Rektorun çağırışına deputatlardan da cavab gəldi – “Niyə biz dünyada olan bu praktikadan istifadə etməyək?”

Rektorun çağırışına deputatlardan da cavab gəldi – “Niyə biz dünyada olan bu praktikadan istifadə etməyək?”

 

Sona Əliyeva:”Hansı universitelərimiz keyfiyyətli, təkmil bir sistem qurarlarsa, orada distant təhsilin tətbiqinə başlamaq olar”

Çingiz Qənizadə: "Distant təhsil müasir dövrün tələbidir və mən Ədalət müəllimin bununla bağlı təkliflərini dəstəkləyirəm”

Osman Gündüz: "Düşünürəm ki, Təhsil Nazirliyi ləngimədən distant təhsil formasına start verməlidir"

Müasir təhsil formalarından biri olan distant təhsilin hələ də Azərbaycanda tətbiq edilməməsi geniş müzakirə mövzusuna çevrilməkdədir. Xüsusən, Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradovun ölkəmizdə distant təhsil formasının ən qısa vaxtda tətbiq edilməsinin zəruriliyinə dair çağırışı bu məsələni təhsil cameəsinin, elm ictimaiyyətinin gündəminə gətirib.

Tanınmış ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri UNEC-in rektorunun təklifinin reallaşdırılması istiqamətində konkret addımların atılmasına, distant təhsilin tətbiqi mexanizmlərinin yaradılmasına dair hökumətə və parlamentə çağırışlar ediblər. Müasir təhsil formalarından biri olan distant təhsildən Azərbaycan gənclərinin də yararlana bilməsi üçün yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılan "Ali təhsil haqqında” Qanun layihəsində bununla bağlı müddəaların əks olunmasını təklif edirlər.
Bəs deputatlar bu haqda nə düşünür?

"XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır”

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi "Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda bu məsələyə toxunaraq, artıq ölkəmizdə də ali təhsilin təsnifatlaşdırılmasının zəruri olduğunu bəyan edib: "Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”.

Professor Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: "XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər”.

maxresdefault

"Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər” – deyə UNEC rektoru bildirib.

"Dünyada mövcud olan bu praktikadan Azərbaycanda da istifadə edilməsinin zamanı çatıb”

Professor Ədalət Muradovun bu təkliflərinə yuxarıda qeyd etdiyimiz kimi, ölkənin təhsil cameəsinin tanınmış nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri də qoşularaq, hökumətə və parlementə çağırışlar ediblər. Bu haqda "AzPolitika.info” saytında geniş yazılar dərc olunub. (Bax: "Universitetlərin giriş qapılarını geniş açmalıyıq…” və "Distant təhsili yüksək səviyyədə həyata keçirmək olar” başlıqlı yazılara.).

Bu çağırışlarla deputatların reaksiyasını, eləcədə distant təhsilə olan münasibətini öyrənmək üçün bəzi millət vəkilləri ilə əlaqə saxladıq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva "AzPolitika.info”ya açıqlamasında Azərbaycanda distant təhsilin tətbiqinin tərəfdarı olduğunu bildirdi: "Ali təhsil haqqında” Qanun layihəsi hələ müzakirəyə çıxarılmayıb. Amma layihə forması, təbii ki, mövcuddur. Həm millət vəkilləri, həm də vətəndaş cəmiyyətindən, yəqin ki, müəyyən təkliflər olacaq, Təhsil Nazirliyi də özünün təkliflərini verəcək. Əlbəttə, indidən distant təhsil məsələsinin "Ali təhsil haqqında” Qanunda öz əksini tapıb-tapmayacağını söyləmək mümkün deyil. Ancaq mənim fikrimcə, dünyada mövcud olan bu praktikadan Azərbaycanda da istifadə edilməsinin zamanı çatıb. Düşünürəm ki, bu sahədə özünü doğruldan universitetlərin təcrübəsi öyrənilərək, distant təhsil ölkəmizdəki ali məktəblərdə də tətbiq oluna bilər”.

226964_res_01-1280x720

Sona Əliyevanın sözlərinə görə, Azərbaycanda indiyədək distant təhsilin tətbiq edilməməsi həm universitetlərdə bununla bağlı maddi-texniki bazanın, həm də qanunvericilik bazasının və yaxud müvafiq qaydaların olmaması ilə bağlıdır: "Azərbaycanda, hansı universitet olmasından asılı olmayaraq, distant təhsil alanların diplomları nasifikasiya olunmur. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Distant təhsilin tətbiqi üçün bu istiqamətlərdə işlər həyata keçirilməlidir. Hansı universitelərimiz keyfiyyətli, təkmil bir sistem qurarlarsa, orada distant təhsilin tətbiqinə də başlamaq olar. Amma yarımçıq, formal və yaxud da diplom xatirinə belə bir sistem quran ali məktəblərə distant təhsil aparmağa icazə verilməməlidir. Təhsil birmənalı şəkildə keyfiyyətə əsaslanmalıdır. Təhsil keyfiyyətlidirsə, var deməkdir, keyfiyyəti yoxdursa, o diplomun kağız parçası qədər heç bir önəmi yoxdur”.

