8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qələmimdən çıxan bu yazılar (20 Yanvar faciəsi və Xocalı soyqırımı) Azərbaycan dövlətinin və millətimizin ən yaxın tarixində baş verən dəhşətli hadisələrin çox qısa xronikasıdır. Nəyi görüb duymuşamsa, o sayaq da yazmışam. Həmin müdhiş hadisələr hansı səbəblərdən baş verib? Onların törədilməsində, millətin faciələrlə üzləşməsində kimlərin (özümüzünkülərdən) günahı olub? Doğrudanmı tarixi düşmənlərimiz bizim qanımıza, iliyimizə yeriyib? Ona görə də bütün mübahisələrdə, münaqişələrdə, müharibələrdə uduzuruq? Və sapı özümüzdən olan bu baltalar zaman-zaman rişəmizi doğramaqda, bizi məzlum, müti eləməkdə davam edirlər? Bəlkə hələlik son faciəmiz olan 20 Yanvar (1990) və 26 fevral (1992) dəhşətləri də bu "sapların”, mütilərin, gerizəkalıların ucbatından baş verib? Allah betərindən saxlasın!
Həmin o 1992-ci ilin fevral günlərində Bakı özünün narahat və həyəcanlı anlarını yaşayırdı. Erməni vandalları Dağlıq Qarabağ ərazisində min illərdir yaşayan azərbaycanlıların məskənlərini bir ucdan yanıdırıb ələ keçirir, camaatını pələsəng eləyirdi. Həmin günlərdə azərbaycanlıların son istinadgahı Malıbəyli və Qaradağlı kəndləri yandırılmış, əhalisinin ələ keçəni məhv edilmiş, Xocalı aeroportu düşmənin əlinə keçmiş və Xocalı şəhəri mühasiryə alınmışdı.
Xalqı narahat edən bu günlər, görünür, korafəhim və müti Azərbaycan rəhbərliyinin vecinə də deyildi. Hər gün bir yalan uydurur, "Xocalı cəsarətlə döyüşür, müdafiə edilir” deyilərək, millətin başı altına yastıq qoyurdular. On mindən çox əhalininməskunlaşdığı şəhərdən onların təhlükəsiz köçürülməsi barədə də fikirləşən yox idi (amma Xocalı şəhərinin rəhbərləri – icra başçısı, prokuror, polis rəisi şəhərdən neçə günlərlə əvvəl ailələri ilə birlikdə qaçmışdılar).
Hətta həmin 25 fevral axşamı Azərbaycan televiziyası Xocalıdan görüntülər də nümayiş etdirirdi. Həmin görüntülər isə Şuşa televiziyasından verilir və Şuşanın ayağı altında olan Xocalıda guya həyat öz ahəngində davam edir, şəhər ordu hissələrimiz tərəfindən müdafiə olunur.
Bu görüntülərə baxmayaraq, Bakıda hamı həyəcan içindəydi və alınan məlumata görə şəhər erməni və rus hərbi birləşmələri tərəfindən tam mühasirəyə alınmışdır.
Elə Xocalının "rahat həyat” yaşadığı həmin gecə ermənilər Xankəndidəki rus batalyonundakı hərbi texnikanın və erməni əsgərlərinin köməyi ilə Xocalıya hücum etmiş, şəhəri büsbütün yandırmış, 613 nəfər qətlə yetirmiş, yaralıları və uşaqları tonqallara atmış, dinc əhalinin 1275 nəfərini əsir-girov götürmüş, 487 nəfəri şikəst edilmiş, 150 nəfər isə itkin düşmüşdür. .
Bakı camaatı həmin qanlı qırğını fevralın 26-da lap tezdən eşitmişdi. Buna baxmayaraq, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov radio ilə çıxış edərək, deyilənləri "şayiə” adlandıraraq, "Xocalı yaşayır, Xocalı döyüşür və bu döyüşlərdə iki nəfər itkimiz olub” deyərək, millətin başı altına yenə də yastıq qoyurdu. Amma şəhərə ildırım sürətilə yayılan səs-səda isə bunun əksini söyləyirdi.
Mən həmin səs-sədanı eşidən kimi dərhal iş yerimə-"Azərbaycan” nəşriyyatına getdim. Binanın birinci mərtəbəsində Azərbaycan ziyalılarının təşkil etdiyi "Demokratik qüvvələr birliyi” adlanan ictimai birliyin idarə heyətinin iki üzvü ilə - professor Murtuz Ələsgərovla və professor Xalid Əlmirzəyevlə (mən də heyət üzvü idim) qarşılaşdım. Onlar birliyin sədrlərindən olan "Gənclik” jurnalının baş redaktoru Məmməd İsmayılla görüşməyə, eşidilən faciə barəsində fikir mübadiləsi aparmağa gəlmişdilər.
