Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Sülhəddin Əkbər: "İlham Əliyev demokratiyaya keçid edərsə, onun ilk əlaməti "mühafizəkar” qüvvələri təmizləmək olmalıdır”
Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv fərmanı ilə azadlığa çıxan siyasi məhbus siyahısında "heykəl məhbuslar” kimi tanınan Bayram Məmmədova 30 sutka həbs cəzası verilməsi, Qiyas İbrahimovun isə iki gün öncə polisə aparılması həqiqətən də bu fərmana kölgə salmağa xidmət edir.
Bayram Məmmədovun atası Fərman Məmmədovun mətbuata verdiyi məlumata görə, oğlunun həbsinin dəqiq səbəbini bilmir: "Guya yolda polisi söyüb... Ona 30 sutka həbs verildiyini deyirlər”.
Keçmiş "siyasi məhbus” kimi tanınan Qiyas İbrahimovun isə açıqladığı məlumata görə polis işçiləri onun yazdığı "feysbuk” statusunu çap edərək prezidenti təhqir etdiyini idia ediblər: "Statusumu çap edib göstərirlər ki, sən diktator yazmısan, prezidenti təhqir etmisən. Əgər sübut olsaydı, yəqin ki, inzibati qaydada həbs edilərdim. Təhqir etdiyimə dair sübut olmadığına görə, pərdəarxası söhbət apardılar ki, bundan sonra belə olmasın. Dedilər nə yazırsan yaz, amma təhqir etmə”.
Qeyd edək ki, Q. İbrahimov Bakı Şəhər Baş Polis İdarəsinə gedərkən onu evindən polis idarəsinə qədər mətbuat nümayəndələri izləyib və canlı yayımla hadisələri sosial şəbəkələrdə yayıblar.
Hətta "belə olmasaydı, polis idarəsinə belə gəlməsəydim, mən də tutulacaqdım",-deyə Q. İbrahimov söyləyib.
Maraqlıdır ki, sözügedən gəncləri prezident İlham Əliyev əfv etdiyi halda, birinə yenidən 30 sutka həbs çəzası vermək, o birini isə polisə aparmaq kimlərə lazımdır? Çox güman ki, ölkədə İ.Əliyevin apardığı islahatlara gölgə salmaq istəyənlər var. Bunların isə Rusiyameylli qüvvələr olması ehtimalı daha yüksəkdir. Yəqin ki, islahatlar, ölkəmizin demokratiyaya doğru yön alması onları qane etmir.
Əslində, Azərbaycanı demoratik, insan haqlarının qorunduğu bir ölkəyə çevrilməsi üçün ölkə başçısı islahatlar apardığı halda, əfv olunan gənclərə yenidən bu cür təzyiqlər göstərməklə, həm Prezidentin qərarına hörmətszilik etmiş olurlar, həm də bu, ölkə başçısına qarşı aşkar sobatajdır. Xalqın ölkə başçısından narazı qalması üçün əllərindən gələni edirlər ki, narazılıq artsın. Baxmayaraq ki, ölkəmizdə sabitliyin qorunmasını hər bir vətəndaş istəməlidir. Təəssüf ki, bu gün sabitliyi pozmaq istəyən qüvvələr ölkənin gələcəyini düşünmürlər.
"Heç bir milli hakimiyyət millətin gələcəyi olan gənclərə belə münasibət göstərməz”
"Əfv olunan gənclərə yenidən bu cür təzyiqlər göstərilməsini prezidentə qarşı sobataj hesab etmək olarmı” sualını cavablandıran keçmiş MTN zabiti Sülhəddin Əkbər "Hürriyyət”ə dedi ki, İlham Əliyev hakimiyyətə gələndən, yəni 2003-cü ildən Azərbaycanda demokratiya və insan haqları sahəsində onsuz da pis olan vəziyyət daha da pisləşib:"Xatırlayırsınızsa, ata Əliyevin dövründə Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında siyasi və iqtisadi cəhətdən qismən azad olan ölkələr sırasına daxil edilirdisə, İlham Əliyev hakimiyyətə gələndən Azərbaycan nə siyasi, nə də iqtisadi cəhətdən azad olmayan ölkələr siyahısına daxil edildi. Yəni demək istədiyim odur ki, əsası Heydər Əliyev dövründə qoyulan avtoritar hakimiyyət İlham Əliyevin dövründə daha da möhkəmləndirilib, sərt avtoritar rejimə çevrilib.
