11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi Azərbaycan xalqının üzləşdiyi ən ağır faciələrdən, hərbi cinayətlərdən biri olmuşdur. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması və barbarlıq siyasətinin bariz nümunəsi idi.
Kəlbəcər coğrafi mövqeyinə görə ağır şərtlər altında müdafiə oluna bilmişdir. İşğal zamanı 511 dinc sakin erməni təcavüzkarları tərəfindən qətlə yetirilmiş, 321 nəfər isə əsir götürülərək itkin düşmüşdür. Əhali - qadın, uşaq və yaşlılar dəhşətli şəraitdə, qarlı dağ yolları ilə öz doğma yurdlarını tərk etməyə məcbur oldular. İşğal nəticəsində Kəlbəcər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
İşğal nəticəsində Kəlbəcərdəki 147 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, maddi-mədəni irs nümunələri məhv edilmiş və ya talan olunmuşdur. Rayonda mövcud olan onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. Həmçinin, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek yararsız hala salınmışdır. Minlərlə mənzil, yüzlərlə inzibati bina talan edilmiş, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Beynəlxalq ictimaiyyət Kəlbəcərin işğalına laqeyd qalmamışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi Ermənistanı işğalçı qüvvələri Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarmağa çağırmışdır. Lakin rəsmi İrəvan beynəlxalq hüququn tələblərinə məhəl qoymayaraq həmin Qətnaməni 27 il ərzində icra etməmişdir. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başlanılmışdır. Bu, Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi sayəsində Kəlbəcər və digər işğal edilmiş ərazilərimiz nəhayət ki, azadlığına qovuşdu.
44 günlük Vətən müharibəsindəki zəfər nəticəsində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər (ermənilər) öz vəhşi xislətlərini növbəti dəfə nümayiş etdirdilər. Onlar azərbaycanlılara qalmaması üçün evlərə, bağlara, meşələrə od vurdular, mülki obyektləri dağıtdılar. İşğal olunmuş ərazilərdə ekologiyaya qəsdən ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli xanım Mehriban Əliyeva illər boyu bu faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması, habelə məcburi köçkünlərin sosial problemlərinin həllində və mədəni irsin qorunmasında böyük fəaliyyət göstərmişdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə daxilində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm layihələr icra etmişdir.
Kəlbəcərin işğal tarixi, beynəlxalq hüququn pozulması və barbarlıq siyasətinin acı nəticələrinin bariz nümunəsidir. Lakin bu torpaqlar şəhidlərimizin qanı və qazilərimizin şücaəti və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində azad edildi. Hal-hazırda Kəlbəcərə öz sakinləri qayıdır və dirçəldir.
Dadaş Babazadə
Suraxanı rayonu, 89 №li tam orta məktəbin direktoru
Sozcu.info