Onlarla görüşdüm və hövlnək soruşdum:
-Xalid müəllim, Xocalı barədə deyilənlər doğrudur?
Hər iki professor ağır-ağır dilləndi:
-Bəli, doğrudur. Bu gecə Xocalı şəhəri büsbütün yandırılıb. Çoxlu ölənlər və yaralananlar var, sağ qalanları isə əsir götürüblər.
Xalid Əlmirzəyev:
-Bir azdan idarə heyətinin digər üzvləri də gələcək. Sədr çağırıb. Bu faciəni ayıq başla müzakirə edib, yekdil bir qərara gəlməliyik.
Bu zaman Milli Elmlər Akademiyası Kimya ET İnstitutunun direktoru, professor Ramiz Rizayev, Pedaqogika ET İnstitutunun direktoru, professor Zahid Qaralov, şair Sabir Rüstəmxanlı da bizə qoşulub, birlikdə Məmməd İsmayılın kabinetine daxil olduq.
Məmməd İsmayıl çox bədbin görkəmdə idi. El demiş, "bıçaq vursan, qanı çıxmazdı”. Qəzəbdən rəng-ruhu ağarmışdı. O, ayağa qalxıb bizimlə görüşdü və özünəməxsus ötkəm bir səslə dedi:
-Eşitdiniz başımıza gətirilən müsibəti?! Bu, insanlıq və bəşəri qanunlara sığmayan bir cinayətdir. O dəhşətli cinayətin əsas baiskarı erməni vandalları olsa da, günahkarları da özümüzün başabəla rəhbərlərimizdir. Onlar vaxtında şəhər əhalisini təhlükəsiz köçürsəydilər, faciəmiz bu qədər böyük olmazdı.
-Yəni deyilənlər doğrudur? – Zahid müəllim Məmməd İsmayıldan soruşdu.
-Bəli, doğrudur. Bunu mən yox, bu saat dünya mətbuatı, xarici radiolar yazır və deyir. Deyilənləri nəzərə alsaq, bu gecə Xocalıda çox dəhşətli faciə, ağlasığmaz qırğın törədilib.
-Bəs, respublika prezidenti başqa cür deyir?
-Nə deyir respublika prezidenti cənab Ayaz Mütəllibov?
-Mütəllibov səhər tezdən radio ilə çıxış edərək bildirdi ki, Xocalı yaşayır və döyüşür. Ordumuz döyüşlərdə iki nəfər itki verib.
-Daha nə deməliydi Mütəllibov? Xəbər verməliydi ki, mənim günahım ucbatından bütöv bir şəhəri sakinləri ilə bada verdik?!
Ramiz Rzayev:
-Bəs, o şəhərin- Xocalının rəhbərləri – başbilənləri – Şəhər İcra Hakimiyyətinin başçısı, Milis rəisi, prokuroru və oradakı hərbi hissələrin komandirləri niyə şəhərin müdafiəsini və ya əhalinin təhlükəsizliyini təmin etməyiblər?
Onlar ancaq özlərinin və öz ailələrinin təhlükəsizliyini qoruyublar. Eşitdiyimə görə hadisədən neçə gün əvvəl vertolyotla şəhərdən çıxıblar, - dedi Murtuz Ələsgərov.
-"Kor atın da kor nalbəndi olar” – deyib babalar. Bu xalq məsəlini də professor Zahid Qaralov dedi və əlavə etdi: - Deyin, indi biz nə edək?
Məmməd İsmayıl:
-Demokratik Qüvvələr birliyi öz sözünü qəti deməlidir. Bu qanlı cinayətin törədilməsində bilavasitə, habelə, bu və ya digər formada iştirakı olan hər kəs tutduğu vəzifədən, qazandığı mövqedən asılı olmayaraq, cəzalandırılması tələb edilməlidir. Bir sədr kimi mənim təklifim belədir. Başqa kimin təklifi varsa, desin.
-Bu faciədə ən böyük günahı mən ancaq və ancaq Azərbaycan Respublikasının prezidenti Ayaz Niyaz oğlu Mütəllibovda görürəm. O, bir prezident kimi xalqın və dövlətin təhlükəsizliyinə qanun qarşısında and içib. O, hansı yolla olur-olsun, əhalini şəhərdən çıxarmalı idi, ya da şəhəri müdafiə etməli idi. Mütəllibov bunların heç birini eləmədi. Ona görə də Demokratik Qüvvələr birliyi adından onun istefa verməsini, Azərbaycan Respublikasının Ali Sovetindən onun istefasının müzakirəsini tələb etməliyik.