"Ölkədə belə bir mərkəz hazırlanıbsa, deməli, distant təhsilin tətbiqinin də zamanı gəlib”

Sona Əliyeva UNEC-də bu istiqamətdə görülən işlərin yüksək dəyərə malik olduğunu bildirdi: "UNEC bugün Azərbaycan təhsil müəssisələri arasında, həqiqətən də, seçilən bir təhsil müəssisəsidir. Bunu hamı etiraf edər ki, hazırda İqtisad Universiteti çox inkişaf edib. Orada distant təhsil vermək üçün hazırlanan mərkəzdə şəxsən olmasam da, yüksək infrastrukturun yaradıldığı haqda məlumatım var. Ölkədə belə bir mərkəz hazırlanıbsa, deməli, distant təhsilin tətbiqinin də zamanı gəlib. Qeyd edim ki, hər bir universitetin inkişafı, onun başında olan rəhbərliyin və kollektivin fəaliyyətindən asılı olan bir şeydir. UNEC-in inkişafında, hər kəs çox razı qaldığı bir universitetə çevrilməsində, əlbəttə rektor Ədalət Muradovun əməyi çox yüksəkdir. Əgər bugün Ədalət müəllim UNEC-ni distant təhsil verməyə hazır olduğunu deyirdsə, deməli, hazırdır.

Düşünürəm ki, məhz bu cür infrastrukturu olan, keyfiyyətli təhsil verməyə hazır olan universitetlər distant təhsili həyata keçirə bilər. Əgər doğrudan da, mükəmməl formada təhsil verə biləcək sistem qurulubsa, niyə biz dünyada olan bu praktikadan istifadə etməyək?”

Millət vəkili təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin artıq zamanın tələbi olduğunu bildirdi: "Biz texnoloji dövrdə yaşayan insanlarıq. Dərsliklər kompüterlərə, planşetlərə köçürülür. Dünyanın hər bir yerində bu məqbuldur. Ona görə də təhsilin tələbələrə ötürülməsində də texnologiya imkanlarından istifadə olunmasında bir problem görmürəm. Bunu təmin etmək üçün mexanizm yaradılmalıdır. Son illərdə Təhsil Nazirliyinin apardığı ümumi islahatlar inkişaf etmiş ölkələrin təcrübəsinin Azərbaycanda da tətbiqinə yönəlib. Həm qanunvericilikdə olan dəyişikliklər baxımından, həm ümumilikdə təhsil alan və verənlərin diaqnostik qiymətləndirilməsini, işə qəbul prosesini formalaşdırması çox yaxşıdır. Bu baxımdan distant təhsilin tətbiqi ilə bağlı dünya təcrübəsinin öyrənilərək, tətbiqi üçün ən yüksək səviyyəli mexanizmlərin yaradılacağına şübhə etmirəm”.

"ADA, UNEC kimi yaxşı imici olan, keyfiyyətli təhsil verən universitetlər bu işi həyata keçirə bilər”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva distant təhsilin tətbiqi ilə bağlı ictimaiyyətin çağırışlarına deputatların da dəstək verəcəyinə, bu istiqamətdə təkliflərlə çıxış edəcəklərinə inandığını bildirdi: "Düşünürəm ki, deputatlar da bu təhsil formasının tətbiqinə müsbət yanaşacaqlar. Mən hələ təkliflərimi təqdim etməmişəm. Amma, təbii ki, ali təhsillə bağlı təkliflərim olacaq. Distant təhsillə bağlı məsələni də mən gündəmə gətirmək istəyərəm. Bunun müəyyən şərtlər daxilində, Azərbaycanda tətbiq olunmasının tərəfdarıyam. Məsələn, ADA, UNEC kimi yaxşı imici olan, keyfiyyətli təhsil verən universitetlər bu işi həyata keçirə bilər. Bunlar hamısı akkreditasiya qaydaları ilə tənzimlənməlidir. Akkreditasiya qaydaları təsdiq olunmalıldır və akrititə olunan ixtisaslar üzrə distant təhsil verilməlidir. Belə ki, müəyyən ixtisas üzrə distant təhsil vermək istəyən universitet, müvafiq akkreditasiya qaydalarından keçməlidir. Bütün dünyada, bu qayda belədir. Türkiyənin özündə, məsələn 10 universitet var ki, tibb təhsili verir. Amma onlardan 4-ü akrititə olunub. Bu universitetlərdə verilən təhsil beynəlxalq standartlara cavab verir. Bizdə də, distant təhsil verilməsi üçün keyfiyyətli şəkildə akrititə qaydalarını hazırlamaq lazımdır. Bu qanunvericilikdə də əksini tapmalıdır. Mən keyfiyyətli distant təhsilin tətbiqinin tərəfdarıyam. İndi bütün dünyada distant təhsil formasından istifadə edirsə, Azərbaycan universitetlərinə də bu şərait yaradılmasının zəruri olduğunu düşünürəm”.

