Gürcüstan Rusiyanı BTQ-dən KƏNARDA SAXLAYA BİLƏCƏK?

Gürcüstan Rusiyanı BTQ-dən KƏNARDA SAXLAYA BİLƏCƏK?

 

Qabil Hüseynli: "Gərək, Gürcüstan bu məsələdə hövsələsizlik etməyə”

"Gürcülər şosse yollarında Rusiyaya böyük güzəştə gedir, amma dəmiryolu məsələsində "naz edir” ki, Rusiya buradan yük daşımasın”

"Bu məsələnin daha çox məsuliyyəti Türkiyənin üzərinə düşür və Türkiyə də Gürcüstanla dil tapmalıdır. Çünki o, Rusiyaya dəmiyolu ilə pomidorunu göndərəcək”

Rusiyanın Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolundan istifadə etməsi məqsədilə bir neçə gün əvvəl Ankarada saziş imzalandı. Türkiyə-Azərbaycan-Rusiya arasında imzalanan saziş Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yükdaşımaların daha da artırılmasını nəzərdə tutur.

Şübhəsiz, Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə yük daşımaları həyata keçirmək istədiyi kimi, Türkiyə də öz mallarının müəyyən hissəsini eyni marşrut ilə Rusiyaya daşıya bilər. Ancaq Gürcüstan hökuməti Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını istəmir. Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadze məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyini ifadə edərək bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin strateji layihəsidir və hər hansı digər iştirakçı sözügedən layihəyə yalnız bu üç ölkənin razılığı ilə qoşula bilər: "Bu, bizim üçün strateji layihədir və üç ölkə arasında onun reallaşdırıldığı prinsipləri müəyyən edən saziş imzalanıb”.

Gürcüstan baş nazirinin sözlərinə görə, layihə üzrə işlərin böyük hissəsi başa çatıb. Ankarada keçirilən görüşə və orada imzalanmış memoranduma gəlincə isə, bu görüş "fərqli rakurs”dan keçirilib: "Çünki üç ölkə (Azərbaycan, Gürcüstan və Türkiyə) arasında imzalanmış sazişə uyğun olaraq hər hansı digər oyunçu bu layihəyə yalnız üç ölkənin razılığı ilə qoşula bilər”.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava da məsələyə münasibətini bildirib: "Bu görüş, güman ki, başqa mövzuya aid olub. Müxtəlif formatlarda müxtəlif görüşlər keçirilə bilər və bu da, yəqin ki, başqa mövzuya aid olub. Söhbət, sadəcə olaraq, regionumuza yüklərin cəlb edilməsindən gedə bilər, lakin heç bir ayrıca götürülmüş tərəf layihədə nəyisə birtərəfli qaydada dəyişə bilməz. Biz bu layihəni təsdiq edilmiş və razılaşdırılmış, bizim suveren maraqlarımıza müvafiq formada həyata keçiririk”.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə məsələyə iqtidar nümayəndələrindən fərqli baxış sərgiləyib: "Bizim azərbaycanlılar və türklərə əsəbiləşəcək heç nəyimiz yoxdur. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik. Azərbaycanlılar və türklərin yerində olsaydım, bunları "heç kim” yerinə saymazdım. Hər kəs özünə hörmət edir. Biz İvanişvilinin bizim üçün müəyyən etdiyi yerdəyik. Biz regionun ən cəlbedici, həmçinin dünyanın bir nömrəli reformator ölkəsiydik, amma indi kiçik kəndə çevrilmişik. Rusiya bizi qapadır. Artıq Lazika limanı layihəsini boğublar”.

Qeyd edək ki, mayın 6-da Ankarada "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC), "Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (ASC) və "Türkiyə Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanması mərasimində Gürcüstan tərəfindən heç kim iştirak etməyib. Memoranduma əsasən, bundan sonra Rusiya yüklərinin Bakı-Tiflis-Qara dəmiryoluyla daşınmasına izn veriləcək.