Bu təklifə hamı razılıq verdi. Məmməd İsmayıl Murtuz Ələsgərova baxıb:
-Murtuz müəllim, siz hüquqşünassınız. Hüquqi əsaslara söykənib Azərbaycan Demokratik Qüvvələr Birliyinin İdarə heyəti adından bir bəyanat-ultimatum yazın. Birlikdə aparıq təqdim edək Prezident aparatına. Qəbul etməsələr, əhalini kütləvi mitinqə çağıraq.
Mən: -Yoldaşlar, - dedim, - siz Prezidentə ultimatum hazırlayın, mən də iri biristefa şüarı yazdırım. Məncə, bu da lazımdır. Qoy, camaat bilsin ki, bizim istəyimiz, tələbimiz nədir? - deyib binanın dördüncü mərtəbəsinə qalxdım. "Kirpi” jurnalının rəssamı Ternavskiyə iri ağ karton üstündə qara tuşla, dalğavari formada, iri hərflərlə "İstefa!” sözü yazdırıb aşağı düşəndə dostların hamısı foyedə məni gözləyirdi. Hamımız birlikdə Prezident aparatına gəldik və bəyanatı rəsmi qaydada təqdim edərək, elə giriş qapısının ağzında, pilləkənlərin başındakı meydanda həmin doqquz nəfər yazdığımız plakatı başımız üstə qaldıraraq, "İstefa!”, "İstefa!”, "İstefa!” deyə-deyə gəzişməyə başladıq.
Sanki adamlar ətrafda bizi pusurmuş. On-on beş dəqiqədə "İstefa!” deyənlərin sırası əlli nəfər oldu. Yarım saata 150-200 nəfər toplandı. Bir saatdan sonra isə Prezident iqamətgahının həyətinə bəlkə də azı min nəfər toplaşdı və toplantı möhtəşəm mitinqə çevrildi. Biz elə oradaca AXC İdarə heyəti ilə ayaqüstü danışıqlar apardıq və mitinqi birgə keçirmək arzumuzu bildirdik. Çünki onda AXC respublikada ən böyük və ən güclü qüvvə idi. Nədənsə AXC bizə qoşulmadı və gələcəkdə baş verə biləcək hər hansı təhlükənin məsuliyyətini üzərindən atdı. Yalnız davam edəcək mitinqin təhlükəsizliyini öz üzərinə götürdü.
Beləliklə də Azərbaycan Demokratik Qüvvələr Birliyi həmin gün ancaq öz gücünə mitinq təşkil edib, qətiyyətlə davam etdirdi. Dərhal Prezident aparatının önündəki pilləkənlərin ayağındakı ikinci meydançada səsgücləndirici aparatlar qoyulub, mikrofon quruldu.
Mitinqin tələbi qəti idi: Xocalı faciəsi Ali Sovetin iclasında geniş müzakirə edilsin, dinc əhalinin vaxtında köçürülməməsi qayğısına qalmayan dövlət məmurları cəzalandırılsın və ölkə prezidenti öz vəzifəsindən istefa versin. Çıxış edənlər ancaq nitqlərini bu tələb əsasında qururdular. Və arabir də Xocalıdakı müdhiş, dəhşətli faciə barədə Ağdamdan və Şuşadan təcili göndərilən bəd xəbərlər elan edilirdi. Hətta axşamüstü mitinq meydanına səkkiz yaşında bir qız uşağının başsız cəsədi olan tabut da gətirilmişdi. Həmin cəsəd indi Şəhidlər Xiyabanındakı şəhid qəbirlərinin ilk cərgəsində uyuyur.
Mitinq axşama qədər davam etdi və ilk uğur bu oldu ki, sabah təcili Ali Sovetin sessiyasının çağırılması qərara alındı.
***
Səhəri gün mitinqin yeri dəyişdirildi. Prezident aparatı önündəki meydandan Ali Sovetin önündəki daha geniş meydana köçürüldü. Həmin gün mitinq keçirilən meydana bəlkə də yüz min adam toplaşmışdı. Hamının qəti fikri belə idi – Prezident A.Mütəllibov istefa ərizəsi verib, Ali Sovetin sessiyası həmin ərizəni qəbul edənə qədər mitinq davam edəcək. Və iclas zalından bir nəfər də olsun deputat bayıra çıxmayacaq. Artıq AXC də mitinqə qoşulmuşdu.
Ümumi rəyə əsasən Ali Sovetin binasının bütün giriş-çıxış qapıları mitinqçilər tərəfindən tutuldu. Artıq Xocalı qətliamının tükürpədən səsi-sorağı bütün dünyaya yayılmaqda idi. Bu işdə telereportyor Çingiz Mustafayevin əməyi, hünəri və cəsarəti daha böyük olmuşdur. Məhz onun Xocalıdan gecə ikən qaçmağa müvəffəq olub, lakin Naxçıvanik və Xramurd adlı erməni kəndləri arasında pusquya düşən dinc əhalinin kütləvi surətdə qətliam edilməsini əks etdirən lentləri və xarici jurnalistlərin çəkdikləri fotoşəkilləri bütün dünya televiziyalarında nümayiş etdirildi.