Son dövrlərdə İlham Əliyevin atmaq istədiyi və adını islahat qoyduğu addımlar həm ölkə daxilində, həm də xaricində yaranmış vəziyyətlə bağlıdır. Yəni artıq İlham Əliyev bir seçim etməlidir: ya "it hürən”, ya da "işıq yanan” tərəfə getməlidir. Ona görə də İlham Əliyevin bu tərəddüdlü, yarımçıq addımlarında ziddiyyət ortadadır. Yəni bu, ilk növbədə, İlham Əlievin öz seçimi ilə bağlıdır. İlham Əliyev hələ də strateji seçim edə bilmir, demokratiyaya keçid etsin, yoxsa etməsin. Əgər İlham Əliyev qəti bu barədə keçid edərsə, onun ilk əlaməti sizin işarə vurduğunuz o "mühafizakar” qüvvələri təmizləmək olmalıdır. Axı, biz onun bu istiqamətdə addımını görmürük. O, əgər həqiqətən də islahat tərəfdarıdırsa, onda islahatçı bir proqramla çıxış etməlidir, hökuməti buraxılmalı, islahatçı bir komanda formalaşdırmalıdır . Və deyilməlidir ki, "baxın, ay xalqım, mən siyasi, hərbi, iqtisadi və digər sahələrdə bu islahatları aparmaq istəyirəm”. O islahatçı komanda da güvənilir, etibarlı bir komanda olmalıdır. Xalqın da inamı olmalıdır ki, həqiqətən də bu islahatçı komandadır və ortaya qoyulan bu islahat proqramı gerçəkçi bir proqramdır və bunun yerinə yetirilməsi mümkündür. Bundan sonra da inandırıcı praktiki addımlar atılmalıdır, yoxsa belə ritorikalarla, yarımçıq addımlarla, bir addım irəli, iki addım geri atmaqla ölkədə islahata nail olmaq mümkün deyil.
İkincisi də, təbii ki, hakimiyyət daxilində islahatları istəməyən, mühafizakar qüvvələr var. onların qrup maraqları ilə ziddiyyət təşkil edən məqamlar var. Eyni zamanda bağlantılı olduğu xarici qüvvələrin maraqları ilə bağlı olan məsələnin tərəfləri də var. Şübhəsiz ki, bu, var, amma bu, həlledici deyil. Bir daha təkrar etmək istəyirəm, əsas məsələ İlham Əliyevin strateji seçim etmək niyyətində olub-olmamasıdır. Məncə, bu niyyət hələlik görünmür.
Ümümiyyətlə, Avropa Şurasının üzvü olan bir ölkədə bir siyasi məhbus belə olmamalıdır. Ölkədə bu sahədə yaranmış vəziyyət, gənclərə qarşı bu münasibət sadəcə ikrah doğurur. Bu, hakimiyyətin milli olmasını ciddi şübhə altına alır ki, heç bir milli hakimiyyət millətin gələcəyi olan gənclərə belə münasibət göstərməz. Bu, qəbulounmaz bir haldır”.
"Əgər elədirsə, İlham Əliyev xalqa müraciət etsin, xalq da meydanlara çıxsın, ona dəstək versin, o da o qüvvələri bayıra atsın”
"Ola bilərmi ki, bu islahatları gözü götürməyn Rusiyameylli qüvvələr bu cür təxribatlarla gündəmi dəyişməklə məşğuldurlar” sualına S.Əkbər belə cavab verdi: "Deyək ki, elə qüvvələr var. Mən də bilirəm ki, var. Onda İlham Əliyev çıxıb deməlidir ki, "ay camaat, mən islahat etmək istəyirəm, amma daxildəki bu qüvvələr var və bunlar imkan vermirlər, mənim də bunları hakimiyyətdən uzaqlaşdırmağa gücüm çatmır”. Əgər elədirsə, xalqa müraciət etsin, xalq da meydanlara çıxsın, ona dəstək versin, o da o qüvvələri bayıra atsın. Onda İlham Əliyev çıxıb bu etirafı etməlidir ki, mənim bu qüvvələrə gücüm çatmır”.
"Həlledici olan İlham Əliyevin dövlət başçısı kimi niyyətidir”
"Bu gün çətin bir vəziyyət yaranıb. Bilirik ki, may ayında Azərbaycan Qərblə çərçivə sazişi imzalamalıdır, hətta gənclərə təzyiqin yenidən gündəmə gəlməsinin o sazişə də əks təsiri ola bilər. Ola bilərmi ki, sizin də dediyiniz həmin mühafizakar qüvvələr o sazişin imzalanmasına qarşdırlar” sualına gəlincə, S. Əkbərin cavabı belə oldu: "Sizin dedikləriniz var, amma həlledici olan o deyil, həlledici olan İlham Əliyevin dövlət başçısı kimi niyyətidir. Ailə başçısı dövlətin birinci adamıdır, onun həyat yoldaşı da ikinci şəxsdir. Azərbaycan Konstitusiyası da ona külli səlahiyyət verib. Yəni onda etiraf etməlidir ki, bacarmır, istefa verib, çəkilməlidir, bacaran adamlar gəlib, ölkədə dərin köklü, demokratik islahatları aparmalıdır. Əks təqdirdə bu addımlara ata bilməsə, xalqın meydanalara çıxıb, "istefa” tələbini qoymağı çox çəkməyəcək. Çünki artıq ölkədə elə bir vəziyyət yaranıb ki, xalq yaranmış bu vəziyyəti qəbuledilməz hesab edir və bu qaydalar ilə yaşamaq istəmir. Yəni Azərbaycanda artıq inqilabi şərait yetişməkdədir, bunun ilkin başlanğıc əlamətləri də görünməkdədir”.