"Əgər dünya təcrübəsində bu təhsil forması varsa, qonşu ölkələrdə bu varsa, biz niyə geri qalaq?”

Millət vəkili Çingiz Qənizadə də distant təhsil formasının Azərbaycanda tətbiqinin tərəfdarı olduğunu bildirdi: "Mən distant təhsil ölkəmizdə tətbiqinin tərəfdarıyam. Ədalət müəllimin fikirlərini dəstəkləyirəm. Distant təhsillə bağlı uzun müddətdir müzakirələr getsə də, hələ də Azərbaycanda tətbiqi mexanizmləri təsdiqlənməyib. Əgər dünya təcrübəsində bu təhsil forması varsa, qonşu ölkələrdə bu varsa, biz niyə geri qalaq?”

Çingiz Qənizadə qeyd etdi ki, bu gün bizim ali məktəblərdə tələbələrə davamiyyətə, dərs saatında iştirak etməməsinə və sair məsələlərə görə cərimə tətbiq olunması, onlardan pul alınmasının da əleyhinədir: "Tələbə dərsdə iştirak elədi, ya eləmədi, aktivlik və ya passivlik göstərdi, sonda imtahan verir. Ola bilər ki, tələbə semestr ərzində 6-7 dəfə və daha çox dərsə gəlməsin. Amma bu o demək deyil ki, o tənbəl və ya savadsız tələbədir. O gəlib imtahanda elə bir nəticə göstərə bilər ki, hər gün dərsə gələnlərdən qat-qat artıq olar. Necə ki, bu gün bizim kənd məktəblərində təhsil alıb gəlib 700 bala yaxın nəticə göstərən abituriyentlərimiz olur. Bu baxımdan biz o köhnə qaydalardan imtina etməliyik və müasirləşməliyik. Distant təhsil də müasir dövrün tələbidir və mən Ədalət müəllimin bununla bağlı təkliflərini dəstəkləyirəm”.

"Distant təhsil alan tələbələr üçün normal şərait yaradılarsa, Azərbaycan universitetlərinə axın ola bilər”

Millət vəkilinin sözlərinə görə, "Ali təhsil haqqında” Qanun parlamentdə müzakirəyə gəldikdə o da bununla bağlı təkliflərlə çıxış edəcək: "Şübhəsiz ki, bu qanun layihəsi Milli Məclisə gəldikdə, 3 dəfə plenar iclasa çıxarılacaq. Mən də müzakirələrdə aktiv iştirak edənlərdən biri olacağam. Düşünürəm ki, bu təhsil formasının Azərbaycanda tətbiq mexanizmləri qısa bir zamanda hazırlanıb, təsdiqlənməlidir.”

220ac83c-e85e-474f-8b61-295786e1dbda_640
Çingiz Qənizadənin sözlərinə görə, distant təhsilin tətbiqi Azərbaycana xaricdən tələbə axını, universitetlərimizin pul qazanması ehtimalını da artırır: "Əlbəttə, bunu indidən qəti şəkildə söyləmək olmaz. Ancaq Azərbaycan bugün dünyanın ən stabil, ictimai-siyasi sabitliyi olan ölkələrdən biridir. Ölkəyə turist axınının artmasının səbəblərindən biri də budur. Təbii ki, distant təhsil alan tələbələr üçün normal şərait yaradılarsa, bu istiqamətdə Azərbaycan universitetlərinə axın ola bilər. Hər halda biz yeniliyə imza ataq və onun müsbət nəticələrini də yəqin ki, addım-addım görəcəyik”.

"Xarici universitetlər bu təhsil formasından milyardlar qazanır…”

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz "Facebook” səhifəsindən paylaşdığı yazıda isə Təhsil Nazirliyi distant təhsil formasının tətbiqindən ehtiyat etməsinin başadüşülən olmadığını bildirib: "Uzun müddətdir ki, ölkədə distant təhsilə başlamaqla bağlı müzakirələr aparılır.