Mitinq fasiləsiz idi və vətənpərvər insanlar qışın şaxtasına, havanın yağmurlu olmasına baxmayaraq, gecəni də meydanda qalırdılar və binanın giriş-çıxış qapılarının keşiyində dururdular. Mənim üçün çox ağır, faciəli və hüzünlü günə bir hüzn də əlavə olundu. Həmin axşam əziz anamın vəfat etdiyi xəbərini eşidib, təcili rayona getdim. Rəhmətliyin "üçü” günü xəbər yayıldı ki, Azərbaycan xalqının tələbi və təzyiqi ilə Azərbaycan Respublikasının prezidenti Ayaz Niyaz oğlu Mütəllibov istefa ərizəsi yazmış, onun istefası qəbul olunmuş və seçkilərə qədər prezident səlahiyyətlərinin icrası Ana yasaya uyğun olaraq, Ali Sovetin Rəyasət Heyətinin sədri Yaqub Məmmədova həvalə edilib.
Xocalı faciəsi Azərbaycan xalqını büsbütün sarsıtdı və həm də qorxutdu. Sarsıtdı, ona görə ki, 71 ümumdövlətin tərkibində, bir siyasi çərçivədə, eyni iqtisadi, siyasi, mənəvi məqsədlər uğrunda birgə fəaliyyət göstərən, habelə, bir torpaqda, bir bölgədə, qardaş, dost, həmkar kimi yaşayan erməni adlanan bir toplumda bu qədər vəhşilik, cəlladlıq, vampirlik, əzazillik xisləti olduğunu Azərbaycan xalqı indiyə qədər bu sayaq bilməmişdi.
Qorxutdu, ona görə ki, Naxçıvanik və Xoramurd ətrafında vəhşicəsinə öldürülən yüzlərlə günahsız insanın cəsədləri qəsdən doğranmış, paralanmış, burunları, qulaqları, əlləri kəsilmiş və gözləri çıxarılmışdı. Bəşər tarixi heç zaman və heç yerdə belə vəhşiliyin şahidi olmamışdı və insanın insana qarşı amansızlığını görməmişdi. Azərbaycan xalqı erməni vandallarından bu vəhşiliyi gördü və dəhşətli dərəcədə qorxdu. Bu qorxunun xofu idi Ağdamı, Şuşanı, Laçını, Kəlbəcəri, daha sonra isə Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı və qeyri bölgələrimizi düşmənə döyüşsüz-filansız təslim edib, yüz illərlə topladığı varidatı qəsbkarlara "pay verib” qaçıran.
Bəli, həmin Xocalı dəhşətləri və vəhşətləri bizi qeyzləndirməkdən, qanımızı intiqam hissilə coşdurmaqdan yana qorxutdu. Və bu qorxu illərdir canımızda-qanımızda hələ də yaşamaqdadır. Bu, azmış kimi, indi də "tolerantlığımızla öyünməkdəyik”. Bəlkə elə buna görə də səsimiz heç yanda eşidilmir. Bircə gecədə erməni vandallarının qanlı əlləri və iyrənc əməlləri ilə öldürülən, yaralanan, itkin düşən, əsir götürülən günahsız insanların – qadınların, uşaqların, qocaların ah-nalələri içimizi göynətsə də, özümüzə təsir etmir. Həmin günahsızları qanına qəltan eləyənləri adbaad tanısaq da, bu cəlladlara ədalət məhkəməsi qura bilmirik. Və ölənlərin ruhlarını ildə bir dəfə yad edib, simvolik qəbirüstü abidə önünə bir çələng və gül dəstələri qoymaqla kifayətlənirik.
Amma dünya dəyişməsə də, zaman, dövran dəyişir. Vaxt gələcək, biz millət kimi qəflət yuxusundan ayılacağıq, kimin kim olduğunu, kimlərin əli, fitvası ilə başımıza gətirilən qanlı faciələrin törədilməsində, torpaqlarımızın düşmənlərə "pay-püş edilməsində” iştirak edən səbəbkarları tapıb haqq divanında oturdacağıq. Zaman-zaman kimlərinsə əli və əməli ilə "haylara” verilən və erməni işğalına məruz qalan İrəvanı, Qarabağı, Zəngəzuru, Göyçəni, Vedini, Dərələyəzi geri qaytarıb, qeyri tarixi yurdlarımızın qanuni sahibi olacağıq. Mən buna Allahıma inandığım kimi inanıram!
Məmməd ƏFŞAN
Yazıçı-publisist