8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Misirin paytaxtı Qahirədə yerləşən "Misir Kitablar Evi"ndə (Dər əl-Kutub əl-Misriyyə) Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmaları ortaya çıxarılıb.
Sozcu.info xəbər verir ki, əlyazmalar "Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun apardığı tədqiqatlar əsasında aşkarlanıb.
Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib.
Azərbaycan dilində olan əlyazmanın üzərində "Nəsimi Külliyyatı" yazılıb. Bu külliyyat şeir və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubundadır. Arasında qəzəl də var. Nəsrlər isə, əsasən, öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir.
S.Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, ayrı-ayrı sonu eyni hərflə bitən şeirlərin olması olub. Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliq xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsx olunub.
Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə, şeirlərdən ibarətdir. Adı "Divan-i Nəsimi"dir. Şikəstə xəttinə bənzəyən nəstəliq xətti ilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu 16 sm və sayı 86-dır.
Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.
Qeyd edək ki, "Misir Kitablar Evi" (Dər əl-Kutub əl-Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.