11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
25 Noyabr – Kəlbəcər şəhəri günü təkcə Vətən müharibəsinin şanlı səhifələrindən biri kimi deyil, həm də Azərbaycanın minilliklərə dayanan zəngin tarixinin və mədəniyyətinin təcəssümü kimi qeyd edilir. İşğaldan azad edilməklə əbədi türk yurdu olan bu dilbər guşə öz sahiblərinə qovuşdu.
Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” (qalabaçar) mənasını verir. Bu ad minilliklər boyu ərazinin coğrafi mövqeyi və müdafiə əhəmiyyəti ilə sıx bağlı olmuşdur. Kəlbəcər 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri ilə seçilir. Arxeoloji tədqiqatlar bu ərazidə daş dövründən başlayaraq davamlı məskunlaşmanın olduğunu sübut edir. Tərtər çayı boyunca qayalıqlarda cərgə ilə düzülmüş qədim süni mağaralar, o cümlədən Ləv çayının yuxarı axınında yerləşən Xotavəng ətrafındakı yaşayış yerləri bu qədimliyin bariz nümunələridir. Bölgənin mağara düşərgələri ilk insan məskənlərindən xəbər verir.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi qiymətli meşəliklərdən ibarətdir. Rayon qərbdə Ermənistan Respublikası ilə həmsərhəddir ki, bu da onun hərbi-strateji əhəmiyyətini artırır. Kəlbəcər 1930-cu ildə inzibati rayon statusu alıb. İşğala qədər rayonun əhalisi 53 478 nəfər, ərazisi 3054 kv. km idi və 1 şəhər, 1 qəsəbə, 145 kənddən ibarət idi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə və milli dövlətçilik ideyaları Ümummilli Lider Heydər Əliyev irsinin təməlini təşkil edir. Ulu Öndər hər zaman Azərbaycanın ərazi bütövlüyünü ali məqsəd elan etmiş, bu yolda ardıcıl siyasət yürütmüşdür. Məhz bu irs bu gün Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Kəlbəcərin və digər işğal edilmiş ərazilərin azadlığı ilə nəticələnmişdir. Heydər Əliyevin bərpa etdiyi güclü Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində bu irsə layiq olduğunu sübut etdi.
Kəlbəcərin azad edilməsi Vətən müharibəsində canını fəda edən şəhidlərimizin qanı və qazilərimizin misilsiz şücaəti sayəsində mümkün olmuşdur. Onların xidmətləri, göstərdikləri vətənpərvərlik nümunələri tariximizə qızıl hərflərlə yazılmışdır. Bu qəhrəman oğullarımızın adı Kəlbəcər torpağının azadlığı rəmzi kimi əbədiləşdirilmişdir.
Kəlbəcər təkcə coğrafi bir məkan deyil, Azərbaycanın qədim tarixinin və mədəniyyətinin canlı abidəsidir. İşğaldan sonra 25 Noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi, bölgənin tarixi ədalətə qovuşmasının təntənəsidir.
Hacızadə Sevinc
Suraxanı rayonu, F.İsmayılov adına 79 №li tam orta məktəbin direktoru
Sozcu.info