Bakıdakı yanğınların müəmmalı tərəfləri - TƏXRİBAT İDDİASI

 

"Qaçqınkom” sədri məcburi köçkünlərin yataqxanalarının qəsdən yandırıldığını və buna dair ekspertiza rəyi olduğunu açıqladı; ən həssas sosial təbəqələrin məskunlaşdığı, işlədiyi binalarda yanğınların baş verməsi qəsd versiyasını istisna etmir

Aprelin 10-da Bakıda, Babək prospektində - "Azərsutikinti” Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib və alov söndürülüb. Yanğın binanın damında meydana gəlib.

Yanğın zamanı ümumilikdə 7 nəfər zərər çəkib.

Onlardan bir neçəsi tüstüdən zəhərlənib və ilkin tibbi yardım göstərilib. Bir nəfər kişi isə yanğın zamanı özünü binadan aşağı atıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Bir qadın isə başından və üzündən yanıq xəsarətləri alıb.

Hadisə yerində olan musavat.com-un əməkdaşı xəbər verib ki, 22-yə yaxın ailənin məskunlaşdığı yataqxanadakı yanğının ilkin səbəbi kimi elektrik xətlərində qısaqapanmanın olduğu bildirilib.

Sakinlər musavat.com-a bildiriblər ki, binada elektrik xətləri həddən artıq yüklənir, yararsız vəziyyətdədir, tez-tez qısaqapanmalar olurdu və elektrik cihazları sıradan çıxırdı.

Sakinlər əşyalarının və qaldıqları otaqların yararsız hala düşməsindən narazıdırlar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binada əsasən Füzuli və Ağdam rayonlarından olan məcburi köçkünlər məskunlaşıb. Məcburi köçkünlər birmənalı olaraq bu binadan köçürülmələrini tələb edirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən yataqxanaya gəlib. Musavat.com xəbər verir ki, sədr məcburi köçkünlərlə görüş keçirib.

Onun sözlərinə görə, məcburi köçkünlər müvəqqəti olaraq yerləşdiriləcək: "Hər gün komitəyə sizin kimi onlarla məcburi köçkün gəlir. Biz onların hər birinə kömək edirik. Köçürülmə mərhələli formada aparılır. Mən 11 aydır işləyirəm və hər gün məcburi köçkünlərin arasındayam. Bu günə qədər 300 min köçkün yerləşdirilib. Səbirli olun, dövlət hər şeyi yoluna qoyacaq. Ev tikilsin, siz də köçürüləcəksiz. İcazə verin, izah edək. Ev yoxdursa, necə ev verək? Tikinti gedir, hazır olduqca hamınızı yerləşdirəcəyik. İndi nə yardım lazımdırsa, onu edək. Səbirli olun, hər şey qaydasına düşəcək. Gəlin başa düşək ki, bura bizim vətənimizdir. Ölkə prezidenti sizin üçün əlindən gələni edir. Siz də bizə yardım edin. 11 ay ərzində mən şəxsən 10 mindən çox məcburi köçkünü qəbul etmişəm”.

Məcburi köçkünlər isə etiraz edərək bildiriblər ki, onlara şər atırlar: "Bizə deyirlər ki, binanı özünüz yandırmısız. Biz dəliyik ki, bir çıxışı olan binanı yandıraq? Bizə ev verilsin”.

Məcburi köçkünlər bildiriblər ki, illərdir burada, meyitlərlə "qonşuluq” edirlər: "Bu binanın yanı morqdur. Axşam bura meyit gələndə səhərə qədər yata bilmirik. Ölənin qohumları ağlayır, uşaqlarımız qorxur. Bizim uşaqlar burada xəstəxanadan atılan qanlı iynələrlə oynaya-oynaya böyüyüblər. Artıq bezmişik. Köçürülmə tələb edirik”. Rövşən Rzayev binaya daxil olaraq, məcburi köçkünlərin yaşayış şəraiti ilə əyani şəkildə tanış olub”

Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. O bildirib ki, yanğınla bağlı araşdırma aparılır: "Sakinlərlə bağlı müvafiq qərar veriləcək. İndiyə qədər bu cür hadisələrdən sonra necə davranılıbsa, elə də olacaq”.

Baş nazirin müavini Əli Əhmədov da yanğın baş verən yataqxanaya gəlib. Musavat.com xəbər verir ki, o, öncə məcburi köçkünlərlə birlikdə yataqxananı gəzib. Daha sonra jurnalistlərə açıqlama verərək bildirib ki, ilk olaraq ailələrin yerləşdirilməsi istiqamətində işlər aparmaq lazımdır: "Azərbaycan hökuməti məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür. Srağagün böyük bir yaşayış massivinin açılışı oldu və insanlar növbə ilə köçürüləcək. Binalara birinci növbədə daha ağır şəraitdə yaşayan vətəndaşlar köçürüləcək. Bu, həm də ədalətli, məntiqli yoldur. Bir günün içində hamını mənzillə təmin edə bilmərik.

Hədəfimiz ehtiyacı olan hər kəsin köçürülməsidir. Eyni zamanda köçkünlərin məskunlaşdığı binada təhlükəsizlik problemləri də var. Bir çıxış var, yaşayış şəraiti çox ağırdır. Məsələ araşdırılana qədər ailələr müvəqqəti yaşayış yerləri ilə təmin olunacaq. Bir məsələni də vurğulamaq istəyirəm ki, artıq bir neçə ay ərzində məcburi köçkünlərin məskunlaşdığı 5-ci binadır ki, yanğın hadisəsi baş verib. Təbii ki, mən bununla nəsə deməyə çalışmıram. Hələ araşdırma aparılacaq, nəsə demək üçün çox tezdir.

Bir nəfər yıxılıb, ancaq vəziyyəti yaxşıdır. Bizim üçün də əsas olan budur ki, salamatçılıq olsun. Heç kim narahat olmasın. Hazırda mənzilə ehtiyacı olan məcburi köçkünlərin sayı da çoxdur. 100 minlərlə rəqəmlərlə ölçülür və bütün bunların hamısını həll etmək üçün zaman lazımdır. Yaxın bir neçə il ərzində problemin əhəmiyyətli dərəcədə kəskinliyini azaltmaq niyyətindəyik. Amma bundan ötrü on minlərlə yeni mənzil tikilməlidir. Bunlar asan işlər deyil və zaman tələb edir ki, Azərbaycan hökuməti bunları ardıcıl şəkildə həyata keçirə bilsin”.

"Martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib”. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi başlanıb: "Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Rövşən Rzayevin yandırıldığını bildirdiyi yataqxana Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşir. Həmin yataqxanada yanğın martın 6-da gecə yarısı meydana gəlib. Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində olub. Hadisə nəticəsində Elza və Surxay Əliyevlər həyatlarını itirib. 6 nəfər isə xəsarət alıb, tüstüdən zəhərlənib. Tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub. Baş nazirin müavini Əli Əhmədov da jurnalistlərə açıqlamasında yanğının qəsdən törədilməsi ilə bağlı fikir səsləndirib.

Nə baş verir? Azərbaycanda qaçqın yataqxanalarını kim və ya kimlər yandırır? 2019-cu il başlayandan ölkədə bir-birini əvəzləyən yanğınlar kimlərin maraqlarına uyğundur? Binaların damında yanğınları kim törədir?

Yanğınların qəsdən törədilməsi ehtimalları dövlət məmuru Rövşən Rzayevin açıqlamasına qədər də dolaşırdı. Lakin bu ehtimallarını doğruluğunu ortaya qoyan konkret rəsmi açıqlama yox idi. İndi isə belə aydın olur ki, artıq yanğının qəsdən törədilməsi haqda ekspertiza rəyi də var!

Rövşən Rzayev binanın kimin tərəfindən yandırılmasını açıqlamasa da, yanğının sakinlərdən biri tərəfindən törədilməsi haqda xəbərlər dolaşır. İddialara görə, binanı yandırmaqla sakinlərin digər ünvana, daha uyğun şəraitli binaya köçürülməsinə nail olmaq istəyirlər. Digər bir iddia odur ki, yanğın təxribat məqsədilə də törədilə bilər.

Ümumilikdə ilin əvvəlində baş verən yanğınların törədildiyi ünvanlara nəzər salınanda çox ciddi mətləblər üzə çıxır.

