək üçün dilə tutub.
Yeni prioritetlər
İranın iqtisadi vəziyyəti dəhşətlidir. ABŞ-ın sanksiyaları, neft qiymətlərinin tarixi aşağı səviyyəsi və koronavirus pandemiyasına görə İran-İraq sərhədinin bağlanması valyuta axışına əhəmiyyətli dərəcədə təsir edib.
İrana yaxın şiə liderləri MEE-yə açıqlamasında İraqın Körfəz dövlətləri və ABŞ-la münasibətləri islah edərək, ölkəyə təzyiqi azaltmaq üçün prioritetləri dəyişdirdiyini deyirlər.
İranın İraqdakı təsirini bir neçə cəhətdən görmək olar. Tehran silahlı birləşmələrə və korrupsiyaya uğramış siyasi qüvvələrə mənəvi və maddi dəstək verib, onları İraq qanunlarına etiraz etməyə, iraqlıları qorxutmağa, İraqda ABŞ qüvvələrinə və mənafelərinə hücumlara təşviq edib.
Son aylarda, xüsusən Süleymaninin öldürülməsi demək olar ki, İraq torpaqlarında İran və ABŞ arasında açıq müharibəyə səbəb olub, bir çox iraqlı, o cümlədən Sistani tarazlığı bərpa etməyə çalışıb.
Sistani üçün "Haşd əl-Şəabi” qüvvələrinə nəzarətin İraq hökumətinə təhvil verilməsi, İranın təhlükəsizlik xidmətlərinin İraqın siyasi və ya hərbi qüvvələri ilə birbaşa ünsiyyətinə mane olma və iki ölkə arasındakı işlərin rəsmi kanallarla məhdudlaşdırılması münasibətləri düzəltməyin məhək daşıdır.
Silahlı fraksiyaların rəhbərləri Əbdüləziz əl-Məhəmmədəvinin Mühəndisin varisi olaraq "Haşdi” başçısı olma qərarını ləğv edib. İndi "Bədr” təşkilatının keçmiş lideri Əbumüntəzir əl-Hüseyni qərargah rəisi vəzifəsinə namizəd olub.
Xamnəinin göstərişlərinə əsasən, "Haşd əl-Şəabi”nin ABŞ bazalarına hər hansı bir hücumu qadağan edilib. Tehran İran tərəfindən maliyyələşdiriləcək və təchiz ediləcək, ehtiyac olduqda ABŞ qüvvələri ilə qarşı-qarşıya qalacaq yeni qrup formalaşdırır. Onun liderləri və döyüşçülərinə siyasi fəaliyyət qadağandır və "Haşdi” ilə əlaqələrini kəsməlidirlər.
"Yeni fraksiya hələ formalaşdırılmayıb və indi mübarizə aparmayacaq. Bu, sonradan iranlılar tərəfindən danışıqlarda amerikalılara təzyiq etmək üçün istifadə ediləcək təzyiq kartıdır, – bir "Haşdi” komandiri MEE-yə bildirib. – Elit döyüşçülər "Haşdi”dən çıxdıqdan sonra İraq daxilində qalmaq məcburiyyətində deyillər. Bəzilərinin Suriyaya, İrana və ya Livana gedəcəyi ehtimalı var. Problem ondadır ki, hazırda koronavirus pandemiyasına görə səyahət dayandırılıb, buna görə də, növbəti addımın nə olacağını hələ bilmirik”.
Körfəz dövlətləri və ABŞ-la münasibətlərin bərpasında, İrana tətbiq olunan iqtisadi sanksiyaların təsirini azaltmaqda İraq çox şey təmin edə bilər. Bunun üçün onun bəzi imkanları var.
Bu siyahıya İrandan elektrik enerjisi və qazın davamlı idxalını təmin etmək, İranın daha çox neft ixracına imkan vermək və onu satın alan şirkətlərə göz yummaq da daxildir.
İraq, eyni zamanda, Qafqaz ölkələrinin banklarındakı aktivləri hesabına İrandan idxalı maliyyələşdirmk üçün ABŞ-dan icazə istəyə bilər.
Fazi Simari deyib: "İranlılar Kazimi sayəsində bu güzəştlərin əldə edilməsinə inanırlar. İranlılarla amerikalılar arasındakı münasibətlər yaxşılaşdıqda, iraqlılarla Körfəz ölkələri arasındakı əlaqələr avtomatik olaraq yaxşılaşacaq”.
Tərcümə: Strateq.az