8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hərbi pensiyaçıların hərbi tibb müəssisələrində müalicələrinə qadağa qoyulması qanunsuzdur
Bu ildən hərbi pensiyaçıların, qazi və şəhid ailələrinin hərbi tibb müəssisələrində müalicəsinə, belə demək mümkünsə, süni qadağa qoyulub. Tibb müəssisələri “qadağa”nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qoyduğunu bildirir. Agentlik yalnız dövlət tibb müəssisələrində sığortalı əsasla ödənişsiz müayinə və müalicənin mümkünlüyünü diqqətə çatdırıb, özəl tibb müəssisələrinə də göndəriş verilməsini vurğulayır.
Bu bilgi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında yerləşdirilib. Maraqlıdır, sözügedən saytda hərbi tibb müəssisələri özəl tibb müəssisələri kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb qurumları kimi göstərilir. Axı dövlətin hərbi tibb müəssisələrini kim, necə və nə vaxt özəlləşdirib?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısında DİN Tibb xidmətinin tabeliyində olan A. N. Heydərov adına Respublika Hospitalı səkkizinci yerdədir. Lakin sözügedən Agentlik, tabeliyindəki TƏBİB, ərazi poliklinikaları DİN hospitalına göndəriş verməkdən imtina edir, hospital isə DİN -in tibbi uçotunda olan Qarabağ qazilərinin belə müalicəsinin göndərişsiz mümkün olmadığını vurğulayır. Beləcə müalicəyə ehtiyacı olan hərbi pensiyaçılar , qazilər, şəhid ailələri bürokratik “həkimlik” qarşısında müalicə, sağlamlıq hüquqlarından məhrumdurlar.
Qanunvericilik bəs nə deyir? “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13.6 maddəsinə görə, yaşına, xəstəliyə, ştatların ixtisarına , ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların , habelə onların ailə üzvlərinin (arvadının və 16 yaşınadək uşaqlarının) , vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində TİBBİ TƏMİNAT, SANATORİYA-KURORT MÜALİCƏSİ VƏ İSTİRAHƏT HÜQUQU SAXLANILIR.
Göründüyü kimi, qanunvericilik hərbi pensiyaçıların, qazi və şəhid ailələrinin hərbi tibb müəssisələrində tibbi təminat hüququnu təsbit edir -doğrulayır. Belədə mərkəzi, yerli icra hakimiyyəti orqanı statusunda olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qanuna qadağa qoyması , hərbi tibb müəssisələrini “özəlləşdirməsi” bir yana, hərbi tibb müəssisələrinin də bu qanunsuzluğa boyun əyməsi yolverilməzdir. Ana Qanun – Azərbaycan Respublikasının Konstitusiyası bu yolverilməzliyi diqtə edir. Nə yazıq, hələ də hərbi pensiyaçılar qanunla, Konstitusiya ilə təminat verilən sağlamlıq müalicə hüquqlarından məhrumdurlar.
Qanunvericilik hərbi pensiyaçıların birbaşa hərbi tibb müəssisələrinə müraciət etməklə müayinə və müalicə olunmalarına haqq verir. Əvvəllər olduğu kimi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB -in hərbi pensiyaçıların müalicəsinə qanunsuz qadağa qoymasına son qoymaq görəvi isə hökumətin üzərinə düşür.
Məğrur BƏDƏLSOY