Bundan 7-8 il öncə Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə bəzi cəhdlər olmuşdu. Beynəlxalq təcrübənin öyrənilməsi və yerli qanunvericilik də nəzərə alınmaqla hüquqi bazanın hazırlanması üçün konkret addımlar atılmışdı.

Multimedia Mərkəzi olaraq biz ölkədə distant təhsilin təşkili ilə bağlı zəruri hüquqi sənədlərin layihəsini də hazırlayıb Təhsil Nazirliyinə təqdim etmişdik. Amma nədənsə ötən müddət ərzində Təhsil Nazirliyi bu sahəyə ciddi diqqət yetirməyib.

Gizli deyil ki, bu formada təhsil xidmətlərinin təşkilində biznes daha çoxdur. Xarici universitetlər tanıyıram ki, bu təhsil formasından milyardlar qazanır. Bunu Amerikada, Oklahoma Universitetində olduğum zaman, Distant Təhsil Mərkəzinin işi ilə tanış olanda da müşahidə etmişdim. Elə Azərbaycanda da bizim tələbələrimiz hesabına bu təhsil forması ilə milyonlar qazanan xarici universitetlər oldu. Təhsil Nazirliyi hansı risklərdən ehtiyat edir və ya kimlər bu təhsil formasında maraqlı deyil?”

"Nə üçün Təhsil Nazirliyi buna start vermir, anlaşılmır…”

Osman Gündüzün sözlərinə görə, bir neçə gün öncə UNEC özünün distant təhsil formasına hazır olduğunu əyani olaraq nümayiş etdirdi: "Bundan öncə də biz bu universitetdə həmin mərkəzdə olmuşduq və bu təhsil qurumunda distant təhsil formasına hazırlıq üçün ciddi işlər aparıldığının şahidi olmuşduq.
Bir neçə gün öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da burada olub və distant formada təşkil olunacaq Çin dili kursları ilə tanış olub.
Beləliklə, qanunvericilikdə bu təhsil forması nəzərdə tutulub, güman ki, təkmilləşdirilməsinə ehtiyac olacaq hüquqi baza da var və ali təhsil qurumlarının da bəziləri artıq buna hazırdır.
Belə olan halda nə üçün Təhsil Nazirliyi buna start vermir, anlaşılmır.
Düşünürəm ki, Təhsil Nazirliyi ləngimədən distant təhsil formasına ilk öncə xarici tələbələr üçün, həmçinin də, təkrar ali təhsil, yenidənhazırlıq və əlillərin təhsili üçün start verməlidir.

Bu məqsədlə Təhsil Nazirliyində Komissiya yaradılmalıdır. Komissiya təhsil müəssisələrinin buna hazırlığını kompleks yoxlayıb distant təhsil formasına başlamaq üçün lisenziya verməlidir.
Əgər Təhsil Nazirliyi bunu etmək istəmirsə, onda universitetlərə bununla bağlı müstəqillik verilməlidir”.

gunduz

"Tədris prosesi, idarəetməsi rəqəmsallaşmayan universitetlərə distant təhsilə icazə verilə bilməz”

Osman Gündüz onu da qeyd edib ki, distant təhsil üçün universitetlərdə Distant Təhsil mərkəzi, sertifikatlaşmış kadrlar və yetərli elektron tədris vəsaitləri olmalıdır: "Əgər imtahan məsafədən təşkil olunacaqsa tələbələrin identifikasiya mexanizmləri hazırlanmalıdır.

Tədris prosesi, idarəetməsi rəqəmsallaşmayan universitetlərə distant təhsilə icazə verilə bilməz.
Hazırda həm MDB məkanında , həm də xaricdə xeyli sayda tələbələr var ki distant formada təhsil almaq istəyirlər. Onlar bunun üçün pul da ödəməyə hazırdırlar. Bu mexanizmlər işə düşsə, elə özümüzün də xeyli sayda gənclərimiz ali təhsilə yiyələnə biləcəklər.

Son zamanlar universitetlərin əksərində rüşvət və korrupsiya yığışdırılıb. Universitetlər təhsilin inkişafı üçün əlavə vəsaitlər tapmalıdırlar. Təhsil haqqını qaldırmaq da əlavə problemlər yaradır.
Distant təhsil forması isə universitetlər üçün həm də əlavə imkanlar deməkdir.
Ümumiyyətlə, ölkəmizdə bu təhsil formasının tətbiqinin təhsil sahəsinin rəqəmsallaşmasına, ölkədə rəqəmsal transformasiyanın güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasına ciddi təkan verəcəyinə əminəm.
Düşünürəm ki, Təhsil Nazirliyi tez bir zamanda bu məsələyə diqqət yetirməlidir”./azpolitika.info/



Oxşar Xəbərlər

Xəbər lenti