Onu da diqqətə çatdıraq ki, ümumi uzunluğu 826 kilometr olan BTQ dəmiryolu xətti ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 günə nəzərdə tutulur. Layihənin məqsədi Türkiyə və Azərbaycanı dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

"Gürcüstan bu dəmiryolunun çəkilməsinə bir qara qəpik də qoymayıb”

Картинки по запросу Qabil Hüseynli

Rusiyanın Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməsinə Gürcüstanın narazı olması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, Gürcüstan hər düşən fürsətdən özü üçün yararlanmağa çalışır: "Gürcüstan Rusiya ilə Ermənistan arasında Cənubi Osetiyanın ərazisindən keçməklə "odlar qarısı”nı açır, düzəldir, hətta Abxaziya ərazisindən keçən dəmiryolunun işə salnması haqqında mətbuata müəyyən fikirlər sızır. Bu, onu göstərir ki, Bidzina İvanaşvli Rusiyanın adamı kimi əlaltından müəyyən işlər görməyə çalışır. Doğrudur, Bakı-Tbilisi-Qars dəmiyoluna Gürcüstanın haqqı var. Gürcüstanla bəzi məsələlər razılaşdırılmalıdır. Amma Gürcüstan bu dəmiryolunun çəkilməsinə bir qara qəpik də qoymayıb, bunun haqları daha çox Azərbaycanla Türkiyənindir. Bir də ki, o daşınmadan əldə edilən vəsaitin bəlkə də əhəmiyyətli bir hissəsi Gürcüstanın payına gedəcək. Biz müştəri axtarırıq ki, yol boş qalmasın, yük daşısınlar və oradan da həm bizə, həm də Gürcüstana pul gəlsin. Gürcülər şosse yollarında Rusiyaya böyük güzəştə gedir, amma dəmiyolu məsələsində "naz edir” ki, Rusiya buradan yük daşımasın. Hər halda Gürcüstanla danışıqlar aparıb, bu məsələni həll etməyə çalışacaqlar. Çünki bu yolun canlandırılması, həqiqi "İpək yolu” missiyasını öz üzərinə götürməsi üçün məsələləri həll etmək lazımdır. Rusiyanı bura qoşmaqla, onu özümüzdən və Gürcüstandan da asılı edirik. Gərək, Gürcüstan bu məsələdə hövsələsizlik etməyə. Hər halda, Gürcüstanı razı salmaq mümkündür”.

"Düzdür, yolun pulunu hamısını biz vermişik, amma elə etməliyik ki, arada inciklik olmasın”

Q. Hüseynli onu da nəzərə çatdırdı ki, Sakaaşvilinin dövründə də, indi də Azərbaycanın bütün iqtisadi layihələri Gürcüstan ərazisindən reallaşır: "Gürcüstanı saymamaq söhbəti ola bilməz. Sakaşvilinin tezisi çox qorxulu tezisdir və bu tezisi əsas götürmək olmaz. Gürcüstan Bakı-Tbilisi-Ceyhan kəmərində iştirak edir, TANAP layihəsinin iştirakçısıdır, indi də dəmiryolunda tərəfdaşdır, dəmiryolunun tərəfdaşları da artır. "Bir kəmər, bir yol” layihəsi Çinin ifasında həyata keçirilməyə başlayıb. Rusiya da şirnikdi, buraya qatışdı. Ona görə, bir tərəfdaş kimi Gürcüstanla münasibətləri qoruyub, saxlamağa çalışmalıyıq. Gürcüstanı saymadan keçib getmək olmaz. Türkiyə də, Azərbaycan da, Rusiyanın özü də Gürcüstan hökumətinin könlünü almağa çalışmalıdır. Başqa cür gərginlik daha da arta, xoşagəlməz hallar ola bilər. Ona görə ki, Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyəti hissəsi Gürcüstan ərazsindən keçir. Düzdür, yolun pulunu hamısını biz vermişik, amma hər halda elə etməliyik ki, arada inciklik olmasın. Çünki müqavilə var. Müqavilədə göstərilir ki, hər üç tərəfin iştirakı ilə başqa dövlətlər bu sazişə qoşula bilər”.

"Bu məsələnin məsuliyyəti Türkiyənin üzərinə düşür”

"Artıq sözügedən ölkələr arasında razılaşma imzalanıb. Gürcüstan isə heç tədbirə qatılmayıb. Bundan sonra Gürcüstanı nəzərə alacaqlarmı” sualına Q. Hüseynli belə cavab verdi: "Rusiya-Azərbaycan-Gürcüstan arasında imzalanan sazişə qədər olan hadisələrin təfərrüatını biz bilmirik. Ola bilsin ki, Gürcüstanı dəvət ediblər, Rusiyaya görə tədbirə qatılmayıb. Bu məsələnin daha çox məsuliyyəti Türkiyənin üzərinə düşür və Türkiyə də Gürcüstanla dil tapmalıdır. Çünki o, Rusiyaya dəmiyolu ilə pomidorunu göndərəcək”.

Şamo EMİN



Oxşar Xəbərlər

Xəbər lenti