Bu il martın 2-də Bakıda "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın baş verdi. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı. Binanın damında yanğının səbəbi bilinmədi.

Картинки по запросу diqlas yanğın

Bakının mərkəzi rayonlarından olan Nərimanov rayonundakı məcburi köçkün yataqxanasındakı yanğından 20 gün sonra, martın 26-da "Diqlas” Ticarət Mərkəzi yanıb kül oldu.

Martın 27-də Xəzər rayonunda da 5 mərtəbəli yaşayış binasında yanğın olub.

Azərbaycanda məktəblərin, yaşayış binalarının, köçkün yataqxanalarının damlarında yanğınlar törədilməsi eyni qrup şəxslərin dəst-xəttini xatırladır. Sanki damlarda yanğın törədən xüsusi adamlar var.

Yanğınların təxribat olması iddiasını inandırıcı edən əsas məqam 2015-ci ilin mayında Binəqədidəki dəhşətli yanğın hadisəsidir. 2015-ci ildə yanğından dərhal sonra sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə "Global Construction” və "Global Stone” MMC-yə basqın etmişdilər. Sonradan "yanan bina” işi üzrə həbs edilən MMC-nin təsisçisi Miryusif Mahmudov məhkəməsində "o binanı yandırıblar” şəklində şok ifadə vermişdi.

Miryusif Mahmudov məhkəmədə Binəqədidəki binanın yandırılması üçün uzun aylar hazırlıq işləri görüldüyünü də iddia etmişdi. Sitat: "Əvvəlcə 2015-ci il aprelin 10-da Xətaidəki bina yandırılıb. ”Poliuretan" bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi otuzduruldu, zəhər kimi təqdim olundu. Bu hadisədən 15 gün sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan 3 gün sonra da Azadlıq prospektindəki bu binanı yandırdılar".

4 il fərqlə, eyni gündə - 2019-cu il aprelin 10-da Nizami rayonunda, köçkün yataqxanasında qəsdən yanğın törədilib. Daha poliuretan üzlük yoxdur, əvəzində damlarda yanğın törədilməsi taktikası işlənib?!

Bir maraqlı məqama da toxunaq. 2015-ci il mayın 19-da Binəqədidəki məşum yanğından sonra bütün ölkə boyu gecə növbələri təşkil olunmuşdu. Sakinlərdən ibarət könüllü qruplar yanğın təhlükəsizliyini təmin etmək üçün səhərə qədər küçələrdə gəzirdilər. Bütün böyük şəhərlər kimi, Gəncədə də belə könüllü dəstələr vardı. Binəqədidə bina yanandan 5 gün sonra - 2015-ci il mayın 24-də Gəncədə, Dədə Qorqud küçəsində çoxmərtəbəli yaşayış binalarından birinin üzərində "drujinnik”lər 2 şübhəli şəxsi saxlayıblar. Gecəyarısı əllərində dizel yanacağı ilə dolu kanistrlərdə damda gəzənlərdən biri Samux rayon sakini, digəri isə Rusiya Federasiyasının vətəndaşı olub. "Drujinnik”lər tutduqları hər iki şəxsi polisə təhvil veriblər. Hətta polisdən Gəncə Şəhər İcra Hakimiyyətinə gecəyarısı damları əllərində yandırıcı maddə dolu kanistrlərlə gəzən şəxslər haqda məlumat verilib. Bu haqda MTN-in yerli şöbəsinə məlumat daxil olandan sonra hər 2 şəxsi polisdən təhvil alıblar. Eldar Mahmudovun nazir olduğu quruma - MTN-ə aparılan hər 2 şəxs sonradan istintaqa cəlb olunmayıb, barələrində cinayət işi başlanmayıb.

Bəs həmin 2 şəxs gecəyarısı, damda, əllərində tezalışan maye dolu qabla niyə gəziblər? Kim olub həmin şəxslər? Niyə ortalıqdan yoxa çıxarılıblar?

Bu gün Bakıda binaların damlarında yanğın törədənlər həmin şəxslər, onları Gəncəyə göndərənlər ola bilərmi?..

Ən həssas sosial təbəqələrin məskunlaşdığı, işlədiyi binalarda yanğınların baş verməsi qəsd versiyasını istisna etmir./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti