“BİRİNİ ALANA, BİRİ HƏDİYYƏ...”- Marketlərdəki endirimlərin təhlükəli tərəfləri


Beynəlxalq araşdırmalara görə il ərzində hər bir insan ortalama 221 dəfə market şəbəkələrindən istifadə edir. Əksər insanlar alış-veriş zamanı daha çox qiymətlərlə maraqlandığından, məhsulun rəflərə yığılma qaydasına, satıldığı bölmələrə və bu kimi digər nüanslara fikir vermir.

Lakin nəzərimizdən qaçan, bizə adi və sıradan görünən bu kiçik detallar, əslində bizim alış-veriş planlarımıza böyük ölçüdə təsir edir. Məsələn, fikir vermisinizsə, marketlərdə meyvə-tərəvəz bölməsi əsasən giriş hissədə yerləşir. Bunun əsas səbəbi, digər məhsullara nisbətən daha təravətli olan meyvə-tərəvəz vasitəsilə müştəriyə “burada bütün məhsullar yenidir” mesajını verməkdir.

Və ya çörək rəfləri marketin künclərində, yaxud da əks istiqamətdə olur ki, beləcə, ora sadəcə çörək almaq üçün girən müştəri bu yolu qət edərək, digər məhsulları da görmüş olur.

Kassaların yanına saqqız, şokolad və bu kimi məhsulların yığılmasının səbəbi isə növbə gözləməkdən sıxılan insanlara psixoloji təsir edərək, bu qidaları almağa sövq etməkdir.

Digər bir maraqlı məqam isə mağazalardakı endirimlərlə bağlıdır. Şübhəsiz ki, endirim hamını cəlb edən bir vasitədir. Bu gün Bakıda yerləşən bütün supermarketlərdə “3 al, 1 ödə”, “25, 50,75% endirim”, “birini alana, biri hədiyyə” kimi, kampaniyalara rast gəlmək mümkündür. Ancaq bu zaman təbii olaraq ortaya belə bir sual çıxır: “Niyə vaxtilə od bahasına satılan məhsullar bir anda maya dəyərinə, bəzən isə daha aşağı qiymətə alıcıya təklif olunur?”.

Qeyd edək ki, bu cür endirimlərin bir sıra bilinməyən və təhlükəli tərəfləri var. İlk növbədə endirimli qiymətə təklif olunan bu məhsulların bir çoxunun istifadə müddətinin bitməsinə sayılı günlər ya da bir neçə həftə qalır. Bir çoxları “endirim” sözünə aldandığından, bu kiçik nüansı diqqətdən qaçırır, ya da buna əhəmiyyət vermir. Nəticədə vətəndaş istifadə müddətinin bitməsinə sayılı günlər qalan məhsulu alır və bir neçə gün onu evdə saxlayır. Məhsulun istifadə müddətinin bitdiyini anlayanda isə artıq gec olur və həmin məhsul zibil qabına atılır.Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirib ki, qanunla satıcının satdığı məhsulun müddəti ilə bağlı alıcıları məlumatladırmaq kimi bir öhdəliyi yoxdur: "Satıcının hüquqi cəhətdən borcu ondan ibarətdir ki, satdığı məhsul keyfiyyət standartlarına uyğun və vaxtı keçməmiş olsun. Bu həm də fiziki cəhətdən mümkün deyil. Məsələn, bəzi məhsullar var ki, onları 3-5 gün ərzində istehlak etmək lazımdır. Böyük marketlərdə minlərlə çeşid məhsul satılır. Bunların hər birinin üzərinə ayrı-ayrılıqda neçə gün vaxtının qaldığını yazmaq çətin prosesdir. Belə məsələlərdə daha çox alıcılar diqqətli olmalıdırlar. Aldıqları məhsulun üzərinə diqqətlə baxmalıdırlar. Ola bilər ki, endirmlə aldıqları məhsulun istifadə müddətinə bir neçə gün qalsın. Bu zaman həmin məhsulu daha tez istehlak etmək lazımdır”.

Məhsulun bir anda dəfələrlə ucuz qiymətə təklif edilməsinə gəlincə, bu nüanasla həmin məhsulun real qiymətini təsəvvür etmək çətindir. Ola bilsin ki, satıcının məhsulu əlində qaldığı üçün onu yarı qiymətinə və yaxud daha ucuza təklif edir. Bu barədə nəsə demək üçün, daha əsaslı məlumatlar olmalıdır", - deyə, ekspert bildirib.

Məlumat üçün onu da qeyd edək ki, beynəlxalq təcrübədə bu cür məhsulların satışı qanunla tənzimlənir. Məsələn, Avropa ölkələrində istifadə müddətinin bitməsinə qısa vaxt qalan məhsulların satışının həyata keçirlidiyi xüsusi market şəbəkələri mövcuddur. Bu mağazaların işləmə mexanizmi isə çox sadədir. Belə ki, digər iri mağazalar istifadə müddətini başa vurmağa bir neçə həftə qalan məhsulları bu şəbəkələrə verir. Nəticədə insanlar bu marketlərdən alış-veriş edərkən, aldıqları məhsulların istifadə müddətinin bitməsinə az bir vaxt qaldığından xəbərdar olurlar.

Sonda qeyd edək ki, bu gün paytaxtda yerləşən bir çox marketlərdə vaxtı keçmiş və keyfiyyətsiz məhsullara rast gəlmək mümkündür. Sosial şəbəkələrdə də tez-tez vətəndaşların belə məhsullarla bağlı şikayətlərini əks etdirən görüntülər yayılır. Səlahiyyətli qurumlar isə bu görüntüləri araşdrmaq, istehlakçının hüquqlarını qorumaq əvəzinə, vətəndaşı istehsalçı şirkətlə qarşı-qarşıya qoyur. Nəticədə də bu məsələ ikinci tərəfin xeyrinə verilən qərarla ört-basdır edilir.

Açığı belə sadə məsələləri həll edə bilməyən qurumların, gələcəkdə Azərbaycanda istifadə müddətinin bitməsinə az bir vaxt qalmış məhsullların satışını edən şəbəkələr yaradacağı real görünmür. Məlum məsələdir ki, bu, zaman bazarın inhisarçı şirkətləri vaxtı keçmiş və keyfiyyətiz məhsullarını rahatlılqla “endirim” adı altında vətəndaşlara “sırıya” bilməyəcəklər. Ona görə də vətəndaşlar özləri bu məsələyə nəzarət etməli, endirim kampaniyalarından yararlanarkən daha diqqətli olmalıdırlar.



Oxşar Xəbərlər

Xəbər lenti