Zəfər: Vətən Müharibəsində Kəlbəcərin Azad Edilməsi və Siyasətin Uğuru

Kəlbəcərin azad olunması Vətən müharibəsinin həlledici və strateji əhəmiyyətli mərhələlərindən biri olmuşdur. Bu, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbi gücünün və Azərbaycan diplomatiyasının siyasi iradəsinin zəfəridir.

Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir”. Strateji baxımdan vacib olan bu yüksəkliklərin nəzarətə götürülməsi erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırdı və faktiki olaraq onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsi iflic vəziyyətə düşdü. Şuşanın azad edilməsindən sonra Ermənistan hərbi-siyasi rəhbərliyi müharibədə məğlubiyyəti qəbul etməyə məcbur oldu.

Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi heç bir itki olmadan, siyasi yolla işğaldan azad edilmişdir.

Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünü ali məqsəd elan etmişdir. Onun müəyyən etdiyi müstəqil siyasət və güclü ordu quruculuğu strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən Ali Baş Komandan kimi müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilmiş və Kəlbəcərin azadlığı ilə Şanlı Qələbəyə nail olunmuşdur.

Bu zəfərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları misilsiz şəxsi igidlik və şücaət nümayiş etdirmişlər. Müzəffər Ali Baş Komandanın sərəncamları ilə minlərlə hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Şəhidlərimizin qanı və qazilərimizin şücaəti sayəsində Kəlbəcər öz doğma yurduna qovuşdu. Onların xidmətləri dövlət və xalq tərəfindən daim uca tutulur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi müəyyən edilməsi, bu tarixi zəfərin təcəssümüdür.



Nizami Niftiyev 

Suraxanı rayonu, M.Bayramov adına 196 №li tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti